Türkiyədə mer həbs edildi

Türkiyənin Bursa şəhərinin meri, Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən Mustafa Bozbey həbs olunub.
Qanunvehedef.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Bursa Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Bozbey və daha 58 şübhəli barəsində saxlanılma qərarı çıxarılıb.
Həmin şəxslərdən 55 nəfəri artıq həbs edilib.
Həbs olunanlar arasında Bozbeyin həyat yoldaşı, qızı, 2 qardaşı, eləcə də bir sıra iş adamları var. Hazırda merin evində və icra hakimiyyətinin binasında axtarışlar aparılır.
Prokurorluğun bəyanatında qeyd olunur ki, şübhəli şəxslər “cinayətkar təşkilat yaratma və ona üzv olma”, həmçinin “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə istintaqa cəlb ediliblər.
Əməliyyatlar Bursada, eləcə də İstanbulda, Balıkesirdə və Diyarbakırda həyata keçirilib. Ölkə xaricində olan 4 şübhəli barəsində isə axtarış elan edilib.
Qanunvehedef.az




















