Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə...
Baxılıb: 1 021 Tarix: 23-10-2020 13:49
Türkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclası işinə başlayıb.
Qanunvehedef.az Azərbaycan Dəmir Yollar QSC-nin törəmə şirkəti olan ADY Konteyner MMC-yə istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri iştirakçılara sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə qarşı hücumları, dinc sakinlərin həlak olmasına səbəb olan təxribatları barədə geniş məlumat veriblər.
Diqqətə çatdırılıb ki, Azərbaycan regionda çox sayda mühüm layihələr həyata keçirir və bu layihələrdə Azərbaycanın qonşu dövlətləri, strateji müttəfiqləri yaxından iştirak edir, Ermənistan isə layihələrdən kənarda qalır:
"Bununla əlaqədar, təxribat və terror işləri çərçivəsində Ermənistan Azərbaycanda mühüm infrastruktur obyektlərini də atəşə məruz qoyur. Bu tipli terror mahiyyətli təxribatlar Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq layihələrə, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır, eləcə də bu layihələrin iştirakçısı olan tərəfdaş dövlətlər və şirkətlər üçün də risk və təhlükəyə səbəb olur.
Bu səbəbdən Ermənistanın mülki əhali və strateji infrastruktura qarşı terroru dayandırmağa, beynəlxalq hüququn tələblərini, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə çağırılması mühümdür".
İclasda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2020-ci ilin 9 ayı üzrə fəaliyyətinin yekunları, sözügedən müddətdə TBNM üzrə daşınma planının nəticələri, Şərq-Qərb istiqamətində konteyner qatarlarının keçmə müddəti və əks istiqamətdə tək və qrup daşımalarınının təhlili, Xəzər dənizinin limanları arasında (Aktau, Bakı (Ələt)) fider gəmilərin iştirakı ilə birbaşa beynəlxalq dəmir yolu və su nəqliyyatında konteyner hərəkətinin təşkili haqqında 25 iyun 2019-cu il tarixli Sazişə dəyişikliklər barədə müzakirələr aparılıb.
Bundan başqa, Türkiyə/Avropa ölkələrindən Qazaxıstan/Orta Asiya ölkələri istiqamətində fider gəmilərdən istifadə olunaraq konteynerlərin daşınmasının təşkili üzrə görülən işlər barədə hesabat dinlənilib. TBNM boyunca bəzi məhsulların daşınması üçün tarif şərtlərinin təsdiqi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.
Toplantıda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumlarının nümayəndələri iştirak edirlər.
Ən çox oxunanlar
Son xəbərlər