XARİCDƏ ƏMƏK TƏCRÜBƏSİ OLAN HƏKİM-BİOLOQU NİYƏ VƏTƏNDƏ İŞƏ GÖTÜRMÜRLƏR?
Baxılıb: 896 Tarix: 14-09-2020 12:03
Dünyanı cənginə alan, heç indi də tam səngiməyən koronavirus pandemiyası ölkəmizdə də xeyli sayda insanın ölümünə səbəb olub, infeksiyanın sürətlə yayılmaması üçün tətbiq olunan karantin rejimi səbəbindən çoxlu iş yerləri bağlanıb, iqtisadiyyata ağır ziyan dəyib. Dövlətimiz bu dövrdə yaranmış qlobal iqtisadi vəziyyətlə bağlı çətinliklərlə üzləşmiş vətəndaşların sosial müdafiəsini təmin etmək üçün işləməyən şəxslərə, sahibkarlara birdəfəlik yardımlar edib ki, bu da büdcəyə əlavə yükdür.
Əlbəttə, pandemiyanın ciddi zərər vurduğu sahələrdən biri və birincisi səhiyyə olmuşdur. Dövlətimiz koronaviruslu xəstələrə tibbi xidmət göstərilməsi üçün həm yeni modul tipli xəstəxanalar, minlərlə yerlik çarpayılar istfadəyə verdi, həm də mövcud tibb müəssisələrində infrastrukturun yaxşılaşdırılmasına, koronavirusla mübarizəyə uyğunlaşdırılmasına diqqət yetirildi. Dərman preparatlarının, tibbi ləvazimatların, laboratoriyaların alınmasına külli miqdarda vəsait xərclənildi, xəstəliyin vaxtında üzə çıxarılması, daha geniş əhatədə yayılmaması üçün kütləvi testləşdirmə işi aparıldı. Karantin rejimində saxlanan vətəndaşlar üçün də ölkəmizdə bütün dünya üzrə nümunəvi şərait yaradıldı. Dövlətimiz minlərlə vətəndaşının xarici ölkələrdən təxliyə olunmasına kömək göstərib və bu proses yenə davam etdirilir.
İnsanların təhlükəli xəstəlikdən, həyatını itirmə riskindən qorunması naminə həyata keçirilən ardıcıl tədbirlərin icrasında, əldə olunan müsbət nəticələrdə aylarla öz ailə üzvlərini görə bilməyən, çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanında olan fədakar tibb işçilərimizin böyük rolu var. Məyusluq hissi ilə qeyd edək ki, onların da arasında xəstəliyə yoluxub dünyasını dəyişənlər oldu.
Etiraf edək ki, bu çətin sınaq dövründə tibbi kadrların çatışmazlığı hiss olundu. Əgər pandemiya ilə mübarizənin ilk aylarında dünyada koronaviruslu xəstələrə evdə müalicə olunmağı tövsiyə edən ölkələri məzəmmət edirdiksə, sonradan özümüz də buna getməyə məcbur olduq. Təsəvvür edin, belə bir məqamda işə düzəlmək istəyən ali təhsilli həkim kadrların yolunda bürokratik əngəllər yaratmaq, onların qarşısına korruptiv tələblər qoymaq nə deməkdir?
Təkcə bu ərəfədə deyil, nazir Oqtay Şirəliyevin yarıtmaz rəhbərlik etdiyi Azərbaycan səhiyyəsində çoxdan müşahidə olunan belə neqativ halların təsirindəndir ki, gənc tibb mütəxəssislərimiz məşğulluqlarını təmin etmək, əməklərinin layiqli qiymətləndirilməsi üçün xarici ölkələrə üz tuturlar. Halbuki, öz potensial imkanlarını milli səhiyyəmizin inkişafı naminə istifadə edə bilərdilər. Doğrudur, vaxtilə dövlət proqramları çərçivəsində xaricdə təhsil alan azərbaycanlı gənclərin bu gün ixtisaslı həkim kimi vətənə gəlmələri stimullaşdırılır. Amma bu azdır, yerli həkimlərin xaricə meyl etməməsi, ixtisası üzrə zəhmət haqqı layiqli qiymətlə ödənilən işlə təmin olunmaları üçün işlək mexanizmlər hazırlanmalı, ən başlıcası isə, sistemdə korrupsiyaya qarşı mübarizə işi dərinləşdirilməlidir.
Yeri gəlmişkən qeyd edək ki, xaricdə yaşayıb-işləmək heç də hər həmvətənimiz üçün yaxşı aqibət vəd etmir. Əvvəla, qürbət el cənnət olsa da, Vətənin yerini verməz. Vətəndə isə zəruri ehtiyaclarını ödəyəcək qədər dolanışıq yeri lazımdır. Hz. Əli əleyhissəlamın sözü var: “Kasıb elə öz vətənində də qəribdir”. Kişilərin, ələlxüsus da subayların bu məsələdə müəyyən üstünlükləri olsa da, xaricdə, hətta qardaş Türkiyədə belə işləmək məcburiyyətində qalan qadınların qarşısına xeyli problemlər, mentalitetdən irəli gələn çətinliklər çıxır. Hərçənd, bu, ayrı söhbətin mövzusudur.
1984-cü il təvəllüdlü Xasıyeva Aidə Fərəməz qızı ixtisasca ali təhsilli, DAK tərəfindən təsdiqlənmiş diplomu olan həkim-bioloqdur. Xeyli müddət Türkiyədə işləyib. Bir neçə aydır ki, Azərbaycana dönüb. Deyir ki, işə düzəlmək üçün üz tutduğu bütün, hətta nüfuzlu dövlət tibb müəssisələrində ögey münasibətlə üzləşib. Dediklərinə görə, onun qarşısına yerinə yetirmək imkanına malik olmadığı korruptiv şərtlər qoyulur. O da öz növbəsində ona qarşı qeyri-məqbul tələblər irəli sürənlərə qanunları xatırladanda isə gah özəl ali tibb müəssisəsini bitirdiyini bəhanə edir, gah da niyə xaricdə qalıb işləməkdə davam etmədiyini soruşur, bir sözlə, başlarından edirlər.
A.Xasıyeva həkim-bioloqun nümunəvi vəzifə təlimatından irəli gələn vəzifə öhdəliklərini, hüquq və məsuliyyətini yaxşı dərk edir, Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini, Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları və təlimat-metodik sənədləri; Sosial gigiyenanın əsaslarını və sanitariya-epidemioloji xidmətin təşkilini; mikrobiologiyanın ümumi və xüsusi məsələlərini; immunologiyanın problemlərini, immunitet mexanizmini, infeksiyaya dair nəzəriyyəni; infeksion xəstəliklərin epidemiologiyası və profilaktikasının əsas məsələlərini; bakterial infeksiyaların patogenez və klinikasının əsas məsələlərini; dispanserləşdirmənin nəzəri əsaslarını, prinsip və metodlarını; tibbi etika və deontologiyanın əsaslarını; yoluxucu xəstəliklərin kompleks müalicəsinin gedişinin xüsusiyyətlərini, prinsiplərini və başqa spesifik məsələləri yaxşı bilir, eləcə də öz peşə fəaliyyəti üzrə normativ hüquqi aktları peşəkar səviyyədə və vaxtında icra etməyi bacarır. Bəs belə olan halda iş üçün müraciət etdiyi tibb müəssisələrinin rəhbərləri Aida xanıma verdikləri imtina cavablarını nə ilə əsaslandırmışlar? Oxucularla növbəti görüşlərimizədək bu sualların cavablarını həmin rəhbər vəzifəli şəxslərdən almağa çalışacağıq. Əlbəttə, əgər sorğularımızı cavablandırsalar!
Araz
Ən çox oxunanlar
Son xəbərlər