“Həkiminin tövsiyəsinə baxmayaraq, verilişə davam edib”
Baxılıb: 569 Tarix: 27-04-2023 13:15
Xəbər verdiyimiz kimi, iki gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkə mediasına müsahibəsində halı pisləşmiş, bu zaman canlı yayıma fasilə verilmişdi.
Yayım bərpa ediləndən sonra isə o, seçkiqabağı kampaniya çərçivəsində gərgin tempdə işlədiyindən soyuqladığını və mədəsinin ağrıdığını bildirmiş, həmçinin tamaşaçılardan halallıq istəmişdi.
“Qafqazinfo”nun məlumatına görə, “Hürriyet”in köşə yazarı Abdulkadir Selvi “Erdoğan canlı yayında rahatsızlanınca neler yaşandı” yazısında hadisənin təfərrüatını açıqlayıb.
Onun sözlərinə görə, Ərdoğanın əslində xəstə olduğu, mədəsinin ağrıdığı efirə çıxmazdan öncə məlum imiş. Hətta yayımın ləğvi ilə bağlı ona müraciətlər olub. Lakin o, “söz vermişəm. Ləğv edilməsin. Verilişdə iştirak edəcəyəm” deyərək təkid edib.
Türkiyə liderinin komandası yayımdan öncə Kanal7 və Ülke TV-nin heyətinə “Prezidentimiz bu gün 17 saat çalışdı. Bir az narahatdır. Mədəsinə soyuq dəyib” deyiblər. Bundan sonra Ərdoğanın xəstələnməsinə görə verilişin müddəti qısaldılıb.
Selvi bildirib ki, Ərdoğanın halı pisləşəndən sonra həkimi Serkan Topaloğlu dərhal ilkin tibbi yardım göstərib və dövlət başçısının səhhəti normallaşıb. Lakin həkimi ona verilişə davam etməməsini tövsiyə edib. Buna baxmayaraq, Türkiyə Prezidenti 21 dəqiqəlik fasilədən sonra yayıma çıxmağa üstünlük verib.
Köşə yazarı onu da qeyd edir ki, hadisədən sonra FETÖ terror təşkilatının üzvləri sosial şəbəkədə dezinformasiya yayaraq “Adam öldü” tipli tvitlər yazıblar.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər