Ukraynanın bir neçə şəhərində enerji obyektləri partladılıb
Baxılıb: 455 Tarix: 22-03-2024 12:30
Ukraynanın bir neçə bölgəsində eyni anda silsilə partlayışlar baş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bütün ölkə ərazisində hava hücumu xəbərdarlığının elan edildiyi deyilir.
Ukraynanın energetika naziri German Qaluşenkonun bildirdiyinə görə, Rusiyanın endirdiyi zərbələr nəticəsində əsasən elektrik enerjisi qurğularına, ötürücü və paylayıcı sistemlərə ziyan dəyib. Bəzi şəhərlərdə su təchizatı və rabitə ilə bağlı problemlər ortaya çıxıb.
Mənbə Ukraynada baş verən silsilə partlayışların coğrafiyasını açıqlayıb. Belə ki, Moskva vaxtı ilə saat 05:30 radələrində 14 regionda hava hücumu xəbərdarlığı elan edilib və bu, saat 05:45-də ölkənin bütün 20 regionunu və Kiyevi əhatə edib. Dnepr, İvano-Frankovsk, Kiyev, Krivoy Roq, Kropivnitski, Sumı, Xarkov, Xmelnitski, eləcə də Zaporojyedə partlayışlar barədə məlumatlar var.
Partlayışlar nəticəsində Vinnitsa bölgəsində mühüm infrastruktur obyekti zədələnib. Dneperin bir neçə bölgəsində elektrik enerjisi kəsilib. Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mühüm infrastruktur obyektlərinə ziyan dəyib, sakinlərə elektron cihazları doldurmaq və su ehtiyatı yığmaq tövsiyə olunub.
Zaporojyedə də infrastruktur obyektlərinə ziyan dəyib. Xarkovda 15-ə yaxın partlayış baş verib, şəhərin elektrik enerjisi demək olar ki, tamamilə kəsilib, su təchizatı, internet və rabitə ilə bağlı problemlər qeydə alınıb. Regional administrasiya kritik infrastruktur obyektlərinə ziyan dəydiyini açıqlayıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər