Şərəfi olan heç bir siyasətçi bunu etməzdi
Baxılıb: 885 Tarix: 03-09-2020 15:40
ABŞ konqresmenləri Frank Pallone, Adam Şiff, Jake Spayer-Kançelyan və Qus Bilirakis növbəti dəfə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin başçısına “təbrik məktubu” göndəriblər.
“Məktub”un mətninin ANCA (ABŞ Erməni Milli Konqresi) tərəfindən hazırlandığı qətiyyən şübhə doğurmur və bu kağız parçasını imzalayan konqresmenlərin bütün siyasi karyeralarını erməniliyə xidmət üzərində qurduqları da həmçinin…
Çünki özünə, dövlətinə, insan hüquq və azadlıqlarına azacıq da olsa hörmət edən, şərəfi olan hər hansı bir siyasətçinin, yaxud siyasətçilərin işğal və onun nəticəsində milyona yaxın insanın öz evindən didərgin düşməsi, günhasız körpələrin, qadınların, yaşlıların vəhşicəsinə qətlə yetirilməsi, amansız hərbi cinayətlər, soyqırım, terrorizm və vandalizm aktları üzərindən ortaya çıxan qeyri-qanuni, qondarma bir rejimi “qanunların aliliyinin, iqtisadi inkişaf və azad bazar münasibətlərinin təmin edilməsində əldə olunan böyük uğurlar” münasibətilə təbrik etməsi mümkün deyil. Bu insanlar təpədən-dırnağa korrupsiyaya bulaşmış, şərəflərini, vətəndaşı olduqları dövlətin maraqlarını ANCA-nın çirkli pullarına satmış şəxslərdir.
Əslində nə Frank Pallone, nə Adam Şiff, nə də digərlərinin uzun illərdən bəri Azərbaycan, eləcə də Türkiyə əleyhinə olan bütün proseslərin ön cərgəsində yer aldıqlarını sübut etməyə ehtiyac yoxdur. Frank Pallone 1995-ci ildə ABŞ konqresində erməni qrupunu təsis edən iki nəfərdən biridir. Pallonenin ermənilərlə işbiriliyi isə 1990-cı illərin əvvəllərindən başlayır.
Frank 1992-ci ildə ABŞ-ın Azərbaycana yardımını qadağan edən Azadlıq aktına 907-ci düzəlişi dəstəkləyən, təbliğ edən və təbii ki, lehinə səs verənlərdən biridir. ABŞ konqresinin hər iki palatasında qondarma erməni soyqırımı ilə bağlı qətnamə layihələrinin hazırlanmasında və qəbul edilməsində separatçıbaşıya “məktub” göndərən konqrsemenlərin “misilsiz xidmətləri” var. Təsadüfi deyil ki, Türkiyə əleyhinə qətnamələrin qəbulundan sonra Frank Pallane və Adam Şiff bunu ANCA-nın, “Hayastan” Erməni Fondunun korrupsiyaya bulaşmış rəhbərləri ilə birlikdə bayram edir, nəhayət ki, “qalib gəldiklərini” bildirirdilər.
Xatırladım ki, hər iki şəxs mənimsəmə və vəsaitdən sui-istifadə ittihamları ilə həbs edilən “Hayastan” Erməni Fondunun direktoru Ara Vardanyanın çox yaxın dostlarıdır. Şiffin və Pallonenin də iştirak etdiyi marafonlarda “Hayastan” Erməni Fondu 2008-ci ildə 35 milyon, 2016-cı ildə 15,4 milyon, 2017-ci ildə 12,5 milyon, 2018-ci ildə isə 11,1 milyon ABŞ dollar civarında vəsait toplayıb və nəticədə bu vəsaitlər 2018-ci ilin iyulunda Vardanyanın həbsinə, Frenk və Adamın isə “erməni sevgiləri”nin daha da artmasına səbəb olub. Bütün bu faktlar isə ABŞ mətbuatından, araşdırmaçı jurnalist Poll Millerin və digərlərinin silsilə məqalələrindən götürülüb.
Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və digərlərinin 2019-cu ilin oktyabrında hərbi helikopter ilə işğal altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər etdikləri, Şuşadakı erməni kilsəsində “ermənilər üçün dua edərək şam yandırdıqları” barədə daha öncə də yazmışdım. Bu adamlar ermənilərin ABŞ konqresindəki muzdlu şamtutanlarıdır və adları bütün çirkli oyunların içərisindən çıxır. Bu baxımdan, uzun illər boyu korrupsiyaya bulaşmış bir erməni fondunun telemarafonunu dəstəkləyən konqresmenlərin işğal altındakı Azərbaycan ərazilərində formalaşdırılmış qanunsuz, separatçı rejimin “başçı”sına ağlasığmaz mədhiyyələrin yer aldığı “tərif məktubu” göndərmələri, düşünürəm ki, qəribə görünməməlidir.
Çünki Qarabağdakı separatçı rejim də Ermənistan, erməni diasporu və lobbisi, çeşidli erməni təşkilat və fondlarının yaratdıqları çirkli pulların yuyulması mexanizminin və korrupsiya zəncirinin bir həlqəsidir. Bu səbəbdən konqresmenlərin öz separatçı ortaqlarını öyməsində təəccüblü heç nə yoxdur.
Ermənipərəst konqresmenlərin adları isə təkcə Azərbaycan və Türkiyə əleyhinə kampaniya aparmaqda, bu yazıda sadaladığım digər faktlarda hallanmır, bu adamlar, xüsusilə də Adam Şiff öz ölkələrinin maraqlarına qarşı çıxış etməkdə, dövlət sirri olan məlumatları təhrif edərək açıqlamaqda da ittiham olunurlar. Hətta ABŞ Prezidenti Donald Tramp belə Adam Şiffi onun Ukrayna Prezidenti ilə olan söhbətinin stenoqramı ilə bağlı, hansısa şübhəli mənbələrə istinad edərək yalan və böhtan xarakterli məlumat yaymaqda günahlandırır.
Donald Trampın Tvitter səhifəsində yazır: “Hanı o xəbərdarlıq edən? Yaxud ikinci xəbərdarlıq edən şəxs və ya “məlumatlı mənbə” hardadır? Hamısı yoxa çıxıblar. Ona görə ki, “onların tarixçələri” telefon danışığının stenoqramına yaxın belə gəlmir. Bu korrupsiyaya bulaşmış Şiffin uydurması ola bilərmi? Bəs o nə zaman Konqres və Amerika xalqı qarşısında bu söhbəti uydurması barədə izahat verəcək?”
Düşünürəm ki, əlavə şərhə ehtiyac yoxdur. Mövcud geosiyasi şəraitdə ABŞ-ın Ukrayna ilə bağlı siyasətinə zərbə vurmaq üçün yalana, böhtana əl atan bir konqresmenin, eləcə də onunla eyni “düşərgə”ni bölüşənlərin forpost Ermənistanın və onun işğal etdiyi Azərbaycan torpaqlarındakı qondarma rejiminin maraqlarının ifadəçisinə çevrilmələri təbiidir və bütün bunların eyni “mənbə”dən qaynaqlanması şübhə doğurmur...
Məhz bu səbəbdən, Ermənistanın, erməni diasporunun və himayəçilərinin girovuna çevrilmiş korrupsioner konqresmenlərlə bağlı “düyün”ün çözülməsini və bu böhtan şəbəkəsinin tamamilə ifşa olunaraq siyasi səhnədən çıxarılmasını, ilk növbədə ABŞ-ın maraqları tələb edir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər