Rəşad Nəbiyev beynəlxalq dəyirmi masada iştirak edib - Foto
Baxılıb: 554 Tarix: 26-09-2022 10:02
Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 26 sentyabr - 14 oktyabr 2022-ci il tarixlərində Rumıniyanın Buxarest şəhərində təşkil olunacaq növbəti Səlahiyyətli Konfransından əvvəl, 25 sentyabrda “Hər kəs üçün daha yaxşı rəqəmsal gələcəyin qurulması” mövzusu üzrə nazirlər səviyyəsində dəyirmi masa keçirilib.
Qanunvehedef.az xəbər verir ki, tədbirə Azərbaycan, Avstraliya, Kanada, Fransa, Yaponiya, Koreya, İspaniya, Portuqaliya, İsveç daxil olmaqla 40-a yaxın ölkənin nümayəndələri qatılıb.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dəyirmi masada çıxış edib.
Rəşad Nəbiyev çıxışında rəqəmsal bərabərsizliyin aradan qaldırılması, hər bir kəsin rəqəmsal xidmətlərə çıxışının təmin olunması və bərabər öyrənmə, inkişaf imkanlarının yaradılmasının vacibliyi haqqında danışıb.
Nazir bu məsələdə 2 amilin - əlverişlilik və səmərəliliyin rol oynadığını vurğulayıb.
Bildirilib ki, Azərbaycanda rəqəmsal transformasiya üçün müvafiq infrastrukturun ölkənin ucqar ərazilərində də inkişaf etdirilməsi məqsədilə dövlət-özəl sektorunun tərəfdaşlığına münbit şərait yaradılıb: “Mərhələlərlə həyata keçirilən layihə sayəsində ölkədə 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olunacaq”.
Ölkəmizdə rəqəmsal transformasiya üçün daha təhlükəsiz mühitin təmin edilməsi və internetə əlçatanlığın artırılması üçün səmərəli olan mobil internet şəbəkəsinin də inkişafına önəm verildiyi diqqətə çatdırılıb.
Ən çox oxunanlar
Son xəbərlər