Xədicəni himayəyə götürmək üstündə mübahisə... – Açıqlama
Baxılıb: 580 Tarix: 06-11-2020 11:46
Ermənistanın törətdiyi Gəncə təxribatı zamanı ailə üzvlərini itirən 3 yaşlı Xədicənin himayəsi ilə bağlı ata və ana qohumları arasında mübahisə yaranıb.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşan Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Xədicəni zorla himayəyə götürməyə çalışan əmisinin uşağın ana qohumları ilə ciddi mübahisə etdiyini bildirib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, artıq Xədicənin himayəsi ilə bağlı işlər başladılıb:
“Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti tam şəkildə əks etdirmir. Həmin görüntülər nə bu günün, nə də dünənindir. Bununla bağlı biz araşdırma aparmışıq. Dünən də həmin ailə ilə görüşlər keçirmişik, Xədicənin himayə və qəyyumluq məsələsi həll edilir. Hazırda ailə nəzarət altındadır. Uşağın marağı nəzərə alınmaqla bütün işlər görüləcək. Bu məsələ təkcə dövlət komitəsi tərəfindən deyil, eyni zamanda yerli icra hakimiyyəti və digər dövlət komitələri tərəfindən də həll edilir. Hazırda himayəyə götürülmə məsələləri işlənir. Hər iki tərəflə görüşü təyin edilib”.
Kəpəz Rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasından isə saytımıza bildirilib ki, sözügedən görüntülərdən məlumatlıdırlar və bu istiqamətdə araşdırma aparılır:
“Ailələrlə görüş keçirilib və qısa zamanda Xədicənin himayə edilməsi ilə bağlı qərar veriləcək”.
Qeyd edək ki, Xədicə hər iki valideynini və bacısını Ermənistanın Gəncədə dinc əhaliyə qarşı törətdiyi təxribat zamanı itirib. Bundan sonra onun himayəyə götürülməsi ilə bağlı ata və ana qohumları arasında mübahisə düşüb.
Ən çox oxunanlar
Son xəbərlər