Azərbaycan və Qırğızıstan strateji tərəfdaşlardır
Baxılıb: 669 Tarix: 13-10-2022 11:48
Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Dövlət başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərində bir sıra rəsmi və digər tədbirlərdə iştirak edib. Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud və geniş tərkibdə iclasları keçirildi və Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu. Bu sənədlər arasında mühüm əhəmiyyətə malik olanlarından biri də "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"ununun imzalanması ilə Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər.
Həmin gün Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının vəHeydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin, ertəsi gün isə Nizami Gəncəvi adına 103 saylı məktəbin açılış mərasimi keçirildi.
Qeyd edilməlidir ki, Azərbaycanın xarici siyasət kursunda Orta Asiya regionu ilə münasibətlər mühüm yer tutur. Eyni kök, dil və din amili bu münasibətləri xüsusi önəmlı edir. Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir.Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya siyasətində önəmli yer tutur. Son bir neçə ildə Qırğızıstanda müşahidə olunan siyasi proseslər məhz Qırğızıstanın bu qütblər üçün nə qədər vacib geosiyasi önəmə malik olduğunu göstərir. Azərbaycan da Qırğızıstanın bu rolunu qiymətləndirir.
Bişkek Bakının region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc sahibi mövqeyini müşahidə edir. Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub. Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamış, son bir ildə liderlər arasında üç görüş, iki qarşılıqlı səfər baş tutmuşdur. Nəticədə Prezident İlham Əliyevin səyləri ilə siyasi münasibətlərin inkişaf etdirilməsinə paralel olaraq, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələri kimi konkret istiqamətləri əhatələyən kompleks format müəyyən edilmişdir ki, bu da Bişkek-Bakı münasibətlərində yeni səhifə açmışdır.
Azərbaycanla Qırğızıstan arasında keyfiyyətcə yeni səviyyəyə yüksələn münasibətlər, həm də ümumtürk maraqlarının mühafizəsi və təminatında mühüm amil rolunu oynayır. Türk dünyasının səyləri ilk dəfə məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Pandemiya ilə mübarizə çərçivəsində birləşdirilmiş, əməkdaşlıq mühiti qurularaq çox ciddi bir nəticə əldə edilmişdi. Məhz bu formatdan sonra artıq türk dünyası ikitərəfli münasibətlərə nisbətən, çoxtərəfli birlik şəraitində daha təsirli güc və imkana malik olduqlarının əməli formada fərqinə vardılar. Bu mənada Türk dünyasının birgə potensialının ortaya çıxarılması, suverenliklərimizə xələl gətirmədən böyük Türk mənəvi-siyasi birliyinə nail olunması üçün digər dövlətlərlə olduğu kimi Azərbaycan-Qırğızıstan əlaqələri, dostluq və qardaşlığı kritik əhəmiyyətə malikdir. Cənab Prezidentin dövlət səfəri də göstərdi ki, Qırğızıstan hakimiyyəti və xalqı da bu düşüncələrimizi həm nəzəri, həm də əməli olaraq bizimlə bölüşür.
İki türk dövləti arasında əlaqələrin inkişafı, xalqlar arasında qardaşlığın möhkəmlənməsi istiqamətində atılan addımlar, bütövlükdə türk dünyasının birliyinə töhfə verəcək fəaliyyət kimi qiymətləndirilməlidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər