Ucuz kirayə evləri harada tapmaq olar? - Ekspert
Baxılıb: 365 Tarix: 17-09-2021 10:54
Artıq sentyabrın 29-dan etibarən universitetlərdə dərslər başlayır. Rayondan gələn tələbələr universitetlərə yaxın ərazilərdə kirayə ev axtarırlar. Lakin ya qiymətlər bahadır, ya da ümumiyyətlə kirayə ev yoxdur.
Qanunvehedef.az xəbər verir ki, kirayə ev tapmaqda ən çox əziyyət çəkən oğlan tələbələrdir. Çünki əksər universitetlər yataqxanalarında qız tələbələrin yerləşdirilməsinə üstünlük verir. Universitetlər oğlanlara nəzarət etməyin çətin olduğundan belə bir qərar verdiklərini bildirirlər.
Əmlak eksperti Elnur Fərzəliyev saytımıza bildirib ki, kirayə mənzil bazarında getdikcə ucuz mənzillərin sayı azalır:
“2016-cı ildən etibarən pilot layihələr çərçivəsində köhnə tikili 3 və 5 mərtəbəli binalar, həmçinin həyət evləri sökülür. Bu səbəbdən həmin binalardakı ucuz kirayə mənzillər də sıradan çıxdı. Sökülən binalarda yaşayan sakinlər bina tikilib təhvil verilənə qədər özləri 2 il müddətində kirayədə qalırlar. Bu, artıq paytaxtda yeni bir kirayəçi formalaşdırır. Beşmərtəbəli binada 60 mənzil olduğunu nəzərə alsaq, hər binadan 60 ailə kirayə ev götürür. Sökülən binaların yerində tikilən yeni binalarda avtomatik olaraq qiymətlər qalxır. Köhnə beşmərtəbəli binada birotaqlı mənzil 300 manat idisə, yeni tikilidə 500-600 manata olur”.
Ekspert qeyd edib ki, daha ucuz evlər artıq yoxdur. Mənzillərin poryektinə görə qiymətlər dəyişir:
“Leninqrad” və “stalinka” binalardakı mənzillər daha böyük olduğu üçün təxminən “xruşşov” layihəsinə nisbətdə 50-70 manat bahadır. Çünki bu evlərin satış qiyməti də digər evlərlə müqayisədə yüksəkdir. Mənzil və obyektlərin kirayə qiyməti həmin əmlakın bazar dəyərinin 0,5%-i həcmində olur. Birotaqlı “xruşşov” layihəli evin satış qiyməti 60 min manatdırsa, təxminən onun kirayə qiyməti 200 manat, ikiotaqlı evin qiyməti 80 min manatdırsa, kirayə qiyməti 400 manata yaxın olur”.
E.Fərzəliyev bildirib ki, ucuz kirayə evləri daha çox şəhər kənarında tapmaq mümkündür:
“Abşeron ərazisində, Bakı kəndlərində, Binəqədi, Xırdalan ərazilərində evlər şəhərə nisbətən ucuzdur. Həyət evlərində isə ev sahibi ilə bir həyətdə yaşadıqda 12-15 kvadratlıq mənzilin kirayəsi 100 manat olur. Əgər girişi ayrı olan evdirsə, qiymət 100-200 manat arasında dəyişir. 200 manatdan yuxarı ev axtaranlar artıq şəhərə üz tuturlar. Çünki şəhərdən kənarda yaşadıqda yol xərcləri artır, vaxt itkisi olur. Kirayə ev axtararkən tələbələr bütün bunları da nəzərə də almalıdırlar”.
Ən çox oxunanlar
Son xəbərlər