“Belə hal bizim tərəfdən də baş verə bilər”

“Belə hadisələr bəzən baş verir. Ola bilər ki, azərbaycanlı çoban yolu azıb. Hərçənd, belə hal bizim tərəfdən də baş verə bilər. Hər iki tərəf bu cür hadisələrə konstruktiv yanaşır”.
Qanunvehedef.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan azərbaycanlı çobanın bu ölkənin ərazisinə keçməsi ilə bağlı iddiaları şərh edərkən bildirib.
“Şakidəki hadisəyə (azərbaycanlı hərbçi Nəsimi Musayevin Ermənistanın Şaki kəndinin ərazisində saxlanılması - red.) bənzər hallar da baş verə bilər. Burada da etiraf etmək lazımdır ki, yanaşmalar tamamilə adekvat olub”, - nazir bildirib.
Mirzoyan vurğulayıb ki, real həyatda bu cür hadisələri istisna etmək mümkün deyil. Onun sözlərinə görə, buna yalnız divar tikməklə nail olmaq olar: “Ümid edirəm ki, biz divarlar tikməyə başlamayacağıq, əksinə birgə həll yolları tapacağıq. Başa düşürəm ki, bu məsələnin pis tərəfləri də var. Yaxşı, bəs indi biz nə edək? Hər şeyi yarımçıq qoyub münaqişəyə qayıdaq? Bu, Ermənistan üçün heç də ən yaxşı yol deyil”, - XİN rəhbəri əlavə edib.
Xatırladaq ki, oktyabrın 21-də Ermənistan mətbuatında azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyinə dair xəbər yayılıb. Ermənistan Müdafiə Nazirliyi yerli mediaya məsələni şərh etməyib, Milli Təhlükəsizlik Xidməti isə bu barədə məlumata malik olmadıqlarını bildirib.
Qanunvehedef.az




















