Prezident niyə bu quruma sərt irad bildirdi? – Şok səbəb
Baxılıb: 871 Tarix: 01-05-2019 12:25
Azəriqaz İB-in fəaliyyəti artıq xeyli müddətdir ki, əhalinin ciddi narazılığı ilə müşayiət olunur.
Qanunvehedef.az xəbər verir ki, “Azəriqaz” “sayğaca müdaxilə” bəhanəsi ilə hər ay minlərlə abonentə cərimələr yazır və bu cərimələr bəzən ümumiyyətlə əsaslandırılmır.
2018-ci ilin statistikasına əsasən, “Azəriqaz”ın bu cür kütləvi ədalətsizliyinə qarşı 457 abonent məhkəməyə müraciət edib və maraqlıdır ki, istisnasız olaraq bütün iddialar abunəçilərin (əhalinin) xeyrinə həll edilib.
“Azəriqaz” İB əməkdaşları sanki əhaliyə qarşı düşmən mövqe tutublar: heç bir əsası olmadan “sayğaca müdaxilə şübhəsi” ilə işləyən sayğacı açıb, “laboratoriya yoxlamasına” göndərir, yalnız özlərinə aid olan “üsullarla” yoxlayır, öz ekspertlərinin rəyi ilə qərar çıxarır və abonenti hətta 2 min manat miqdarında cərimələyə də bilirlər.
Heç bir səbəb olmadan işləyən və normal fəaliyyət göstərən sayğacları da bəzən dəyişirlər. “Dövlət tərəfindən dəyişdirilir, sizlik bir şey yoxdur” arqumenti ilə sayğacların dəyişdirilməsi səbəbi isə məlum deyil: sayğac işləyirsə, niyə dövlətin vəsaiti əbəs yerə sərf olunmalı və sayğac yenilənməlidir?
Bir müddət əvvəl anoloji olay Xırdalan qəsəbəsində baş vermişdi. Mediada bir ay ərzində 20 mindən çox abonentin cərimələndiyi barədə məlumat yayılmışdı. Sonradan bu kütləvi cərimələnmənin böyük narazılıq yaratdığı və etirazlara səbəb olduğunu gördükdə isə cərimələrin bir çoxunun ləğv edildiyi bildirildi.
“Azəriqaz” İB əməkdaşları əhalini incitmək üçün müxtəlif bəhanələr tapa bilirlər. Məsələn, sayğacın “smartkart” olmasına baxmayaraq, Müşfiqabad qəsəbəsində xeyli abonentə “2012-ci ildən 2018-ci ilə qədər” ödəniş edilmədiyi iddiası ilə 2 min manat cərimələr də yazılmışdı. Maraqlıdır ki, “Azəriqaz” İB hər 6 aydan bir sayğacları yoxlamalı olduğunu da “unutmuşdu”. Üstəlik, 6 illik ödəniş edilmədiyini absurdcasına iddia edən “Azəriqaz” əməkdaşları hətta kartla aybaay edilən ödənişləri və kartdan sayğaca köçürülən balansları da hesablamağı “lazım bilməmişdi”.
Əlbəttə, bu qədər absurd cərimə Binəqədi Rayon Məhkəməsi tərəfindən rədd edildi və abunəçilərin hüququ bərpa olundu. Amma burada çox maraqlı məsələlər də var: Əvvəla, məhkəmələrə heç də ədalətsizliyə uğrayan bütün abonentlər müraciət etmir. İllah da cəriməsi 50-100 manat olanlar məhkəmə müraciəti nəticəsində vaxt itkisi, üstəlik həmin müddətdə qazdan istifadə imkanları məhdudlaşdığı üçün bu ədalətsiz cəriməni ödəməyə üstünlük verirlər.
İkincisi, “Azəriqaz” İB əməkdaşları xidmət göstərmək əvəzinə, hər hansı bəhanə taparaq, “idarəyə gəlin, orda aydınlaşdıraq” inadı ilə insanları işdən-gücdən edir, onların əsəbləri ilə oynayır, dövlətə qarşı narazılığı körükləyir, idarələrin qarşısında uzun-uzadı növbələr yaranmasını “təmin edirlər”.
Üçüncüsü, məhkəməyə müraciət edilən müddətdə və məhkəmə ərizəni qəbul etdikdən sonra qazın buraxılması ilə bağlı ilkin qərarı verənə qədər abonentin qaz təminatı dayandırılır ki, bu da ciddi etiraz yaradır. Belə ki, “Azəriqaz” əməkdaşları qış fəsli olduğunu və ailələrin çarəsiz vəziyyətdə qaldığını qətiyyən nəzərə almadan, istənilən abonentə qaz verilməsini dərhal dayandırır.
Dördüncüsü, məhkəməyə müraciət etməyən və ədalətsiz cəriməni ödəməyə məcbur edilən abonentlərdən yığılan vəsaitlə bağlı bu vaxta qədər “Azəriqaz” heç bir rəsmi açıqlama verməyib. Buna görə də o vəsaitlərin necə, hara toplandığı və yaxud neqativ halların “yuyulması üçün” istifadə edilmədiyi barədə şübhələr də mövcuddur.
Ümumiyyətlə, “Azəriqaz” İB-in ədalətsiz və əhalinin dövlətdən narazılığa körükləyən fəaliyyəti barədə vaxtaşırı media və sosial şəbəkələrdə məlumatlara da Birlik heç vaxt aydınlıq gətirmək istəməyib.
Bütün bunların nəticəsidir ki, Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün nəticələrinə həsr olunan iclasında bu qurumla bağlı münasibətini ortaya qoydu.
“Mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır”, - Prezident bildirdi.
Ən çox oxunanlar
Son xəbərlər