Bolton İrəvana bomba qoydu: İsterik açıqlamalar başladı
Baxılıb: 494 Tarix: 26-10-2018 15:13
ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Ermənistana səfəri zamanı verdiyi açıqlamalar ölkədə təşviş yaradıb.
Qanunvehedef.az xəbər verir ki, ölkə siyasiləri arasında ən böyük panikanı Boltonun ABŞ silahının rus silahından üstün olması və eləcə də Qarabağ məsələsinin həll edilməsiylə bağlı verdiyi açıqlamalar doğurub. Boltonun açıqlamalarına hökumət tərəfindən heç bir reaksiya hələlik verilməyib.
İlk reaksiya müxalifətdəki Daşnaksütyun Partiyasından gəlib. Partiya ABŞ-ın açıq münasibətindən sonra Ermənistanın Rusiyanın yanından ayrılıb “ABŞ-ı seçməsinin” mümkün olmadığını etiraf edib.
Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının lideri Armen Rüstəmyan deyib ki, Rusiya ilə strateji tərəfdaşlığın əhəmiyyətini anlamamaq ölkə və hakimiyyət üçün çox təhlükəlidir: “Bizim üçün bəzi məsələlərdə Rusiya əvəzedilməzdir. Rusiyanın Ermənistanda rolu zəifləməyib və bunu Con Bolton çox yaxşı bilir”.
Onun sözlərinə görə, Qarabağın həlli məsələsində “bütün vasitələrdən istifadə” anlayışından imtina etmək lazımdır:
“Bizim hökumətə qarşı təzyiqlər müxtəlif istiqamətlərdə ola bilər. Bu məsələdə istənilən güzəşt, bizim maraqlarımızın əleyhinə olan qərar hakimiyyət üçün səhv olacaq”.
Bir zamanlar Daşnaksütyunun müttəfiqi və hakim partiya olan Respublikaçıların parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan isə jurnalistlərə açıqlamasında Boltonun açıqlamalarıyla razılaşmadığını deyib:
“Beynəlxalq konvensiyalara əsasən, konflikt aparan tərəflərə silah satmaq doğru deyil. Bu, eskalasiyaya səbəb olur. Digər tərəfdən, kimin silahının yaxşı olduğunu demək də doğru deyil. Biz öz dəyərlərimizdən imtina edə bilmərik. Qarabağ məsələsi bizim tarixdir. Keçmişdən imtina gələcəyi şübhə altına qoymaq deməkdir”.
Çarukyan Bloku da rusiyayönlü bəyanatla çıxış edib. Belə ki, blokun nümayəndəsi Vahe Enfiadyan Boltonun Rusiya ilə bağlı bəyanatlarıyla razılaşmadığını və Rusiyanın Ermənistanın strateji tərəfdarı olaraq qaldığını deyib.
Boltonun açıqlamalarına ən sərsəm şərh hökumətə yaxınlığı ilə seçilən Xristian Demokrat Partiyasının sədri Levon Şirinyandan gəlib. Şirinyan Boltonun açıqlamasının Ermənistan üçün çox maraqlı olduğunu bildirib:
“ABŞ postsovet dönəmində ilk dəfədir bəyan edir ki, Cənubi Qafqaz təkcə Rusiyanın təsir zonası deyil. O deyir ki, onların da Ermənistanda strateji maraqları var. Bolton silah tədarükü məsələsiylə faktiki olaraq deyir ki, gəlin, Rusiyanın Ermənistana Azərbaycanın köməyi ilə etdiyi təzyiq siyasətinə son qoymağa yardım edək. Bu o deməkdir ki, Ermənistanı rus siyasətinin zonasından çıxarmaq istəyirlər. Rusiya Cənubi Qafqaza gələn gündən “tatarlara” (azərbaycanlıları nəzərdə tutur) “sivil erməni xalqına” nəzarət vasitəsi kimi baxır”.
Qeyd edək ki, Bolton bundan öncə İrəvanda jurnalistlərə açıqlamasında Amerika silahının rus silahından üstün olduğunu və Ermənistanın ABŞ-dan silah almaqla Rusiyadan tam asılılığına son qoya biləcəyini söyləyib. O həmçinin Qarabağ məsələsi həll edilməyənə qədər Ermənistana xaricdən təzyiqlərin qalacağını söyləyib.
Ən çox oxunanlar
Son xəbərlər