Qocaldıqca ucalan “poeziya aslanı”
Baxılıb: 600 Tarix: 30-09-2021 13:33
Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə nəticəsində Qarabağın işğaldan azad olunması vətənpərvər şair və yazıçılarımızın yaradıcılığına yeni nəfəs verib. Zəfərimizdən ruhu qanadlanan söz ustadlarımızdan biri də Cümşüd Ağayevdir.
Cümşüd Əli təxəllüsü ilə yazıb-yaradan Ağayaev Cümşüd Əli oğlu 1959-cu il noyabr ayının 25-də Ağdam rayonunun Mirəşşəlli kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1966-cı ildə Bənövşələr kənd 8 illik məktəbin 1-ci sinifinə getmişdir.
Ailə vəziyyəti ilə bağlı 8 illik təhsildən sonra 1974-1975-illər Xındırıstan kənd 130 nömrəli texniki peşə məktəbinin sürücü mexanizator kursunda oxumuşdur.
1975-ci ildən əvvəlki Karl Marks, sonradan Məleykə Quluyeva adına kolxozda sürücü mexanizator işləmişdir.
1978-ci ildə həqiqi hərbi xidmətə çağırılıb Sverdlovsk vilayətinin Nijniy Taqil şəhərində hərbi xidmət etmişdir.
1980-ci ordudan tərxis olub Vətəninə və öz işinə qayıtmışdır.
Ədəbiyyatımıza, poeziyamızda həvəs onu 1980-ci illərin sonları gözəl müəllim, istedadlı şair Ziyəddin Səlimin vasitəsilə “Ağdam” Ədəbi Birliyinə üzv olmuşdur.
Elə həmin illərdən şeirləri rayon qəzeti olan "Lenin yolu, sonradan "Ağdam”, "Hərbi and", "Gənclik”, "Hüquqi cəmiyyət", "Yeni gənclik” və başqa bir neçə jurnal və toplularda, kitab - almanaxlarda nəşr olunmuşdur.
2021-ci ildə “İlk məhəbbətim” adlı ilk kitabı "Borçalı" nəşryyatında işıq üzü görüb.
Hal - hazırda Ağdam rayonunun Mirəşşəlli kəndində yaşayır.
İanırıq ki, Cümşüd Əlinin zəfər qanaqlı şeirləri poeziya həvəskarları tərəfindən maraqla qarşılanacaqdır.
Arasında
Qüssə gördüm, kədər gördüm
Qırışların arasında.
Bu dünyada çox azmışam
Qarışların arasında.
Zaman ümman, ömür gəmi,
Qurumayır gözün nəmi.
Çox axtardım öz ilməmi
Naxışların arasında.
Ömür boyu düz gəzmişəm,
Deyilməmiş söz gəzmişəm,
Bir alagöz göz gəzmişəm
Baxışların arasında.
Bir qocalmış aslanmışam,
Dəmir təki paslanmışam,
Ömür keçib, islanmışam
Yağışların arasında.
Yaxşı-yaman ömür sürdüm,
Şeriyyatdan daxma hördüm,
Öz imzamı bəlkə gördüm
Alqışların arasında.
Qeyrət olsa...
Ağac yerdən götürməsə qidanı,
Meyvələri sulanarmı?.. Sulanmaz!
Çörü-çöpü qalaq-qalaq yığsalar,
Odsuz ocaq qalanarmı?.. Qalanmaz!
Yoldaş olsan bir ağıldan kəm ilə,
Günün keçsə ah-vay ilə, qəm ilə,
Kirpiklərin islaq olsa nəm ilə
Ömrə ömür calanarmı?.. Calanmaz!
Qasırğalar yel atını çaparsa,
Dağı-daşı süpürləyib aparsa,
Yer kürəsin məhvərindən qoparsa
Öz oxunda dolanarmı?.. Dolanmaz!
Əsil kökdən nübar olsa, bar olsa,
Allah bizə kömək dursa, yar olsa,
Qanımızda qeyrət olsa, ar olsa,
Elim-obam talanarmı?.. Talanmaz!
Təqdim etdi:
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı
Ən çox oxunanlar
Son xəbərlər