Sahibkarlıq fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub - Foto
Baxılıb: 251 Tarix: 14-03-2022 13:43
Martın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə dövlət qurumlarının və iş adamlarının iştirakı ilə növbəti ictimai müzakirə təşkil olunub.
“Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilmiş tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar alternativ həll yolları, bu sahədə mediasiyanın rolu, sahibkarların qarşılaşdıqları çətinliklərin mediasiya vasitəsilə həlli müzakirə edilib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin sahibkarlıqla bağlı mübahisələrin həlli, biznes subyektlərinin peşəkar hüquqi yardım alması sahəsində vəziyyətin öyrənilməsi, bu istiqamətdə mediasiyanın təşviqi və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi məqsədilə keçirildiyini qeyd edib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya institutunun mübahisələrin həlli sahəsində alternativ yol olduğunu, bu təsisatın artıq işlədiyini bildirib. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən uğurlu islahatların, mediasiya institutunun formalaşmasının, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının investisiya və biznes mühitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərdiyini vurğulayıb.
Tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli sahəsində vəkillərin və sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər