Lənkəranda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Lənkəranda dövlət siyasətinin prioritetləri, rayonun sosial-iqtisadi inkişafı, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizlik məsələlərinə həsr olunan ümumrayon müşavirəsi keçirilib.
Oktyabrın 20-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrin müzakirəsinə həsr olunmuş ümumrayon müşavirəsi keçirilib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Müşavirədə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflər, ölkənin milli təhlükəsizliyinin möhkəmləndirilməsi, müstəqilliyin qorunması və iqtisadi inkişaf istiqamətində qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. O, rayonda kənd təsərrüfatının inkişafı, şəhər infrastrukturunun yenilənməsi, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin təmin olunması istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Qeyd olunub ki, Lənkəranın sosial-iqtisadi potensialından səmərəli istifadə edilməsi, əhalinin məşğulluğunun artırılması və yerli istehsalın genişləndirilməsi rayonun inkişaf prioritetləri sırasında mühüm yer tutur. Xüsusilə çəltikçilik, çayçılıq, sitrusçuluq və çiyələkçilik kimi ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi, bu istiqamətlərdə müasir yanaşmaların tətbiqi və istehsal imkanlarının genişləndirilməsi diqqət mərkəzindədir.
Taleh Qaraşov bildirib ki, əkin sahələrinin genişləndirilməsi, yerli emal müəssisələrinin yaradılması və məhsuldarlığın yüksəldilməsi istiqamətində sistemli işlər aparılır. Aqrar sahədə həyata keçirilən tədbirlər kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də rayon sakinləri üçün yeni daimi və mövsümi iş yerlərinin yaradılmasına xidmət edir.
Müşavirədə şəhər infrastrukturunun müasirləşdirilməsi məsələlərinə də toxunulub. “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Lənkəran şəhərinin küçə və prospektlərində, park və istirahət məkanlarında, çoxmərtəbəli yaşayış binalarının fasadlarında abadlıq və yenidənqurma işlərinin aparıldığı bildirilib. Bununla yanaşı, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin gündəlik həyatına təsir edən kommunal problemlərin həlli və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Vurğulanıb ki, su və kanalizasiya şəbəkələrinin yenilənməsi, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi rayonun dayanıqlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçirilən layihələrin sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına və daha sağlam yaşayış mühitinin formalaşdırılmasına töhfə verməsi nəzərdə tutulur.
Müşavirənin əsas müzakirə mövzularından biri də milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizlik məsələləri olub. Dövlət başçısının ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olması ilə bağlı fikirlərinə diqqət çəkilərək, cəmiyyətin milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik prinsiplərinin qorunmasının vacibliyi vurğulanıb.
Tədbirdə ölkənin dünyəvi dövlətçilik prinsiplərinə və milli-mənəvi dəyərlərinə zidd olan təsirlərə qarşı ayıq-sayıq olmağın, xüsusilə uşaqların və gənclərin sağlam dünyagörüşünün formalaşdırılmasına diqqət yetirməyin zəruriliyi qeyd edilib. Təhsil hüquqlarının qorunması, məktəblərdə sağlam mənəvi mühitin yaradılması və ailə-məktəb münasibətlərinin düzgün qurulması məsələləri də müzakirə olunub.
Bu istiqamətdə yerli icra nümayəndəliklərinə və təhsil müəssisələrinə valideynlərlə münasibətlərin təzyiq və qarşıdurma deyil, qarşılıqlı etimad, əməkdaşlıq və maarifləndirmə prinsipləri əsasında qurulmasının vacibliyi çatdırılıb. Bildirilib ki, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi formal tədbirlərlə məhdudlaşmamalı, cəmiyyətin bütün təbəqələrini əhatə edən ardıcıl və səmərəli maarifləndirmə işi ilə müşayiət olunmalıdır.
Daha sonra məruzə ətrafında çıxışlar dinlənilib. Lənkəran Rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Rasim Məmmədov adına Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin direktoru Mayis Kazımov, şəhid atası və Lənkəran Dövlət Universitetinin baş müəllimi Rəfail Heydərov, Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tofiq Rzayev, Lənkəran Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Əlimərdan Əliyev, Əməkdar müəllim, Səidəli Kazımbəyov adına Lənkəran şəhər 6 nömrəli lisey-gimnaziyanın direktoru Akif Xalıqov və Vətən müharibəsi iştirakçısı, Osakücə kənd tam orta məktəbinin hərbi rəhbəri Maksud Məmmədov müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda ideoloji təhlükəsizliyin təmin olunmasının, informasiya təxribatlarına qarşı cəmiyyətin məlumatlılığının artırılmasının və milli-mənəvi dəyərlərin qorunmasının vacibliyi vurğulanıb. Natiqlər dövlətin dünyəvi əsaslarına, milli kimliyə və cəmiyyətin mənəvi dayaqlarına yönələn mənfi təsirlərə qarşı mübarizədə həmrəyliyin, ictimai məsuliyyətin və vətəndaş fəallığının mühüm rol oynadığını bildiriblər.
Eyni zamanda, maarifləndirmə işində köhnəlmiş yanaşmalardan uzaqlaşmağın, formal tədbirlər əvəzinə real nəticələrə hesablanmış təşəbbüslərə üstünlük verməyin vacibliyi qeyd edilib. Bildirilib ki, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar və dövlət qurumları arasında sıx əməkdaşlıq sağlam cəmiyyətin formalaşmasına və gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsinə mühüm töhfə verə bilər.
Müşavirənin sonunda vurğulanıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi hər bir dövlət qurumunun, təhsil müəssisəsinin, ailənin və ictimaiyyət nümayəndəsinin üzərinə mühüm məsuliyyət qoyur. Rayonun sosial-iqtisadi inkişafının davam etdirilməsi, əhalini narahat edən məsələlərin həlli, milli-mənəvi dəyərlərin qorunması və ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti bir daha diqqətə çatdırılıb.
Seyfullayev Yadigar




















