Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Baxılıb: 624 Tarix: 19-03-2021 11:33
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdir. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.
Bu qərar inflyasiyanın dəyişimi üzrə son meyillər, xərc və tələb amillərinin qısa və ortamüddətli dövrdə qiymətlərə mümkün təsirləri nəzərə alınmaqla qəbul edilmişdir. Aparılmış təhlillər inflyasiya üzrə risk balansında amillər arasında əhəmiyyətli bir dəyişikliyin baş vermədiyini göstərir. Stabilləşdirici amillər olan neftin qiymətinin yüksəlməsi, xarici balansın yaxşılaşması, əsas siyasət lövbəri olan məzənnə sabitliyi, iqtisadi fəallığın zəif bərpası artırıcı amillər olan dünya ərzaq qiymətlərinin yüksəlməsi, kontr-tsiklik fiskal siyasət və gözlənilən monetar genişlənməni tarazlaşdırır. Qeyri-monetar inflyasiya səviyyəsi bir qədər yüksəlsə də baza inflyasiya stabil olaraq qalır. Qiymətləndirmələr ilin sonuna inflyasiyanın Mərkəzi Bankın hədəf dəhlizi daxilində qalacağını göstərir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf parametrləri ilə müqayisəsi, ortamüddətli proqnoz horizontunda risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcəkdir.
İnflyasiya prosesləri. İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından bəri illik inflyasiya səviyyəsi yüksəlsə də, hədəf çərçivəsində qalmışdır. Rəsmi statistikaya görə istehlak qiymətləri indeksi fevral ayında əvvəlki aya nəzərən 1.6%, ötən ilin fevralına nəzərən 4.2% artmışdır. İnflyasiya ilk növbədə dünya əmtəə qiymətlərinin və bəzi inzibati qiymətlərin yüksəlməsi kimi xərc amillərindən təsirlənmişdir. Qeyri-ərzaq məhsullarının və xidmətlərin bahalaşmasının inflyasiyada rolu nisbətən artmışdır.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-fevral aylarında 2,1% təşkil etmişdir.
İnflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik müşahidə edilmir. Real sektor müəssisələri üzrə monitorinq nəticələrinə görə fevralda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət və xidmət sektorlarında sabit qalmışdır. Qeyri-neft sənayesində inflyasiya gözləntisi yanvardakı artımın ardınca nisbətən azalmışdır. Tikinti sektorunda isə qiymət gözləntisinin azalma meyli davam etmişdir.
Mart ayında yenilənmiş proqnozlara görə mövcud pul siyasəti nəzərə alınmaqla inflyasiyanın 2021-ci ilin sonuna elan olunmuş hədəf diapozonunda formalaşacağı gözlənilir.
Xarici sektor. Xarici şərtlərin milli iqtisadiyyata və ölkədəki inflyasiya proseslərinə təsirləri müxtəlifdir.
Dünya bazarında neftin qiymətinin artım meylinin davam etməsi tədiyə balansına müsbət təsir edir və valyuta bazarındakı tarazlığı dəstəkləyir. OPEC++ razılaşması və dünya iqtisadiyyatının bərpası kimi gözləntilərin təsiri altında neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 60 ABŞ dollarını, mart ayının ötən dövründə isə 67 ABŞ dollarını üstələmişdir. Aparıcı analitik mərkəzlər özlərinin son hesabatlarında cari ilə neft istehlakı və qiyməti proqnozlarını bir qədər artırmışdır.
Dünya ərzaq qiymətlərinin yüksəlməsinin davam etməsi daxili inflyasiyaya artırıcı təsir edir. Dünya ərzaq qiymətləri yanvar-fevralda 6.9%, son 12 ayda 16.7% yüksəlmişdir. Ən yüksək illik bahalaşma yağ (51%) və un məhsulları üzrə (26.5%) qeydə alınmışdır. Dünya bazarında buğdanın bahalaşmasının daxili inflyasiyaya təsirini azaltmaq üçün buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha bir il müddətinə əlavə dəyər vergisindən azad edilmişdir.
Qlobal iqtisadiyyatda, o cümlədən tərədaş ölkələrdə iqtisadi artımın bərpasının qeyri-neft ixracı və investisiya axınları vasitəsilə Azərbaycanda tələbin dinamikasına artırıcı təsir göstərəcəyi gözlənilir. Digər tərəfdən yaradılmış beynəlxalq nəqliyyat infrastrukturundan daha aktiv istifadə və mart ayının 1-dən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişinin qüvvəyə minməsinin ölkəmizin qeyri-neft ixracının genişlənməsinə müsbət təsir göstərəcəyi gözlənilir.
Ötən toplantıdan bəri ticarət tərəfdaşı olan ölkələrin maliyyə bazarlarında vəziyyət stabil olmuşdur. Bu ölkələrin əksəriyyətində pul siyasətinin yumşaldılması dayandırılmışdır.
İqtisadi aktivlik. 2021-ci ilə iqitisadi artımın bərpası ilə bağlı gözləntilər qeyri-neft iqtisadiyyatında artıq özünü doğrultmaqdadır. Rəsmi rəqəmlərə görə 2021-ci ilin yanvar-fevral aylarında qeyri-neft sektorunda resessiya, demək olar ki, dayanmışdır. Qeyri-neft sektorunun aparıcı sahələri olan qeyri-neft sənayesində 12.1%, kənd təsərrüfatında 2.3%, nəqliyyat və anbar təsərrüfatında isə 10.9% artım müşahidə olunmuşdur.
Real sektorun monitorinqinin nəticələrinə görə fevralda biznes inam indeksi ötən aya nəzərən ticarət və xidmət sektorlarında artım meyilli olmuşdur. Tikintidə icraya qəbul edilmiş sifarişlərdə müsbət meyil qeydə alınmışdır.
Qısa və ortamüddətli perspektivdə həm xarici, həm də daxili tələbdə bərpa prosesinin davam edəcəyi gözlənilir. Daxili tələb stimullaşdırıcı fiskal, monetar və makroprudensial siyasətlər, işğaldan azad olunmuş ərazilərdə bərpa işləri ilə dəstəklənəcəkdir.
Monetar şərait. Ötən iclasdan bəri monetar şəraitdə əhəmiyyətli dəyişiklik baş verməmişdir.
Pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. İlin əvvəlindən pul bazasının azalması müvəqqəti xarakter daşıyır və büdcə profisiti ilə əlaqədardır. İlin qalan dövründə bu profisitin kəsirlə əvəzlənməsi pul bazasının artımı ilə müşayiət olunacaqdır.
Ötən iclasdan bəri dövlət qiymətli kağızları üzrə gəlirlilik cüzi yüksəlmiş, Mərkəzi Bankın notları üzrə gəlirlilik isə dəyişməz qalmışdır. Banklararası bazarda faizlər, eləcə də kredit və depozitlər üzrə faizlər əsasən sabit qalmışdır. İnflyasiyanın artımı fonunda nominal faizlərin dəyişməz qalması real faizlərin azalması deməkdir.
İqtisadiyyata kredit qoyuluşlarında artımın bərpası başlamışdır. Yanvar-fevral aylarında bank sistemi üzrə kredit qoyuluşları 0.6%, o cümlədən biznes kreditləri 0.6%, ipoteka kreditləri 3.2% artmışdır. İstehlak kreditləri 0.7% azalmışdır. Kredit qoyuluşlarında artımın iqtisadi aktivliyə paralel şəkildə davam edəcəyi gözlənilir. Hökumətin güzəştli kreditləşmə proqramlarının və makroprudensial yumşalmaların da qalması bu artıma əlavə dəstək verəcəkdir.
Valyuta bazarında sabitlik inflyasiya gözləntilərinin sabit qalmasının başlıca şərtlərindəndir. Keçirilən valyuta hərraclarında tələbin həcmi fevral-mart aylarında yanvar ayı ilə müqayisədə əhəmiyyətli az olmuşdur.
Risklər balansı. İnflyasiyanın risklər balansında ötən iclasdan bəri nəzərəçarpacaq dəyişiklik baş verməmişdir. Ortamüddətli proqnoz horizontunda inflyasiyaya azaldıcı və artırıcı təsir edən amillər bir-birini tarazlamaqda davam edir.
Beynəlxalq konyunkturun yaxşılaşması, xüsusən də neftin qiymətinin yüksəlmə meyli əsas siyasət lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Pandemiya dövründə bəzi məhsul və xidmətlər üzrə yaranmış yeni istehlak davranışlarının mümkün davamı da ortamüddətli dövrdə ayrı-ayrı sahələrdə qiymət artımını məhdudlaşdıra bilər.
Məcmu tələbin və iqtisadi aktivliyin inflyasiyaya məhdudlaşdırıcı təsiri tədricən aradan qalxmaqdadır. Dünya ərzaq bazarında qiymətlərin artım meyli və inzibati qiymətlərin yüksəlməsi kimi xərc amilləri inflyasiyaya artırıcı təsir göstərməkdədir.
Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, baza inflyasiyanın dinamikası, proqnoz horizontunda iqtisadi aktivliyin bərpası prosesləri nəzərə alınmaqla qəbul ediləcəkdir. Makroiqtisadi vəziyyətdən asılı olaraq pul siyasətinin yumşaldılması prosesinin davam etdirilməsi imkanları qiymətləndiriləcəkdir.
Bu qərar 19 mart 2021-ci ildən qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2021-ci il aprel ayının 30-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər