Nikolun adamı Putini qətliamda ittiham etdi - Sensasiya
Baxılıb: 364 Tarix: 11-04-2019 14:08
Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın silahdaşı, parlamentin Müdafiə və təhlükəsizlik məsələləri komitəsinin sədri Andranik Köçəryanın “27 oktyabr cinayəti açılıb, sifarişçilər məlumdur. Bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” açıqlaması əsl sensasiyadır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, Ermənistan hakim partiyasının deputatının səsləndirdiyi ittiham olduqca ciddidir:
“Söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləbaran olunmasından gedir. Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirildilər. Birincisi, o illərdə Dağlıq Qarabağ danışıqları intensivləşmişdi. Hətta ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişi imzalana biləcəyinə dair xəbərlər yayılmışdı. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də Ermənistan parlamentinin gülləbaran edilməsində Rusiya izi haqqında bugünə qədər danışılır.
İkincisi, Vladimir Putin gülləbaran zamanı cəmi bir ay idi ki, baş nazir vəzifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu o deməkdir ki, əgər Rusiyada Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa, Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə burada iki məsələ var: ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o, hazır olan plana razılığını verib”.
Siyasi şərhçi hesab edir ki, Ermənistan parlamenti gülləbaran olunmasaydı, sülh sazişi imzalanacaqdı:
“Parlamentdə öldürülənlərin əksəriyyəti sülh sazişini imzalamağa üstünlük verirdi”.
E.Şahinoğlu bildirib ki, Ermənistanın hakim partiyasının deputatının Putin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğuracaq:
“Çünki bu açıqlama müxalifət partiyasının nümayəndəsindən deyil, hakim partiyanın deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var”.
Ən çox oxunanlar
Son xəbərlər