Bakı bunun sayəsində müharibəni tez bitirdi – Pakistanlı akademik
Baxılıb: 312 Tarix: 27-09-2021 11:39

Bu sözləri Qanunvehedef.az-a pakistanlı akademik, xarici işlər və geosiyasət üzrə analitik Yasir Məsud 44 günlük müharibənin başlamasının ildönümü ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın dinc şəhər, qəsəbə və kəndlərinə qarşı həyata keçirdiyi raket və artilleriya hücumlarını beynəlxalq təşkilatlar belə təsdiqlədi və baş verənlərin fonunda müharibənin daha da isti fazaya keçməsi gözlənilən idi:
“Biz, Pakistan xalqı olaraq, Qarabağ məsələsində ədalətli və haqlı mövqeyinə görə qardaş xalqımız Azərbaycanı hərtərəfli dəstəklədik və gələcəkdə də bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik. Azərbaycanın bu möhtəşəm zəfərini bütün xalq təntənəli formada qeyd etməlidir, çünki bu şücaət təkcə əsgərlərin deyil, həm də güc və inancı ilə ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə dəstək verən bütün Azərbaycan vətəndaşlarınındır”.
Akademik müharibənin 44 gün ərzində bitəcəyini gözləmədiyini də etiraf edib:
“Ekstra-regional güclərin rəqabəti və müdaxilə ehtimalını nəzərə alsaq, münaqişənin uzun müddət davam edəcəyini düşünürdüm. Lakin Azərbaycanın diplomatik cəbhədəki çevikliyi də daxil olmaqla, müharibə taktikası və texnologiyası, məşhur Şuşa şəhərinin və Ermənistanın işğal etdiyi digər ərazilərin qısa müddətdə geri alınmasında əsas rol oynadı”.
Ekspertin fikrincə, müharibədən sonra yaranan regional reallıqlar Azərbaycanın qısa zamanda regiondan kənarda da güclü nüfuza sahib olmasında rol oynayır:
“İndi ABŞ-ın Əfqanıstanda məğlubiyyətindən sonra bölgədə ortaya çıxan yeni reallıqları nəzərə alaraq, Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirməsinin vaxtıdır. Yeni bloklar, ittifaqlar və iqtisadi canlanma başlayır və Azərbaycanın bəhrə götürmək imkanı var. Yaxın gələcəkdə Azərbaycan bölgədə və kənarda daha çox təsir gücünə sahib olacaq”, – deyə ekspert bildirib.
Ən çox oxunanlar
Son xəbərlər