Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Baş Qərargah rəisinə Ali Baş Komandan, ölkə Prezidenti etibar edir - RƏY

Baxılıb: 818     Tarix: 12-08-2020 10:17   

Məlum olduğu kimi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri birgə hərbi təlimlər keçirirlər. Hərbi təlimlərə həm Azərbaycan, həm də qardaş Türkiyə Ordusunun yüksək rütbəli zabitləri, eləcə də ən müasir hərbi texnika cəlb edilib. Lakin iki qardaş ölkənin birgə təlimlərini həzm edə bilməyən, bundan qorxuya düşən bəzi qüvvələr Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov haqqında dezinformasiyalar yayırlar. Bununla bağlı ehtiyyatda olan Polkovnik, hərbi ekspert Şair Ramaldanov "MediaPost"un suallarını cavablandırıb.
- Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin uğurla davam etdiyi vaxtda Ordu rəhbərliyi haqqında dezinformasiyaların yayılmasını necə qiymətləndirirsiniz?
- Bu, təbii bir haldır. Yəni Türkiyə Azərbaycan birgə təlimləri, dostlarımızı əlbəttə ki, sevindirə bilər. Dostlarımızı nə qədər sevindirirsə, bir o qədər də düşmənlərimizi müəyyən bir şəkildə qıcıqlandırması mümkündür. İnformasiya imkanlarını bu gün nəzərə alsaq, Türkiyə və Azərbaycanın irimiqyaslı və yüksək səviyyədə təlimlər keçirməsi, demək olar ki, Azərbaycan xalqı tərəfindən dəstəkləndi. Təbii ki, informasiya sahəsində düşmən tərəfindən təxribatını gözləməli idik. Əgər şkalaya baxsaq, bizim Silahlı Qüvvələrin rəhbərliyi haqqında informasiya sahəsində dezinformasiya yayılanda, onlar haqqında bəzən yersiz və təhqiramiz, Ordunun nüfuzuna xələl gətirən informasiya gedəndə, demək olar ki, biz düşmənin real təxribatını bir müddətdən sonra görürük. Əgər biz indi tarixə baxsaq, düşmənin təxribatının tarixlərini götürsək, onun ərəfəsində demək olar ki, Ordu rəhbərliyinə, müəyyən hansısa generallara, digər idarəçilikdə olan şəxslərə, müəyyən bir informasiya sahəsində atmacalar olur və istər video, istərsə də saytlarda bunlar hədəfə tutulur.


- Sosial şəbəkələrdə Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Türkiyəli hərbi qulluqçuların birgə təlimlərə gəlməsi ilə bağlı təhqiramiz ifadələr işlətməsi barədə məlumat yayılmışdı. Bu xəbərlərə Müdafiə Nazirliyi bu gün rəsmi açıqlama verdi, məlumatı təkzib elədi. Belə şayiələrin yayılmasında məqsəd nədir?
- Bizim general mütləq şəhid olmalıdır ki, ondan sonra biz Azərbaycan generallarını bir simvola çevirək? Azərbaycan Ordusunda hər bir general səngərdən çıxan generaldır. Azərbaycan Silahlı Qüvvələrinə rəhbərlik edən şəxslərin hamısı səngərdən çıxan hərbçilərdir. Onlar professional xidmət nəticəsində elə səviyyəyə yüksəliblər ki, artıq Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti onlara yüksək etimad göstərərək, yüksək vəzifəyə təyin edib. Onlar da öz xidmətlərini davam edirlər. Bu saat Silahlı Qüvvələrin Baş Qərargah rəisi hədəfə alınıb. Orduda hərbiyə aid olan bütün məsələlər sırf Baş Qərargah rəisi tərəfindən idarə olunur. O, şəxsən özü bunlara cavabdehlik daşıyır. Bu necə olur ki, bir balaca problem olan kimi, Baş Qərargah rəisinin üzərinə düşürlər. Aydındır ki, düşmən qıcıqlandırıcı yerə toxunmağa çalışır. Ancaq bunu yayan digər Azərbaycan vətəndaşları fitnəyə gedirlər və dezinformasiyanı dəstəkləyirlər. Baş Qərargah rəisinə şəxsən Ali Baş Komandan, ölkə Prezidenti etibar edir. Bu gün Azərbaycan zabiti özünə hörmət edir. Mən Baş Qərargah rəisi keçirdiyi müşavirədə hansı zabitlərin oturduğunu bilirəm. Sizə deyim ki, Azərbaycan Ordusunda elə bir zabit yoxdur ki, kimliyindən asılı olmayaraq elə bir söz kiminsə ağzından çıxsa, otursun və cavab verməsin. Mən bilirəm ki, Silahlı Qüvvələrin Baş Qərargah rəisi çox ciddi insandır. Bəzən sərt ifadələr işlədə bilər. Lakin sərt ifadələr daha çox onlara ünvanlanıb ki, hansı ki bizim Silahlı Qüvvələrin döyüş hazırlığında müəyyən bir nöqsanlar buraxılıb. Yəni bu sərt ifadələr onlara qarşı yönələ bilər. Lakin bu formada yox. İstəyirəm bir daha sosial şəbəkələrdə bunu yayan insanlara səslənim və onları diqqətli olmağa çağırım.


- Belə yalan məlumatlar Azərbaycan-Türkiyə arasındakı qardaşlığa zərər verə bilərmi?
- Hadisənin necə olduğunu orada kimlərin iştirak etdiyini bilmirlər, özləri orada olmayıblar. Açıq görünür ki, bu düşmənin informasiya sahəsində növbəti təxribatıdır. Niyə bunu görmürlər?! Sosial şəbəkələrdə bu məsələyə münasibət bildirənlər niyə belə savadsızdırlar? Heç olmasa, məntiqlə düşünsünlər. Mən o şəxslərə demək istəyirəm ki, bu təlimlər planlıdır. Hər il Türkiyə Silahlı Qüvvələri ilə plan hazırlayanda, o planı Baş Qərargah rəisi hazırlayır və ölkə rəhbərliyinə təqdim olunur. Orada Türkiyə ilə birgə fəaliyyətlər, Baş Qərargah rəisinin iştirakı ilə hazırlanır. Bu təlimlərin hazırlığı və keçirilməsində məhz Baş Qərargah rəisi iştirak edir. Necə olur ki, Baş Qərargah rəisi Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanla birgə fəaliyyətini bu formada qiymətləndirsin? Bu, absurddur və Azərbaycanla Türkiyə arasında olan dostluğa bir zərbədir. Bunu oxuyan bəzi savadsız türk vətəndaşları deyəcəklər ki, azərbaycanlılar bunu belə paylaşırlarsa, deməli, burada nəsə var. İki-üç cümlə yazmaqla Türkiyə-Azərbaycan münasibətlərinə elə bir ziyan gətirmək olar. Ancaq bu ziyan gətirməyəcək. Çünki bizim münasibətlərimiz ənənəvilik və səmimiyyət üzərində qurulub. Bu münasibətlərin kökü var və Ulu Öndərin qoyduğu prinsip əsasında inkişaf edir. Bir millət, iki dövlətik. Bu münasibətlərə heç kim mane ola bilməz. Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinə də heç kim mane ola bilməz. Ancaq bu məsələlərə də sosial şəbəkə istifadəçiləri özləri cavab verməlidirlər.


- N.Sadıkovun Rusiyanın Milli Qəhrəmanı olması ilə bağlı iddialar yayılsa da, nazirlik bununla bağlı təkzib məlumatı verdi. Ümumiyyətlə, nəyə görə Ordu rəhbərliyindən olan nümayəndə hədəfə alınıb?
- Biz ilk mənbənin kim tərəfindən yayıldığını bilmirik. Ermənidir, yaxud erməniyə işləyən kəslərdir bilmirik. Bütün bu dezinformasiyaların cavabı çoxdan verilib. Qardaşı haqda yayılan məlumatlar öz təsdiqini tapmadı və yalan olduğu ortaya çıxdı. İkincisi, Baş Qərargah rəisi Rusiyanın milli qəhrəmanı deyil. Dağıstanda yerli sakinlər ona olan hörmətdən özlərinə qəhrəman hesab edirlərsə, bu onların şəxsi işidir. Əgər bir şəhərdən çıxan şəxs belə yüksək vəzifəyə qalxıbsa və uzun müddət Azərbaycan Ordusunda Baş Qərargah rəisi vəzifəsini daşıyırsa və bu illər ərzində istər Ulu Öndərin, istərsə də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrin inkişaf siyasətini həyata keçirərək, onların əmrlərini yerinə yetiribsə, Azərbaycan Ordusu 50 ən güclü ordular sırasında yer alıbsa, burada Baş Qərargah rəisinin əməyi danılmazdır. Bütün bunlar öz-özünə əldə olunmur. Niyə bizim oxucular məsələlərə real və obyektiv yanaşmırlar? İnsan rus dilində danışırsa, bu onun Rusiyaya işləməsi anlamına gəlmir. Cənab Prezident özü kimə etibar etmək və hansı vəzifə və tapşırıqları vermək lazım olduğunu yaxşı bilir. Ucuz populizmlə məşğul olanlar ordumuzun nüfuzunu aşağı salan belə məlumatları dəstəkləməsinlər. Bəziləri deyir, belə bir məlumat var və bunu xüsusi dairələr yoxlasınlar. Mən onlara cavab verirəm ki, bütün məlumatlar yoxlanılır və hamısı daim nəzarət altındadırlar. Bu gün Ordu rəhbərliyində Prezident tərəfindən etibar edilən şəxslər təmsil olunublar və onlara olunan hörmətsizlik, həmin etibara olan hörmətsizlik kimi qəbul olunmalıdır. Belə bir məsələlərin cavabını cəmiyyət özü cavablandırmalı və sipər olmalıdır. Bu gün informasiya sahəsində hələlik düşmənə çox uduzuruq. Əgər bu gün Baş Qərargah rəisi və digər generallar haqqında belə məlumatlar sızıb və sosial şəbəkələrdə yayılırsa, demək biz düşməndən zəifik. Hamını informasiya müharibəsində öz vəzifəsini icra etməyə çağırıram. Cəmiyyət belə məlumatları yox etməklə Azərbaycan ordusuna dəstək olmalıdır. Cəmiyyət informasiya sahəsində də səfərbər olmalıdır. Azərbaycan Ordusuna və rəhbərliyinə qarşı yönələn belə məlumatların qarşısını almaq lazımdır. Müharibə ancaq döyüş bölgəsində getmir. Bu gün müharibə həm də cəmiyyətimizin zehnini müəyyən bir şəkildə zəhərləyərək, Silahlı Qüvvələrin nüfuzunu aşağı salmaq istiqamətində gedir. Hər an müharibənin aktiv fazasına keçə bilərik. Ona görə də, düşünməliyik ki, bu gün Ali Baş Komandan əmr versə, onun əmrini həyata keçirən, bütün döyüşləri planlaşdıran və istiqamətləri idarə edən şəxs həmin Baş Qərargah rəisi olacaq. Ona görə də, düşünürəm ki, dezinformasiyalara biz özümüz cavab verməliyik. Çünki bütün bunlar Azərbaycan Ordusunun nüfuzunu aşağı salmağa yönəlib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar