29 siyasi partiya Milli Məclis sədrinə nələri təklif edib? - Aralarında YAP-ın imzası yoxdur...
Baxılıb: 613 Tarix: 17-08-2022 15:19
Azərbaycanda 29 partiya "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə dair təkliflərini təqdim edib. Lakin təklif müəllifləri arasında hakim Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat Partiyası kimi müxalif qüvvələr yoxdur.
Bir ay öncə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədrinə müraciət etmişdi. Sədr isə, öz növbəsində, bundan ötrü Azərbaycanda dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara üz tutub.
Müəlliflərdən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı "Turan"a bildirib ki, təkliflərin arasında partiyaların qeydiyyat prosesinin sadələşdirilməsi, həmçinin qeydiyyatın yenidən dəqiqləşdirilməsi kimi məsələlər yer alıb.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə agentliyə deyib ki, onların təkliflərində partiya üzvlərinin sayının artırılması nəzərdə tutulub: "Yəni partiyaların hərtərəfli kadr bazasını formalaşdırmaq mümkün olsun. Bunu tələb kimi qoyanda artıq partiyalar üzvlük məsələsinə ciddi yanaşırlar".
Partiya sədrinin sözlərinə görə, digər təklif seçkidə iştirak məsələsi ilə bağlıdır: "Ən azı iki seçkidə iştirak etməyən partiyanın qeydiyyatına məhkəmə qaydasında baxıla bilər. Çünki partiyalar daha çox seçki prosesinə indekslənə bilsinlər".
F.Mustafa qeyd edib ki, üçüncü təklifləri partiyalar üçün parlamentdə fraksiya yaratma məsələsinin asanlaşdırılması ilə bağlıdır.
Müəlliflərdən REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə "Azadlıq" radiosuna bildirib ki, onlar artıq bir il əvvəl bununla bağlı öz təkliflərini hazırlayıblar: "Bu qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir. Digər tərəfdən, hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır".
Onun deməsinə görə, həmçinin, dövlət qeydiyyatı üçün tələb olunan partiya üzvlərinin minimal sayı dəyişməməlidir.
REAL hesab edir ki, dövlət qeydiyyatına alınmış partiyanın namizədləri bələdiyyə və parlament seçkilərində qeydiyyatdan keçmək üçün imza toplamaq vəzifəsindən azad olunmalıdır: "Eynən, dövlət qeydiyyatında olan partiyanın namizədi 60 bələdiyyə şurasının dəstəyini qazandıqda prezident seçkilərində imza toplamamalıdır".
N.Cəfərlinin vurğulamasına görə, son seçkilərdə (parlament, prezident) partiya prezidentliyə namizədin qeydiyyatı üçün tələb olunan imzadan iki dəfə çox səs toplayıbsa, onun prezidentliyə namizədinə imza tələbi qoyulmamalıdır: "İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı, ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir".
REAL-a görə, siyasi partiyanın buraxılması, ona xəbərdarlıq edilməsi, fəaliyyətinin dondurulması, onun hesabatlılığı ilə bağlı müddəalar dövlət orqanlarının qərəzli müdaxilələrinə imkan yaratmamalıdır: "Siyasi partiya ard-arda iki dəfə ümumi parlament, ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv olunmalıdır. Partiyanın sədri və ən yüksək rəhbər orqanına üzv olan şəxslər
Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər