Xəbər lenti
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Benzin bahalaşırsa, gediş haqqı da artmalıdır? - AÇIQLAMA

Baxılıb: 441     Tarix: 28-09-2022 12:50   

Xəbər verdiyimiz kimi, sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda gediş haqqı ilə bağlı tarif (qiymət) siyasətinə yenidən baxılması üçün Tarif Şurasına müraciət ediblər. Bu addım cəmiyyətdə birmənalı qarşılanmayıb. Daha əvvəl ölkədə bir çox məhsulların bahalaşdığını nəzərə alsaq, bu addım əhalinin haqlı narazılığına səbəb olub.
İctimai nəqliyyatda gediş haqqının artırılması təklifi benzin qiymətinin artırılması ilə əlaqələndirilir. Benzinin bahalaşması gediş haqqının artırılmasına əsas verirmi? Belə yanaşma düzgündürmü?
Mövzu ilə bağlı iqtisadçı ekspert Elmir Səfərli BiG.AZ-a bildirib ki, qiymətlərin artırılmasından ziyadə, dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzələməlidir:
"Bildiyiniz kimi, son bir ildə dünya səviyyəsində hökm sürən qlobal inflyasiya Azərbaycandan da yan ötmür. Təbii olaraq, son 1 ildə yanacağın qiymətinin artması, eləcə də Tarif Şurasının müxtəlif sahələr üzrə qiymət indeksini dəyişməsi, öz növbəsində, bütün istehsal və xidmət sektoruna təsir edib. Bu halda özəl nəqliyyat şirkətlərinin müraciətləri əsaslı hesab edilə bilər. Çünki istər istehsal sahəsi olsun, istər xidmət sahəsi, görülən hər bir işin maya dəyəri mövcuddur. Maya dəyərini təmin edən iqtisadi komponentlərin birində baş verən artım, avtomatik olaraq maya dəyərinin artmasına səbəb olacaq.
Bu şirkətlərin göstərdikləri nəqliyyat xidmətinə görə aldıqları ödəniş maya dəyərini və biləvasitə əlaqəsi olmayan digər xərcləri qarşılamaya bilər. Bu halda şirkətlər zərərlə üzləşəcək. Bir də nəqliyyat şirkətlərində istifadə edilən nəqliyyat vasitələrinin amortizasiya xərcləri mövcuddur ki, bu gəlirlə bu xərcləri qarşılamaq olduqca çətindir. Bu baxımdan, şirkətlərin Tarif Şurasına müraciəti başadüşüləndir.
Lakin qiymət artacağı təqdirdə, vətəndaşlar digər tərəfdən çətinliklə üzləşəcəklər. Onsuz da durmadan artmaqda olan ərzaq qiymətləri ilə yanaşı, ictimai nəqliyyatın qiymətinin də artması əhalinin ciddi narazılığına səbəb ola bilər. Bu kontekstdə insanların satın alma gücü indeksi aşağı düşəcək. Belə olan hallarda, düşünürəm ki, qiymətlərin artırılmasından ziyadə, dövlət özəl nəqliyyat şirkətlərinin üzləşdiyi xərclərin bir qismini xüsusi kompensasiyalarla əvəzələyə və qiymət artımının qarşısını ala bilər".
Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu, öz növbəsində, bildirib ki, bu yanaşmada müəyyən məntiq olsa da, əhalinin sosial vəziyyəti ilə qiymət artımı üst-üstə düşməlidir:
"Bu yanaşmada müəyyən bir məntiq var. Çünki benzinin qiyməti artırsa, ictimai nəqliyyat xərcləri də artır. Belə olan halda xüsusi proqramlar olur. Bu proqramlar əhalinin sosial vəziyyətini müdafiə etmək üçün həmin özəl sərnişindaşıma və nəqliyyat şirkətlərinə müəyyən dəstək ola bilər. Yəni bunu birbaşa əhalinin üzərinə atmaq əvəzinə, dövlət büdcəsindən həmin şirkətlərə kompensasiya olaraq müəyyən bir dəstək göstərmək olar. O aman belə hallar olmaz. Birdən-birə hər şeyi necə gəldi yalnız əhalinin üzərinə yıxmaq düzgün deyil. Bunun iqtisadi mexanizmləri araşdırılmalıdır, əlavə vasitələr axtarılmalıdır, ciddi elmi tədqiqat mərkəzləri təhlil etməlidir, Ən asan yolu əhalidən bunu yığmaqdır. Bu, düzgün addımlar deyil.
Əhalinin bir çox hissəsinin iqtisadi vəziyyəti buna imkan vermir. Yəni əhalinin maaşı çox olsaydı, burada qeyri-adi bir şey olmazdı. Eyni zamanda əhalinin xərcləri də çoxalır. Çünki bir çox sahələrdə qiymət artımı var. Maaş artmayıb, amma ərzaq, benzin və digər məhsullar bahalaşıb. Belə bir vaxtda hansısa yolla bu vəziyyəti yüngülləşdirməyə çalışmaq lazımdır. Birdən-birə bu cür qiymət artımını mənfi qiymətləndirirəm. Başqa ölkələrdə də avtobusla gediş haqqı bahadır, lakin orada əmək haqqı çoxdur. Ümumiyyətlə, ölkədə həmişə pulun alıcılıq qabiliyyətini və əhalinin maaşını fikirləşmək lazımdır. Çünki əmək haqqı çox da ola bilər, amma pulun alıcılıq qabiliyyəti aşağı olar. Bu zaman gərək bunlar bir-birilə müqayisə olunsun. Bir tərəfdən əmək haqqı artmır, digər tərəfdən də bazarda qiymətlər qalxır. İstər geyim, istərsə də ərzaq malları olsun. Ona görə də bu məsələdə planlama aparan, iqtisadi məsələlərlə bağlı təhlillər aparan insanların da üzərinə məsuliyyət düşür ki, burada doğru-dürüst arayış tərtib etsinlər. Bunların arxasında ciddi elmi təhlillər olmalıdır. Təəssüf ki, biz bu təhlilləri eşitmirik".

Qanunvehedef.azшаблоны для dle 11.2