Tamella Şuşalı: “Qarabağın məhək daşı Şuşadır” (Poeziya)
Baxılıb: 945 Tarix: 04-04-2023 15:55
Tamella Bəhmən qızı Həsənova (Şuşalı) 1961-ci il noyabrın 18-də Şuşa şəhərində anadan olub. Müəllim-filoloqdur.
Bədii yaradıcılıqla məşğul olur, müxtəlif mövzularda şeirlər qələmə alır. Yaradıcılığının əsasını Vətən mövzulu əsərlər təşkil edir. "Şuşamı axtarıram", "Şuşa, zümrüd gözlüm, məğrur şəhərim", "Zəfər günəşim Şuşa" adlı şeir kitablarının müəllifidir.
"Abdulla Şaiq", "Zirvə", "Qızıl qələm" media mükafatları laureatıdır.
Hal-hazırda Gəncə şəhərində yaşayır. Ailəlidir, bir qızı və iki nəvəsi var.
Şuşadır
Kimlər gəldi, kimlər getdi bu yurddan?!
Tariximin qan yaddaşı Şuşadır.
İgid ərlər keçdi qızmar bir oddan
Vətən təndir, onun başı Şuşadır.
Yad izini qəbul etmir torpağı,
Zirvəsində ucalıbdır bayrağı,
Daha gələr xoş sədalı sorağı,
Qarabağın məhək daşı Şuşadır.
Gözəlliyi məni alıb özümdən,
Ayım, ilim keçib səbir, dözümdən,
Otuz ilin hər günündə gözümdən
Axıtdığım leysan yaşı Şuşadır.
Azadlığı həyat verib yaşadır,
Dağlarının çiçəkləri qoşadır,
Tərk eləyib uzaqlaşma, haşa, dur,
Ürəyinin can sirdaşı Şuşadır.
Məğrur Qalam cilvələnən bir sona,
Sevgim, duyğum, məhəbbətim var ona.
Azərbaycan üzü mələk, nur ana,
Üzüyünün zümrüd qaşı Şuşadır.
07.01.2023
Bənövşə
Belə zərif, incə çiçək görmədim,
Dağlarımın göyçəyidir bənövşə.
Əl uzatdım, amma qıyıb dərmədim,
Güllərin ən kövrəyidir bənövşə.
Həsrət çəkib boynubükük qalıbdır,
Başın əyib xəyallara dalıbdır,
Ayrılıqdan gözü yaman dolubdur,
Topxananın ürkəyidir bənövşə.
Sevənləri məst eləyir qoxusu,
Əsirlikdə artıb yaman qorxusu,
Çəkilibdir ərşə onun yuxusu,
Bu həyatın gerçəyidir bənövşə.
Aman, onu incitməyin, dərməyin,
Sığal çəkin, yad əllərə verməyin,
Bir də onu belə qəmli görməyim,
Şuşalının ürəyidir bənövşə.
Açıl, sabahım, açıl
Çiçəklərin ətrinə,
Ağacların çətrinə,
Ümidlərin xətrinə
Açıl, sabahım, açıl.
Qaranlığı itir sən,
Arzu, dilək bitir sən,
Qəlbə sevinc gətir sən,
Açıl, sabahım, açıl.
Kədər qalsın dünəndə,
Qaldır ruhu enəndə,
Susdur şəri dinəndə,
Açıl, sabahım, açıl.
Mədət uman üzlərə,
Gücdən düşən dizlərə,
Yol gözləyən gözlərə
Açıl, sabahım, açıl.
Dünya olub qarışıq,
Dərdlər ona sarmaşıq,
Günəşinlə sal işıq,
Açıl, sabahım, açıl.
Cahanın nazını çək,
Yerə sülh toxumu ək,
Yeni bir səhifətək
Açıl, sabahım, açıl.
Salma sözümü yerə,
Dön dilimdə şeirə,
Cala bizi xeyirə,
Açıl, sabahım, açıl.
Açıl ürək sevinsin,
Səhərinə güvənsin,
Aləm nura bələnsin,
Açıl, sabahım, açıl.
20.02.2023
Təqdim etdi:
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı
Ən çox oxunanlar
Son xəbərlər