ARIÇI-FERMER XARİCİ BAZARA ÇIXIŞ ARAYIR
Baxılıb: 1 019 Tarix: 08-02-2023 13:53
Asim Quliyev Azərbaycan balının ixrac potensialını dəyərləndirib
Masallı rayonunun Ərkivan qəsəbəsi sakini, ölkəmizi beynəlxalq sərgilərdə, aqrar-turizm forumlarında layiqlə təmsil edən arıçı-fermer Asim İntiqam oğlu Quliyev Azərbaycan arıçılıq məhsullarının ixrac potensialını dəyərləndirib.
“Qanun və Hədəf” qəzetinə (“qanunvehedef.az” veb-saytına) on-layn müsahibə verən iş adamı ilk öncə beynəlxalq ekspertlərə istinadən xatırladıb ki, ən yaxşı arı cinsi və ən yaxşı bal Azərbaycana məxsusdur və bunu beynəlxalq müsabiqələrdə qazandığımız uğurlar təsdiqləyir: “Sadəcə, nəhəng bal istehsalçısı olan ölkələr ərazilərinin genişliyinə və maya dəyərini aşağı salan ixtisaslaşma işini yaxşı qurduqlarına görə dünya bazarına daha geniş qapılardan daxil olublar. Bu mövzuda kütləvi informasiya vasitələrinə verdiyim əvvəlki müsahibələrdə dediyim kimi, ölkəmizdə arıçılıq məhsullarının istehsalının maya dəyərini aşağı sala biləcək tədbirlər həyata keçirilərsə, Azərbaycan balının xarici bazara çıxmaq imkanı artar”
Asim Quliyev Azərbaycan balının ixrac imkanını məhdudlaşdıran başqa amildən də danışıb:
“Xarici sifarişçilər arıçılardan böyük miqdarda bal alarkən məhsulun hamısının eyni növə aid olmasını istəyirlər. Azərbaycanda böyük arıçılıq təsərrüfatlarının sayı çox az olduğundan, arıçılar sifarişçilərə eyni cür bal verə bilmirlər. Hökumət ixrac məqsədilə müxtəlif balları birləşdirib eyni bal növünə salmaq üçün mexanizmləri hərəkətə gətirsə, məncə belə bir təşəbbüsə qoşulmaq Azərbaycanın bütün bölgələrindən olan arıçılara sərf edər. Bütün hallarda təsərrüfatımızda yetişdirdiyimiz balın xaricə də satışını gerçəkləşdirmək üçün bütün imkanları axtarmağa və fürsətləri dəyərləndirməyə meylliyik”.
Qələmə aldı: Gül Bəniz
Ən çox oxunanlar
Son xəbərlər