Şəhid və qazilərin ipoteka borcunu sığorta şirkətləri ödəyir
Baxılıb: 774 Tarix: 28-12-2020 11:28
Azərbaycan Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi operativ şəkildə davam edir.
ASA-dan verilən məlumata görə, 2020-ci ilin 27 sentyabr tarixində başlayıb, 44 gün davam edən və Azərbaycan ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbiçilərə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.
Bu günədək 3 235 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.
Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbiçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1 053 şəhidin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4 119 nəfər hərbiçiyə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 109 850 manat təşkil edir.
"Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir", - ASA-dan bildirilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər