Manat bahalaşacaq, yoxsa dəyər itirəcək? - "Mərkəzi Bankının mövqeyindən asılı olacaq"
Baxılıb: 197 Tarix: 02-11-2021 14:31
Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən həftə keçirdiyi mətbuat konfransında milli valyutanın məzənnəsinə heç bir təhdid olmadığını bəyan edib. Amma ölkədə bahalaşma və inflyasiya manatın alıcılıq qabiliyyətini xeyli aşağı salıb. Ona görə də 2022-ci ildə manatın məzənnəsinin necə olacağı ən çox müzakirə edilən mövzulardandır. Gələn il manat dəyər itirə və ya möhkəmlənə bilərmi?
İqtisadçı, deputat Vüqar Bayramov Mərkəzi Bank sədrini açıqlamasını xatırladaraq, dünya bazarlarında neftin qiymətinin yüksək olmasının manatın məzənnəsini möhkəmləndirdiyini bildirir.
"Bu, ölkəyə daxil olan valyutanın həcminin artması ilə əlaqələndirilir. Baş Bankda bəyan edilib ki, manatın məzənnəsinin möhkəmlənməsinə əhəmiyyətli təzyiq var və bu da Azərbaycanın iqtisadi siyasətinə uyğun deyil",-deyə deputat qeyd edib.
V.Bayramovun sözlərinə görə, neftin qiymətində artımlar davam etsə belə manatın məzənnəsinin xarici valyutalara, xüsusən də dollara nisbətən möhkəmlənməsi inandırıcı deyil: "Mərkəzi Bank da manatın möhkəmlənməsində maraqlı görsənmir. Əslində bu hal ixrac olunan qeyri-neft məhsullarını xarici bazarlarda daha da bahalaşdıra bilər. Buna görə də, milli valyutanın məzənnəsinin möhkəmlənməsi indiki halda gündəmdə deyil".
Millət vəkilinin sözlərinə görə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. V.Bayramov qeyd edir ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir.
"Bu baxımdan, Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir,-deyə o vurğulayıb.
Millət vəkili xatırladır ki, Azərbaycanın qeyri-neft sektorlarında xüsusi paya malik olan ölkələrdə, xüsusən də Türkiyədə milli valyutaların məzənnəsində kəskin azalmalar müşahidə olunur:"Nəticə etibarilə region ölkələrinin milli valyutalarının ucuzlaşmasına şahid oluruq. Dünya bazarında dolların möhkəmlənməsi prosesi baş verir. Dollar hətta Avropa puluna nisbətən son dövrlər hiss ediləcək dərəcədə möhkəmlənib. Son proseslər də təsdiq edir ki, bu gün qlobal investorlar üçün yığım vasitəsi kimi dollar ən az riskli valyutadır".
Vüqar Bayramov bildirir ki, Azərbaycanda hələ ki, məzənnə rejiminə keçirilməyib:"Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Nəticə etibarilə Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər