Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Qaradağ rayonuna Ümummilli lider Heydər Əliyevin adının verilməsi təklifi dəyərləndirilməyə layiqdir

Baxılıb: 641     Tarix: 04-09-2023 12:25   

Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar 1923-cü il may ayında yaradılmış Qaradağ rayonu Azərbaycan xalqının Ümummilli lideri, bu il anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevlə həmyaşıddır. Rayon 1937-ci ilədək Mikoyanın, 1956-cı ilədək Molotovun adını daşıyıb. 1956-63-cü illərdə Qaradağ rayonu adlandırılsa da, 1963-66-cı illərdə adı dəyişdirilərək Əzizbəyov, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılıb. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır.
Qaradağ rayonuna ən böyük dəyəri məhz ulu öndər Heydər Əliyev verib
Ümummilli lider Heydər Əliyev Qaradağ rayonu haqda demişdir: “Qaradağ rayonunun Azərbaycanın xəritəsində, iqtisadiyyatında özünəməxsus yeri vardır. Burada böyük sənaye müəssisələri yerləşir. Qaradağ rayonu Azərbaycanın bu keçid dövründə problemlərin həll olunmasında çox səylər qoyur və mən bəyan etmək istəyirəm ki, Bakı şəhərinin başqa rayonları ilə müqayisədə buradakı işlər bizim üçün daha da qiymətlidir. Əminəm ki, Qaradağ rayonu bundan sonra Azərbaycanın iqtisadiyyatında daha da böyük rol oynayacaq”. Elə rayondakı iri sənaye müəssisələrinin çoxunun əsasını dahi rəhbər Heydər Əliyev qoyub, rayonunun sosial-iqtisadi inkişafında əhəmiyyətli rol oynayıb. Ona görə də millət vəkili Aydın Hüseynovun Milli Məclisdə çıxışlarından birində səsləndirdiyi Qaradağ rayonunun adının dəyişdirilərək, mərhum Prezident Heydər Əliyevin adının verilməsi təklifi dəyərləndirilməyə layiqdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda əhalinin rifahının daha da yüksəldilməsi üçün həyata keçirilən layihələr, infrastrukturların salınması, kommunal xidmət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Son illərdə dövlət rəhbərliyi tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar paytaxt Bakının Qaradağ rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət etmişdir. Qaradağ rayonu bu gün sosial-iqtisadi cəhətdən ən çox inkişaf edən rayona çevrilib. Sənaye və iqtisadiyyat tariximizdə, xüsusən də qaz və neft sahəsində Qaradağın rolu hər zaman böyük olub. Rayon ərazisində Ələt azad iqtisadi zonasının yaradılması bu rayonun iqtisadi və sənaye potensialını göstərən əsas amillərdən biridir. Puta qəsəbəsində tikilən və Cənubi Qafqazda ən iri sənaye müəssisələrindən biri olan Metanol zavodu hazırda dünya bazarına metanol idxal edir və öz keyfiyyətli məhsulu ilə tərəfdaşlarının rəğbətini qazanıb. Rayonun Səngəçal qəsəbəsində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması üçün 1875 hektar yer ayrılması və bu sahədə işlərin həyata keçirilməsi də təqdirəlayiq haldır.  İqtisadçı ekspertlər proqnoz edirlər ki, yaxın gələcəkdə bu rayon bütün dünyanın diqqətini özünə cəlb edəcək.
 
Abadlıq-quruculuq işləri geniş vüsət almışdır
Təcrübəli dövlət qulluqçusu, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi altında rayonda sosial və iqtisadi planda çox mühüm işlər görülür. Pandemiyanın və Vətən müharibəsinin sınaqlarına baxmayaraq, ötən üç - dörd ildə rayonun makroiqtisadi göstəriciləri qənaətbəxş olub, əhalinin məşğulluğunun təmini istiqamətində tədbirlər mütəmadi davam etdirilib, ərazidə abadlıq-quruculuq işləri qaydasında gedib, infrastruktur layihələri gerçəkləşdirilib.
Son illər Qaradağ rayonu ərazisində abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisində yüzlərlə ümumi yaşayış binalarının fasadlarında əsaslı təmir işləri görülmüş, küçələr boyu yaşıllıq zolaqları, yeni parklar inşa edilmiş,, işıqlandırma və oturacaqlar dəyişdirilmiş, bir çox ünvanlara asfalt örtüyü vurulmuş, yeni bardyurlar qoyulmuş, liftlər yenisi ilə əvəz olunmuş, binalarda yüzlərlə pəncərə və qapı dəyişdirilmişdir. Küçələrdə səki daşları, suaxıdıcı boru və navalçalar dəyişdirilmişdir. II Qarabağ Müharibəsi şəhidlərinin yaşadıqları mənzillərdə əsaslı təmir işləri aparılmış və barelyefləri binaların girişinə, eləcə də bəzi küçələrə və parklara vurulmuşdur. Ümumi yaşayış binalarının həyətlərinə “Abad həyət” layihəsi çərçivəsində söhbətgahlar, oturacaqlar, müxtəlif növ uşaq-oyun elementləri, müxtəlif turnik və idman qurğuları, kənarları bağlı stadionlar quraşdırılmışdır. Həmçinin, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə yanaşı, çoxmənzilli binaların dam örtüyünün təmiri işləri sürətlə davam etdirilir, bu günə qədər ayrılmış vəsait hesabına çoxmənzilli binanın dam örtükləri təmir edilib, binalarda istismara yararsız liftlər yenisi ilə əvəz edilir. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub. İstismar müddəti bitmiş, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, qəzalı vəziyyətdə olan sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi layihələri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır.
Hər gün ərzində şəhərin müxtəlif ərazilərində mütəmadi olaraq təmizlik və abadlıq işləri aparılır. Belə ki,  yaşıllıqlara xüsusi qulluq göstərilir, ağac və gül kolları əkilir, işıq dirəkləri yuyulur və rənglənir, istifadə müddəti bitmiş lampalar yeniləri ilə əvəz olunur, çoxmənzilli yaşayış binalarının fasadları təmir edilir, dayanacaq və köşklər yuyulur, ünvan lövhələri yenilənir. Magistral yollarda kürəbəndlər təmizlənir, binaların zirzəmisində sanitar-təmizlik və dezinfeksiya işləri aparılır, mənzillərin tüstü və hava kanalları  təmizlənir. Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə vaxtaşırı olaraq paytaxtın bütün rayonlarında olduğu kimi, Qaradağ rayonunun ərazisində iməciliklər keçirilir. 02 sentyabr 2023-cü il tarixində Qaradağ rayon İcra Hakimiyyətinin iməcilik təşəbbüsünə rayon ərazisində fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlar qoşulmuşlar. İməclikdə sənaye, təhsil, səhiyyə, mədəniyyət işçiləri ilə yanaşı, özəl sahədə çalışan sahibkarlar da iştirak ediblər. Həmin gün səhər tezdən rayonun küçələrində, səki kənarları, səkilər və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, reklam lövhələri, ağaclar və yaşıllıq zolaqları yuyulmuş, zədələnmiş ağaclar budanmış, yeni yaşıllıqlar əkilmiş, digər təmizlik və dezinfeksiya işləri görülmüşdür. Qeyd edək ki, Rayon İcra Hakimiyyəti rayonda fəaliyyət göstərən sahibkarlara obyektlərində təmizlik işləri aparmaqla obyektlərin pəncərələrinin yuyulması və digər dezinfeksiya işlərinin aparılması tövsiyə olunmuşdur. Bundan başqa ərazidə zibilliklər yığışdırılmış, yaşıllıqlara müvafiq qulluq göstərilmişdir.
 
Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər diqqət mərkəzindədir
Rayonda vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə səyyar qəbullar davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər zamanı sakinləri narahat edən məsələlər yerində araşdırılır.
Torpaqlarımızın 30 illik işğaldan qurtulması ilə nəticələnən Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin ailələri, qazilər, onların qayğı və problemləri şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Görüşlərdə iştirak edən sakinlərin və həssas kateqoriyadan olan şəxslərin müraciətləri tək-tək dinlənilir. Müraciətlərin əsasını şəhid adının əbədiləşdirilməsi, mənzil uçotuna götürülmə, maddi yardımın göstərilməsi, fərdi yaşayış evinin təmiri, dərman preparatlarının verilməsi və digər məsələlər təşkil edir.
Səsləndirilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapır, digərlərinin araşdırılaraq qanunamüvafiq formada həlli üçün adiyyətı üzrə tapşırıqlar verilir. Sakinlər, o cümlədən şəhid ailələri, qazilər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə edirlər.
Onu da qeyd edək ki, Qaradağ rayonu ərazisində qeydiyyatda olan şəhid ailələri və Vətən müharibəsi əlilləri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamları ilə mənzil növbəsinə götürülmüş və onlardan çoxu artıq mənzillə təmin olunmuşdur. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında xeyli sayda şəhid ailələri üzvləri və Vətən müharibəsi iştirakçıları işlə təmin olunmuşdur.
Qaradağ rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən rayonun şəhid ailələri ilə mütəmadi görüşlərin keçirilməsi davam edir. Şəhidlərin doğum günü ilə əlaqədar olaraq Qaradağ rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayondan seçilmiş millət vəkilləri, digər idarə və müəssisə rəhbərləri, şəhidlərin hərbçi yoldaşları və ailələri ilə birlikdə şəhidlərin məzarları ziyarət olunur və üzərlərinə gül dəstələri qoyulur. Cənab Süleyman Mikayılov şəhid ailələrinə baş sağlığı verir və vətən üçün canından keçən övladların heç zaman unudulmayacağını bildirir. Bundan əlavə, ölkə rəhbərliyinin şəhid ailələrinə daimi diqqət və qayğısının olduğu və bunun davamlı olacağı ziyarət iştirakçılarının diqqətinə çatdırılır.
Təkcə ötən ay ərzində - avqustun 2-də şəhid Aslan Əliyevin, avqustun 3-də şəhid Yalçın Cavadovun, avqustun 5-də şəhid Cavanşir  Əhmədovun, avqustun 8-də şəhid Ələddin Xəlilovun, avqustun 10-da Şaiq Kəlbiyevin, avqustun 14-də şəhid Rafiq İbadovun və Balazədə Abdullayevin ailələri ilə görüşlər keçirilmiş, avqustun 17-də şəhid Pünhan Abbasovun, avqustun 25-də şəhid Səməndər İsmayılzadənin, avqustun 29-da şəhid Elnur İbrahimovun, avqustun 30-da şəhid Kamal Mirzəliyevin xatirələri ehtiramla yad edilib.
 
Gənclərin inkişafına qayğı və diqqət yüksək səviyyədədir
Ulu öndər Heydər Əliyev 1999-cu il iyulun 29-da imzaladığı "Dövlət gənclər siyasəti haqqında" fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev ölkəyə rəhbərliyə başladığı gündən gəncliyin inkişafını prioritet vəzifə kimi qarşıya qoyub. Hazırda Azərbaycanda həyata keçirilən gənclər siyasəti dünyanın istənilən ölkəsinə nümunə ola bilər. Azərbaycanda Gənclər Fondu yaradılıb, gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində təhsil alması üçün dövlət proqramı həyata keçirilir. Azərbaycan gəncləri müxtəlif bilik və idman yarışlarında, olimpiadalarda yüksək nəticələr göstərirlər. Mötəbər idman yarışlarında gənclərimiz Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar.
Bakının Qaradağ rayonunda da gənclərin inkişafına diqqət və qayğı yüksək səviyyədədir. 31 avqust 2023-cü il il tarixdə Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “Sağlam həyat – sağlam gələcək” mövzusunda Heydər Əliyev Parkında sərgi təşkil olunub. Tədbirdə Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov, Qaradağ rayonu İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Səmayə Şıxəliyeva, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin və Ə.Əmirov adına Mədəniyyət Sarayının əməkdaşları  iştirak ediblər.
Bakı şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu üzrə gənclər və idman sektorunun müdiri Elçin Abbasov sərginin keçirilməsində məqsədin sağlam həyat tərzini təbliğ etmək, ictimaiyyəti bu sahədə maarifləndirməyə səsləmək olduğunu bildirib. Böyüməkdə olan nəsli idman sektorlarına yönəltməklə bərabər, neqativ hallarla mübarizədə görülməsi vacib oilan işlərdən danışan çıxışçı zərərli vərdişlərin insan orqanizminə məhvedici təsirindən, onların doğurduğu faciələrdən söhbət açaraq bu halların qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin cəlb edilməsi, təşkilatlar və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
Həm iştirakçılar, həmdə yerli sakinlər tərəfindən sərgiyə baxış keçirilib. Diqqəti daha çox cəlb edən gənc rəssamların canlı olaraq çəkdikləri rəsmlər olub. Onlar çədikləri rəsmlərin mənası, rəng çalarları, hansı düşüncələr yaratmaq ehtimalı barədə sərgi iştirakçılarına məlumat veriblər. Tədbirin gedişi zamanı sakinlərə sağlam həyatı aşılayan bukletlər, narkomanlıq, tütün məmulatları, alkoqollu içkilərlə mübarizə üzrə maarifləndirici broşürlər paylanıb.
Qaradağ rayon sakini Aqil Zaur oğlu İsrailov Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin Avropa çempionatında 17 yaşadək oğlanlar kateqoriyasında çıxış edərək çempionatın qızıl medalını Azərbaycana gətirib. Bu münasibətlə Qaradağ Rayon İcra Hakimiyyətində “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbi Publik hüquqi şəxsin şagirdi Aqil İsrailov və onun müəllimi Cavid Səmədovla görüş keçirildi. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov gənc şahmatçını və onun müəllimini ürəkdən təbrik edib. Daha sonra Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda təşkil edilib keçirilən Ümümdünya Şahmat Olimpiadası, beynəlxalq şahmat festivalları kimi tədbirlər haqda məlumat verib. Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün idman növlərinə olduğu kimi, Azərbaycan şahmatına da xüsusi diqqət və qayğı göstərildiyini bildirib. Avropa çempionu Aqil İsrailov rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olduğunu bildirib, gələcəkdə də etimadı doğruldacağına söz verib. Qaradağ rayonunda yerləşən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbi Publik hüquqi şəxsin direktoru Natiq Ələkbərov göstərilən qayğıya görə dövlət başçısına öz təşəkkürünü bildirib. Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Aqil İsrailov və onun müəllimi Cavid Səmədova Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim edib.
 
Qaradağ rayonunun turizm potensialı böyükdür
Qaradağ rayonunun təbii şəraiti və burada yaşayan insanların həmin şəraitə uyğunlaşan həyat tərzi min illər ərzində formalaşmışdır. Müvafiq olaraq ərazinin tarixi-arxeoloji abidələri də lokal xüsusiyyətləri ilə seçilirlər.
Sahəsi Bakının ümumi sahəsinin yarısından çoxunu əhatə edən Qaradağ rayonu karvan yollarının üzərində yerləşmisdir. Qədim İpək yoluna xidmət edən infrastruktur - orta əsr karvansarayları, ovdanlar başqa rayonlara nisbətən rayonumuzun ərazisində daha çox olmuş və günümüzə qədər qorunub saxlanılmışdır. Bununla yanaşı UNESCO siyahısına daxil olan Qobustan qoruğu da Qaradağ rayonunda yerləşir. Qədim abidələrə qoruq ərazisindən başqa rayonun digər yerlərində də rast gəlinir. Buraya yaşayış yerləri, kurqan tipli qəbir abidələri, qayaüstü təsvirlər, daş yollar, dini-memarlıq kompleksləri və s. ölkə əhəmiyyətli abidələr daxildir. Bunlar Qaradağ rayonunda bütün tarixi mərhələlərdə intensiv həyatın olduğunu göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əlavə olunmuş siyahılara əsasən Qaradağ rayon ərazisində yerləşən dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi nəzarətə götürülmüş, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hərəkətlərin qarşısı alınması üçün müvafiq tapşırıqlar verilmişdir.
Qaradağ rayonu ərazisində Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında“ 2295 saylı və “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 500 saylı sərəncamlarin  icrası təmin edilməkdədir.
Sanqaçal qəsəbəsində yerləşən XV əsrə aid olan Karvansarayda təmizlik işləri aparılmışdır. Turistlərin ziyarət etdiyi bu tarixi abidə Qaradağ Rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır.
UNESCO-nun maddi irs siyahısına salınan və dünya əhəmiyyətli Qobustan qoruğunda son illər infrastruktur yenilənib. Qoruqda turistlərin ziyarəti üçün hər cür şərait yaradılıb. Burada mütəxəssislərin ən müasir texnologiya ilə tədqiqatlar aparılır. Rayon rəhbərliyi Qobustan qoruğunu hər zaman diqqət mərkəzində saxlayır. Qobustan Dövlət Tarixi-Bədii Qoruğunda yeni muzey inşa edilib, ərazidə yenidənqurma işləri aparılıb, qoruğa gedən yol müasir standartlar səviyyəsində çəkilib. Qobustandakı Böyükdaş zirvəsində açıq səma altında muzey yaradılıb.
Qaradağ Rayon İcra Hakimiyyətində rayonun turizm potensialı vaxtaşırı müzakirə olunur. Hələlik sonuncu belə müzakirə avqustun 9-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Bakı-Abşeron Regional Turizm İdarəsinin rəisi Rauf Səfərovla görüşündə baş tutmuşdur. Görüşdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamdan irəli gələn məsələlər geniş müzakirə olunmuşdur. Görüşdə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən rayonda turizm potensialının aşkarlanması və müvafiq təkliflərin hazırlanması məqsədi ilə yaradılmış monitorinq qrupunun gördüyü işlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycan Respublikasının turizm potensialı olan ərazilərində dövlət-sahibkar tərəfdaşlığı əsasında turizm və rekreasiya zonalarının yaradılması barədə hazırlannmış təkliflər müzakirə olunmuşdur.
 
Qanunsuz tikinti işlərinin qarşısı alınır
Qəsəbələrdə qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdirilir.Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlərin aparılır. Bu məqsədlə 06 - 07 iyul 2023-cü il tarixlərində Lökbatan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə, 04-05 avqust 2023-cü il tarixlərində Qaradağ rayonu, Müşviqabad və Ələt qəsəbələrində, 19 avqust 2023-cü il tarixlərində Lökbatan, Puta, Korgöz və Qobustan qəsəbələrində monitorinq aparılmışdır. Keçirilmiş monitorinq nəticəsində yerlərdə ayrı-ayrı şəxslər tərəfindən torpaq sahələrinin zəbt olunaraq qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilmişdir. Qanunsuz hasara alınmış sahələrdə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılmışdır. Həmçinin, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etmədən inşa edilmiş, lakin tamamlanmamış yaşayış təyinatlı tikililər tamamilə sökülmüşdür.
 
Əhalinin qida təhlükəsizliyinin vəziyyəti nəzarətdə saxlanılır
Qaradağ rayonunda əhalinin qida təhlükəsizliyinin təmin olunması üçün monitorinqlər davam etdirilir və vəziyyət nəzarətdə saxlanılır. Qanunsuz ət kəsimi və satışının qarşısının alınması məqsədi ilə Qaradağ Rayon İcra Hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində birgə monitorinqlər keçirirlər. Məsələn, iyulun 6-da rayonun Sahil qəsəbəsində ət kəsimi və satış məntəqələrindəki baytarlıq sanitariya vəziyyəti, sanitar-gigiyena normalarına əməl edilməsi halları yerində araşdırılmışdır. Araşdırma nəticəsində 10 ət kəsimi və satışı ilə məşğul olan sahibkarlıq subyektlərindəki qanun pozuntuları və antisanitar vəziyyətin aradan qaldırılması üçün kəsim və satış yerlərinin sahiblərinə xəbərdarlıqlar edilmiş, ciddi nöqsanlar aşkar olunan məntəqələrdə qanunamüvafiq qaydada protokollar və cərimələr tətbiq edilmişdir.
İnanırıq ki, Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılovun rəhbərliyi altında Qaradağ rayonunun sosial–iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, insanlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi və s. istiqamətdə görülən işlər 2023-cü ilin qalan yarısında da uğurla davam etdiriləcəkdir.

Tural Əhədov,
Qaradağ rayon sakini, Vətən müharibəsi iştirakçısı

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar