Kürdəmirin Pirili kəndində suvarma suyu problemini kimlər dərinləşdirir
Baxılıb: 666 Tarix: 27-07-2023 17:24
Kürdəmir rayonunun Pirili kənd sakini Davud Kərimov redaksiyamıza müraciət edərək, yaşadığı kəndin bəzi sakinlərinin pay torpaq sahələrinin suvarılması üçün SA-1 kollektoruna Kür suyunun qoşulması barədə məlumat vermiş, bunun qarşısının alınması üçün köməklik göstərilməsini xahiş etdiyi aidiyyəti instansiyaların isə məsələyə laqeyd yanaşdıqlarını bildirmişdir.
D.Kərimov xatırladır ki, illərdir dərinləşən bu problemlə əlaqədar müraciət etmiş olduğu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən iki il əvvəlk ona cavab məktubu göndərilərək bildirilmişdir ki, kollektor-drenaj şəbəkələri su təchizatı obyekti deyil, onların təyinatı yeraltı duzlu qrunt sularını əkin sahələrindən kənarlaşdırmaqdır: “Yeraltı suların kollektor-drenaj şəbəkələrinə axıdılması, onlarda suyun səviyyəsinin qalxmasına, şəbəkələrin iş rejiminin pozulmasına, ətraf ərazilərdə qrunt sularının səviyyəsinin qalxması və torpaqların şorlaşması təhlükəsi yaratdığından, qanunla qadağan olunur. Odur ki, SA-1 kollektoruna Kür suyunun axıdılmasını məqsədəmüvafiq hesab etmirik”.
Məktubla Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisinə tapşırılmışdır ki, əraziyə su verilməsi məsələsini həll etməklə, kollektorun normal iş rejiminin bərpa olunması təmin edilsin. Lakin Kürdəmir Suvarma Sistemləri İdarəsinin o vaxtkı rəisi Mirəlif Əzizov tabeçiliyində olduğu yuxarı instansiyanın tapşırığını “qulaqardına vurub”.
Ötən il Davud Kərimov Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edərək, Kürdəmir SSİ-nin qanunsuz fəaliyyəti nəticəsində əkin sahələrinin yararsız hala düşdüyünü, təsərrüfatdaxili kollektor drenaj xəttinin uzun müddət suvarma kanalı kimi istifadə olunduğunu, əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan beton kanalın Pirili bələdiyyəsinin qışlaq örüş sahələrindən keçdiyi üçün icarədarlar tərəfindən hasara alındığından, istifadədə çətinlik yarandığını bildirmiş, kollektorun funksiyasının bərpa edilməsinə və sakinlərin pay torpaq sahələrinin Kür suyu ilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. D.Kərimovun ərizəsi aidiyyəti üzrə Kürdəmir Rayon İcra Hakimiyyətinə yönləndirilmişdir. Kürdəmir RİH başçısının aparatından D.Kərimova göndərilən 13 may 2022-ci il tarixli 2/528-2 nömrəli məktubda bildirilmişdir ki, “havaların quraqlıq keçdiyi dövrlərdə ərazidə yaranmış su qıtlığı ilə əlaqədar əhalinin təsərrüfatlarının və əkinlərinin su ilə təmin edilməsi üçün müvəqqəti olaraq nasos vasitəsi ilə kollektordan suvarma suyu kimi istifadə olunmuş, hazırda isə həmin kollektordan suvarma suyu kimi istifadə olunmur. Pirili kəndində əhalinin əkin və içməli suya olan tələbatının ödənilməsi üçün Kür çayından suvarmanın təmin edilməsi ilə əlaqədar Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən daim müvafiq tədbirlər görülür”.
D.Kərimov RİH-nin məktubunda Kürdəmir SSİ-nin fəaliyyətinin yerində olması barədə qeyd edilənləri yalan hesab edir. Çünki indi də yaydır və həmin həll olunmayan problem kəndliləri yenə çıxılmaz vəziyyətə salıb. Doğrudur, Kürdəmir SSİ-nin indiki rəisi Tahir Xəlilov hazırki vəzifəsində fəaliyyətə bu ilin fevral ayında başlayıb. Hərçənd, Tahir müəllim bu məsələyə əncam çəkməklə işinə əvvəlki sələflərindən daha çox can yandırdığını və zəhmətkeşlərə münasibətdə qədirşünas olduğunu sübut edərdi.
İlahə Mikayılova
Ən çox oxunanlar
Son xəbərlər