Dünya əhalisi artır, iqlim dəyişir, əkinəyararlı torpaqlar azalır
Baxılıb: 285 Tarix: 14-12-2021 14:31
Planetimizdə 4750 milyon hektardan çox ərazi kənd təsərrüfatı məqsədilə istifadə olunur. Çoxillik və birillik bitkilərin becərildiyi sahələrin həcmi 1500 milyon hektardan artıqdır, 3300 milyon hektara yaxın örüş və otlaq yerləri isə heyvandarlıq məqsədilə istifadə olunur. Son 20 il ərzində dünyada əkin torpaqlarının ümumi sahəsində ciddi dəyişiklik baş verməyib, lakin bağların və suvarılan sahələrin həcmi artıb. Çəmənliklər və otlaq üçün nəzərdə tutulan yerlər isə ildən-ilə azalmaqdadır.
Qanunvehedef.az xəbər verir ki, bu rəqəmlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son hesabatında öz əksini tapıb.
Hesabatda bildirilir ki, iqlim dəyişiklikləri ilə əlaqədar torpaqlardan istifadəyə yanaşma da dəyişir. Təsərrüfatlar məhsulun böyümə mərhələlərini yeni istilik rejimlərinə uyğunlaşdırırlar, bu isə xəstəliklərin və zərərvericilərin yayılmasına xüsusi təsir göstərir. Planetin su dövranında baş verən dəyişikliklər, yağıntıların azalması, quraqlığın artması dəmyə və suvarılan əkinlərdə istehsalın tənzimlənməsini tələb edir. İqlim dəyişiklikləri, su dövranının pozulması, kənd təsərrüfatı məhsullarının istehsalına və məhsulların ekoloji göstəricilərinə təsirsiz ötüşmür. Bəzi regionlarda, xüsusilə orta enlikdə yerləşən ərazilərdə quru subtropik bölgələrdə bərpa olunan su ehtiyatlarının azalacağı, yüksək enliklərdə və rütubətli orta enliklərdə yerləşən ərazilərdə isə artacağı proqnozlaşdırılır.
Əhali çoxalır, istehlak artır, torpaqlar azalır
Hesabatda qeyd olunur ki, iqlim dəyişikliyinin əsas təsir obyekti torpaqlardır. Ənənəvi əkinçiliyin davam etdiyi torpaqlar havaya karbon dioksid emissiyasının əsas mənbəyi olaraq qalır. İnsan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində bütün dünyada torpaqların şoranlaşması davam edir, şoranlaşma nəticəsində hər il dünya üzrə 1,5 milyon hektara yaxın ərazi əkin dövriyyəsindən çıxır. Bu prosesdə insanların kənd təsərrüfatı fəaliyyəti zamanı sudan kortəbii istifadə etməsi də böyük rol oynayır.
Dünya tarixində heç vaxt su və torpaq ehtiyatlarına bu qədər təzyiq olmayıb, təzyiqlərin artması torpaq və su sistemlərinin məhsuldarlıq imkanlarını son həddə çatdırır. 2000-2019-cu illərdə dünya üzrə əkin sahələri 63 milyon hektar artıb, suvarılan sahələrin həcmində 2 dəfə, dəmyə əkinlərdə 2,6 faiz artım olub. Bu dövr üçün əhalinin artım tempi daha yüksəkdir, bu səbəbdən 2000/2017-ci illərdə adambaşına düşən əkinçilik və heyvadarlıq üçün istifadə olunan torpaqlar 20 faiz azalıb. 2017-ci ildə dünya üzrə adambaşına düşən kənd təsərrüfatı təyinatlı torpaqların həcmi 19 sot təşkil edib.
FAO-nun hesabatında bildirilir ki, iqtisadi artım, şəhərləşmə və iqtisadi artım torpaq və su ehtiyatlarına tələBatı çoxaldır. Bu isə öz növbəsində iqlimə mənfi təsir göstərir. Proqnozlaşdırılan iqlim dəyişiklikləri əkinəyararlı torpaqlardan daha çox məhsul estehsal etməyi tələb edir, bu isə yalnız əkinçilik ənənələrini və idarəetmə prinsiplərini dəyişməklə, yüksək texnologiyaları aqrar məhsul istehsalına cəlb etməklə mümkündür. Çünki torpaq və su ehtiyatlarını genişləndirmək, suvarılan sahələri artırmaq, əkin dövriyyəsinə yeni torpaqlar əlavə etmək imkanları çox məhduddur.
Hesabatda daha marqlı bir məqama toxunulur. Yüksək gəlirlər və şəhər həyat tərzi qidaya olan tələbatda heyvani mənşəli zülalların, meyvə və tərəvəzin istehlakını artırır. Dünya əhalisinin 2050-ci ilədək 26 faiz artaraq 9,7 milyarda çatacağı gözlənilir. Ən sürətli artım dünyanın yoxsul bölgələrinin payına düşəcək. Planetdə ifrat yoxsulların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayır və onların dolanışıq vasitələri qeyri-mütənasib olaraq kənd təsərrüfatından asılıdır. Bu sektor isə indi və gələcəkdə ciddi iqlim risklərinə məruz qalır.
Nəzarətsiz urbanizasiya və məcburi miqrasiya prosesləri də nəzərə alınmalıdır. 2050-ci ilə qədər hər üç nəfərdən ikisi şəhər və şəhərlərdə yaşayacaq. Şəhər sakinləri istehsal olunan bütün ərzaqların 80 faizini istehlak edirlər.
Torpaq və sudan kortəbii istifadə - məhsuldarlığı aşağı salan əsas amil
Torpaq və su sistemlərinin məruz qaldığı qlobal təzyiq amilləri kənd təsərrüfatının məhsuldarlığına xələl gətirir. Bu, davamlı qlobal ərzaq hədəflərinə çatmaq üçün böyüməyə ən çox ehtiyac duyulan vaxtlarda və yerlərdə baş verir. İnsan fəaliyyəti nəticəsində torpaqların deqradasiyaya uğraması və su qıtlığı kənd təsərrüfatı istehsalı və ekosistem xidmətləri üçün risk səviyyəsini artırır. İqlim dəyişikliyi və ekstremal hidroloji və meteoroloji hadisələr bütün istehsalçılara təsir edəcək.
Kənd təsərrüfatı üçün mövcud torpaq və sudan istifadənin miqyası və intensivliyi bir çox yerli səviyyələrdə davamlı deyil. Xüsusilə gözlənilməz quraqlıq məhsul istehsalını kəskin şəkildə azaldır, ərzaq tədarükü sistemi qlobal səviyyədə pozulur.
İqlim dəyişikliyi ilə bağlı proqnozlar, temperatur dəyişikliklərinin istehsal risklərini necə artıra biləcəyini göstərir. Torpaqların insan fəaliyyəti nəticəsində deqradasiyası riski ilk növbədə əkin sahələrinə təsir göstərir. Dmyə əkin sahələrinin demək olar ki, üçdə biri və suvarılan torpaqların təxminən yarısı insanların yaratdığı torpaq deqradasiyası riskinə məruz qalır. Proqnozlara görə, torpaqların şoranlaşması nəticəsində hər il 0,3-1,5 milyon hektar sahə əkin dövriyyəsindən çıxacaq və daha 20-46 milyon ha sahədə məhsuldarlıq aşağı düşəcək.
Ekspertlərin ümumi qənaətinə görə, mövcud durum kənd təsərrüfatının idarə olunmasında yeni yanaşmaların dəstəklənməsini, torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni, məhsul istehsaına yüksək texnologiyaların, innovasiyaların cəlbini tələb edir. Bütün dünyada torpaq və su ehtiyatlarından daha səmərəli istifadə önəmli çağırışa çevrilir, bu çağırışlara düzgün dəyərləndirilməsi iqlim dəyişikliyi kimi önəmli faktorun kənd təsərrüfatına təsirini azalda bilər.
Ən çox oxunanlar
Son xəbərlər