“Buster” doza ilə peyvəndlənənlərdə anticisimlər daha uzun müddət qalır”
Baxılıb: 327 Tarix: 10-11-2021 13:13
"Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə intensiv hal almağa başlayıb. Ölkədə yarım milyon nəfərə yaxın vətəndaş qüvvətləndirici doza peyvənd vurdurub. Bu, yaxşı haldır. Çünki koronavirusla mübarizə üçün kütləvi immunitetin formalaşdırılması vacibdir. İki doza peyvənd vurdurmuş şəxslərin orqanizmində yaranan immunitetin 6 aydan sonra zəiflədiyini nəzərə alaraq, deyə bilərik ki, “buster” dozanın əhəmiyyəti böyükdür. Vaksinasiyanın üçüncü mərhələsində iştirak etməklə vətəndaşların orqanizmində COVID-19 əleyhinə yaranmış anticisimlərin sayı artmağa başlayır. Onu da qeyd edim ki, “buster” dozanın miqdarı digərləri ilə fərqlənmir".
Qanunvehedef.az xəbər verir ki, bunu "AzəTAc"a açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının həkim-infeksionisti Könül Cəfərova deyib.
Həkim-mütəxəssis bildirib ki, “buster” dozanın fərqli heç bir yan təsiri yoxdur: “Qüvvətləndirici doza nəticəsində anticisimlər orqanizmdə daha uzun müddət qala bilir. Risk daşıyan vətəndaşların “buster” doza vurdurması faydalıdır, çünki həmin kateqoriyaya aid olanların koronavirusa yoluxma və yoluxduğu halda xəstəliyi ağır keçirmə ehtimalı çoxdur. Koronovirusun son vaxtlar yaranmış AY.4.2 növü daha yoluxdurucudur. Koronavirusun yaranan yeni ştamlarının fərqli xüsusiyyətlərə malik olduğunu nəzərə alaraq ehtiyatlı davranmaq və vaksinasiyada aktiv iştirak etmək lazımdır. Həmçinin qeyd etmək lazımdır ki, hazırda ölkədə istifadə edilən peyvəndlərin hər biri yeni ştamlara qarşı effektivdir. Bütün vətəndaşların “buster” doza ilə peyvəndlənməsi tövsiyə edilir”.
Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 9 milyon 928 min 938, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 999 min 583, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 438 min 477 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 490 min 878 nəfər təşkil edir.
Ən çox oxunanlar
Son xəbərlər