Bu il 248 uşağa Polad, 65 uşağa isə Xudayar adı verilib
Baxılıb: 458 Tarix: 01-11-2021 11:16
Bu il doğumu qeydə alınan uşaqlara Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan ən populyar iki ad məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, 2021-ci ilin yanvar-oktyabr aylarında Vətən müharibəsi iştirakçılarının şərəfinə qoyulan adlar arasında Polad və Xudayar üstünlük təşkil edir.
2020-ci ildə və 2021-ci ilin on ayı ərzində hər iki adın uşaqlara verilməsi halı əvvəlki illərlə müqayisədə kəskin artıb. Ölkəmizdə Polad adı 2020-ci il ərzində, Xudayar adı isə Vətən müharibəsi dövründə məşhurlaşıb.
Bu ilin hələ yanvar-oktyabr ayları ərzində yeni doğulan 248 körpəyə Polad adı verilib. Belə ki, 2018-ci ildə 55 uşağa, 2019-cu ildə 53 uşağa Polad adı verilmişdisə, ötən il Polad adı verilən uşaqların sayı 193 olub.
Bununla yanaşı, bu ilin on ayında 65 uşağa Xudayar adı verilib. Bu ad ötən il ərzində cəmi üç nəfərə qoyulmuşdusa, 2019-cu ildə ölkədə yeni doğulan uşağa bu adın verilməsi qeydə alınmamışdı. 2018-ci ildə isə cəmi bir uşağa Xudayar adı verilmişdi.
Bu ilin birinci yarısında Polad adı 154 körpəyə, Xudayar adı isə 33 körpəyə verilib.
Beləliklə, son aylar ərzində, yəni iyul, avqust, sentyabr və oktyabr aylarında Polad adı daha 94 uşağa, Xudayar adı isə daha 32 uşağa verilib. Bu da o deməkdir ki, ölkədə yeni doğulan oğlan uşaqlarına bu adların verilməsi kəskin artıb.
Qeyd edək ki, Polad adı ötən il Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
Xudayar adı isə Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır" təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər