Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ERMƏNİLƏR ZƏNGƏZURUN KƏNDLƏRİNDƏN NİYƏ KÖÇÜRÜLÜR? - İki mühüm səbəb

Baxılıb: 368     Tarix: 05-11-2021 09:39   

Zəngəzurda yaşayan ermənilər təcili olaraq, dəyər-dəyməzinə evlərini, torpaq sahələrini satmağa başlayıblar. Bu sözləri Ermənistanın ən nüfuzlu daşınmaz əmlak agentliyi sayılan “Aksern”in baş direktoru Akop Baqdasaryan deyib. Onun sözlərinə əsasən, Zəngəzur daşınmaz əmlak bazarında canlanma son bir neçə aydır davam edir.
Başqa xəbərlərdə isə deyilir ki, Zəngəzurun Azərbaycanla sərhədə yaxın kiçik kəndləri hökumət tərəfindən köçürülür. Ermənilərin sərhəd kəndlərindən köçməsi haqda iddialar yayılsa da, bunun səbəbi haqda dəqiq səbəb deyən yoxdur.
Bu köçü Ermənistanda hərbçi qıtlığı ilə izah edənlər də var. Bildirilir ki, həmin kəndləri qorumaq üçün sərhədçi yoxdur və bu səbəbdən əhalisi 5-10 ailədən ibarət sərhədyanı kəndlər boşaldılır. Daha bir iddia isə yeni salınan Ermənistan-İran yolunun tikintisi ilə bağlıdır.
Bu arada Ermənistan Gorus-Qafan avtomobil yoluna alternativ olaraq çəkilən 43 kilometrlik Tatev-Aqvan yolunun tikintisini yaxın tezlikdə başa çatdırmağı düşünür. Bunu ölkənin idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib. Sanosyanın sözlərinə görə, hava şəraiti imkan verərsə, yolun tikintisi bu həftə başa çatacaq.


Xatırladaq ki, bu ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələri Gorus-Qafan avtomobil yolunun onların nəzarətində olan sektorunda post qurub. Bu postda İrandan Ermənistana gedən yük maşınlarının yoxlanmasına başlanıb. Elə həmin vaxt İran rəsmiləri Gorus-Qafan yoluna alternativ olaraq çəkiləcək yolun tikintisində Tehranın İrəvana dəstək verəcəyini bildirmişdilər. İran indi bu məsələdə Ermənistana hərtərəfli dəstək verir.
Lakin Sanosyan etiraf edib ki, alternativ yolun Tatev aşırımı hissəsi ən mürəkkəb hərəkət sektoru olacaq: “Tat dərəsində üç döngə var. Burada yük maşınları çox böyük çətinliklə dönürlər. Amma bu, hər halda, qeyri-mümkün deyil, keçmək olur. Bu problemi nəzərə alaraq, daha doğrusu, bu problemin olmaması üçün biz hazırda Tatev-Ltsen yolunun çəkilişi proqramını həyata keçiririk. Hazırda 19 kilometrlik bu hissədə iki tərəfdən iki şirkət işləyir. Bu il biz bu yolun çınqıl örtüyünü başa çatdıracağıq, amma asfaltlama işləri 2022-ci ilə qalacaq”.
Nazirin sözlərinə görə, başqa yolun çəkilməsi o demək deyil ki, Ermənistanın Gorus-Qafan yolunun Azərbaycanın nəzarətində olan 21 kilometrinə heç bir ümidi qalmayıb. Sanosyan qeyd edib ki, bu problem sərhədin delimitasiya və demarkasiyası ilə başa çatacaq.
Bu iddia və ehtimallardan hansı daha çox həqiqətə yaxındır? Zəngəzurun sərhəd kəndləri yeni İran yoluna görə boşaldılır, yoxsa başqa səbəblər var?


      Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, bu köçürülmələr Ermənistan siyasi hakimiyyətinin daxilində Zəngəzur dəhlizinin açılması ilə bağlı hələ xalqa tam açıqlanmayan qərardan doğur: “Eyni zamanda keçmiş SSRİ dövründəki xəritələrin əsasında Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası barədə müzakirələr də bu köçürülmələrdə rol oynaya bilər. Sərhədlərin delimitasiyası və demarkasiyası sərhəd xəttinə düşəcək kiçik kəndlərin əhalisinin orada yaşamasını qeyri-mümkün edəcək. Bunu Ermənistan hökuməti bilir. Hökumət, hər halda, onu da düşünür ki, revanşist qüvvələrə bağlı olan təxribatçılar sərhəd xəttindəki kiçik kəndlərə sızaraq təxribatlar törədə və aranı qarışdıra bilər. O baxımdan da sərhəd xəttində yerləşən kəndlərin köçürülməsi zərurəti meydana gələ bilər. Bütün hallarda baş verən proseslər Azərbaycanın qələbəsinin nəticəsidir, Zəngəzur dəhlizinin açılması ilə bağlı olan məsələlərdir”.
Ç.Qənizadə qeyd etdi ki, erməni mediası hər gün Ermənistanın Azərbaycan sərhədlərinə yaxın bir sıra kəndlərini boşaltmaqda davam etdiyi barədə xəbərlər yayır. Bu xəbərləri təsdiqləyən bəzi görüntülər də mövcuddur: “Həqiqətən də bəzi kəndlərdə 10-15 ev var. Bu cür kəndlərin perspektivi olmadığını da Ermənistan hakimiyyəti nəzərə alır. Hesab edirlər ki, 10-15 ailə üçün hansısa bir inzibati ərazi vahidinin formalaşması, infrastrukturun qurulması Ermənistan iqtisadiyyatına sərf etməz. O baxımdan bu cür kəndlərin köçürülməsi və birləşdirilməsi Ermənistan hökumətinin siyasətinin tərkib hissəsi ola bilər. Amma digər məsələni də nəzərə alsaq ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasından sonra bu kəndlərin birbaşa sərhəd xəttində yerləşməsi İrəvanı rahatsız edəcək və insanların orada yaşaması qeyr-mümkün olacaq, onda hökumətin həmin kəndləri köçürməsinin daha bir səbəbi də aydınlaşır. İrəvan hesab edir ki, onsuz da o kəndlərin əhalisini orada saxlamaq mümkün olmayacaq. Ona görə də indidən əhalini köçürür. Bu, məsələnin xalqa bəyan olunan tərəfidir. Bəzi kəndlərin köçürülməsini isə İrəvan Ermənistan-İran arasında açılan yeni yolla əsaslandırmağa çalışır. Lakin hesab edirəm ki, bu bir bəhanədir və əsaslı arqument deyil”.

Qanunvehedef.azшаблоны для dle 11.2