Baş Prokurorluq Bərdə terroru ilə bağlı bəyanat yaydı
Baxılıb: 803 Tarix: 27-10-2022 11:06
Vətən Müharibəsi zamanı Bərdə şəhərinə edilmiş raket hücumları ilə əlaqədar Baş Prokurorluq bəyanat yayıb.
Qanunvehedef.az-a daxil olan bəyanatda bildirilib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini və humanitar atəşkəs rejiminin tələblərini pozaraq, döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonlarındakı mülki infrastruktur obyektlərini ballistik raketlərlə, eyni zamanda qadağan olunmuş artilleriya silahları ilə atəşə tutaraq insanlıq və sülh əleyhinə, habelə müharibə cinayətləri törədib, müharibəyə aidiyyəti olmayan, gündəlik qayğıları ilə yaşayan mülki şəxsləri vəhşicəsinə qətlə yetirib, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə irimiqyaslı zərər vurublar:
“2020-ci il oktyabrın 5-də Ermənistan silahlı qüvvələri tərəfindən müharibə ərazisindən kənarda yerləşən Bərdə şəhərinə ilk raket hücumu edilib, nəticədə 1-i qadın, 1-i kişi olmaqla 2 nəfər qəsdən öldürülüb, 2-si qadın, 5-i kişi olmaqla 7 nəfər dinc sakin xəsarət alıb.
Təcavüzkar dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edilib, nəticədə 8 (kişi) nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət alıb.
2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinin raket hücumuna məruz qalması nəticəsində 3-ü qadın, 1-i kişi, 1-i uşaq olmaqla 5 nəfər ölüb, 7-si qadın, 7-si uşaq olmaqla 14 nəfər xəsarət alıb.
Qeyd edilən tarixlərdə Bərdə rayonunun raket və ağır artilleriyadan bombalanması nəticəsində 4-ü qadın, 2-si kişi, 1-i uşaq olmaqla 7 nəfər şəxs qəsdən öldürülüb, 9-u qadın, 13-ü kişi, 7-si uşaq olmaqla 29 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə şəhər əhalisinin gur olduğu yerlər, o cümlədən mülki şəxslərin kompakt yaşadığı hissələrinin hədəfə alınmasında məqsəd daha çox insanın həyatına son qoymaq olub.
Baş Prokurorluq beynəlxalq təşkilatları və bütövlükdə dünya ictimaiyyətini Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçərək onların qətli ilə nəticələnən sülh və insanlıq, eləcə də müharibə cinayətləri törətmiş Ermənistana və onun hərbi-siyasi rəhbərliyinə qarşı hüquqi məsuliyyət tədbirlərini görməklə beynəlxalq hüququn aliliyini təmin etməyə çağırır.
İnsanlıq və sülh əleyhinə olan cinayətləri qınayır, həlak olanların xatirəsini dərin hüznlə yad edirik!".
Ən çox oxunanlar
Son xəbərlər