Məhkəmə qərarlarına niyə əməl edilmir.
Baxılıb: 808 Tarix: 11-08-2020 07:51

Şirvan şəhər sakini Atamalıyev Telman Atamoğlan oğlu çoxsaylı yazı və şikayətlərində müxtəlif instansiyalara müraciət edərək hüquqlarının bərpa edilməsini, qanuni iş stajının yersiz olaraq kimlərinsə səhlənkarlığı ucbatından hesablanmaması barədə şikayət edir.
İşin mahiyyəti ilə tanış olduqda, müxtəlif məhkəmə orqanlarında verilmiş ərizələr sübut edir ki, həqiqətən onun haqlı tələbləri və əmək hüququ məsuliyyətsiz məmurlar tərəfindən pozulmuşdur.
Yazmadığı yer, açmadığı qapı qoymayan Telman Atamalıyev sadə bir məsələdən ötəri aylarla məhkəmə qapılarında sürünür, ged-gələ salınır, əmək stajının faktı təsdiqi yubanır.
Şirvan şəhər məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(032)-284/2020 saylı son qərarına (qətnaməsinə) diqqət yetirək. Məhkəmənin hakimi Ziya Əliyevin sədrliyi ilə işə baxılaraq nəhayət ədalətli bir hökm çxarılmış, Telman Atamalıyevin qanuni tələbləri və hüquqları olan ərizəsi təmin edilmişdir.
Amma nə edəsən?
Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdir əvəzi Vidadi Nurəlizadə iki ayağını bir başmağa qoyaraq tərsliyindən əl çəkmək istəmir və məhkəmənin qərarını da saymır. Kiçik bir məsələnin sadə həlli yolu olmasına baxmayaraq, iş uzadılır, yeni yazışmalara, haqlı şikayətlərə yol açılır.
Telman Atamalıyevin haqlı şikayəti məhkəmə prosesi zamanı araşdırılmış, şahid ifadələri ilə təsdiqlənən əmək stajı öz qanuni həllini tapmışdır. Ancaq Dövlət Sosial Müdafiə fondunun müdür əvəzi Vidadi Nurəlizadə öz tərsliyindən əl çəkmir ki, çəkmir. Özbaşınalıq o dərəcəyə çatmışdır ki, hamı üçün məcburi olan və dərhal yerinə yetirilməli olan məhkəmə qərarına da etinasızlıq göstərilir. Bunun isə bir adı var;
Özbaşınalıq və Qudurğanlıq. Belə məmurlar barədə ölkə prezidenti özünün ciddi fikirlərini söyləmiş və xəbərdarlıq etmişdir.
Görünür Vidadi Nurəlizadənin bunlardan xəbəri yoxdur, əgər olsaydı məhkəmənin qərarına əməl edərdi
Q.Həsənli
Ən çox oxunanlar

Son xəbərlər
