Sabahdan banklardakı əmanətləriniz vergiyə cəlb olunacaq
Baxılıb: 488 Tarix: 31-01-2023 12:03
“Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində vergidən azad edilmişdi. Ancaq bu müddət sabah başa çatır”.
Qanunvehedef.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov açıqlayıb.
V.Bayramov qeyd edib ki, “Vergi Məcəlləsi”nə edilən son dəyişikliklərdə güzəşt müddətinin uzadılması nəzərdə tutulmadı: “Əgər müvafiq maddədə düzəliş edilməyəcəksə, sabahdan əmanətlərə vergi hesablanacaq”.
Deputat əlavə edib ki, əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaradıb: “Doğrudur, bu yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı illərdə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti var idisə, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəldi. Həmin müddətdə banklarda fiziki şəxslərin əmanətləri 45 faizdən çox artıb. Doğrudur, bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabiliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”.
Millət vəkili vurğulayıb ki, vergi güzəştinin uzadılmaması əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə bilər: “Bu milli valyutada yığımlara marağı da azalda bilər. Dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18 faiz idisə, indi bu rəqəm 61 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlarla yanaşı, vergi güzəştləri də manatla yığımlara marağı artıb”.
“O baxımdan, daha məqsədəuyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda, növbəti 1 il müddətdən yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda, əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatələyəcək”, - deyə Vüqar Bayramov təklif edib.
Mövzu ilə bağlı daha öncə hazırladığımız araşdırma yazısı ilə buradan tanış ola bilərsiz: Əhalinin banklardakı pullarından vergi tutulacaq.
Ən çox oxunanlar
Son xəbərlər