VƏTƏNDAŞ HARAYI: Keçmiş polis işçisi zəbt etdiyi zirzəminin konstruksiyasına təhlükəli müdaxilələr edib
Baxılıb: 1 495 Tarix: 31-08-2023 10:51
Seysmik zonada yerləşən Azərbaycanda son zamanlar kiçik və orta amplitudalı yeraltı təkanların baş verməsi binaların zəlzələyə davamlılıq mövzusunu aktuallaşdırıb. Bu problem daha çox hündürmərtəbəli binaların olduğu paytaxt sakinlərini ciddi narahat edir.
Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Mirmahmud Kazımovski küçəsi - 31 ünvanda yerləşən doqquz mərtəbəli binanın zirzəmisi Bəhmən Kazımov adlı vətəndaş tərəfindən zəbt olunub. Binanın sakinləri Emin Cəlil oğlu Paşayev və digərləri bildirirlər ki, Bəhman Kazımov daha əvvəl binanın mənsub olduğu “MTK – 150” mənzil tikinti kooperativinin 2010-cu ildə vəfat etmiş mərhum komendantının vəzifəsini mənimsəyib, təhvil-təslim aktı olmadan möhür-ştampını götürüb, “binanın abadlığına sərf etmək” adı ilə vaxtaşırı sakinlərdən pul yığıb, xərclədiyinin hesabatını da verməyib. İndi də əl qoyduğu və istifadəsi üçün təkbaşına qərar verdiyi zirzəmidə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olan dəyişikliklər edib. Hesab edirlər ki, binanın bünövrə və konstruksiyasına bu cür özbaşına müdaxilə halı onun etibarlılığını və təhlükəsizliyini azaldır.
Sakinlər zirzəmidə səs gəldiyini eşidib elə zənn ediblər ki, qışa hazırlıqla əlaqədar istilik sisteminin təmiri işləri aparılır. Bir neçə gün ərzində səsin dayanmadığını bildikdən sonra zirzəmini yoxlamaq qərarına gəliblər. Qarşılaşdıqları mənzərə onları çaş-baş salıb. Gördüklərindən belə nəticə çıxarıblar ki, zirzəmidə iaşə obyekti tikilir. Onların sözlərinə görə, Bəhmən Kazımovun artıq zirzəmini hissə-hissə satmağa hazırlaşdığına dair məlumatları var.
Sakinlərdən Emin Paşayevin dediklərindən: “Dəzgah səsini eşidib zirzəmiyə endim və gördüm ki, ustalar işləyir. Dedilər ki, bizi Bəhmən müəllim göndərib. Beton təbəqələr kəsilərək qapı oyuğu açılıb, dayanıqlığı təmin edən armaturlarlar doğranıb. Ustalar dedilər ki, bizi Bəhmən müəllim bura göndərib. Həyatımız təhlükədədir, bina hər an dağıla bilər”.
Zirzəmidə tikinti aparan Bəhmən adlı şəxs onunla telefon əlaqəsi saxlayan “Xəzər-Xəbər”in əməkdaşına deyib ki, aparılan işlərdən aidiyyəti qurumların məlumatı var və zirzəmi üçün çıxarış sənədi alıb. Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov bildirib ki, zirzəmidə görülən işlər dayandırılıb və məsələ nəzarətə götürülüb.
Avqustun 30-da sakinlərin dəvəti ilə sözügedən ünvana gələn Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin işçilərinin, Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsinin əməkdaşlarının, polis sahə müvəkkilinin və media nümayəndələrinin iştirakı ilə binanın zirzəmisinə baxış keçirildi. Polis sahə rəisi Vüqar Əliyev zəng vurub dəvət etsə də, Bəhmən Kazımov gəlib çıxmadı.
Keçirilən baxış zamanı sakinlərin şikayətində ehtiva olunan neqativ faktların mövcudluğu bir daha təsdiqləndi. Baxış zamanı Bəhmən Kazımovun özünün divardan asılmış portreti diqqətimizi çəkdi; əynindəki mundirdən və sakinlərin sözlərindən məlum oldu ki, o, keçmiş polis işçisidir.
Sakinlər bildirirlər ki, kooperativə sədr seçəndə 10 nəfər idarə heyətinin üzvü səs verməli, protokol tərtib etməliydi: “Bəhmən Kazımov zirzəmiyə “çıxarış” alıbsa da belə, o sənəd qeyri-qanunidir. Əlaqədar quruma müraciət edib MTK-nın Bəhmən Kazımovun əlində olan möhür-ştampını və qeyri-legitim “çıxarış”ı ləğv etdirəcəyik. Aramızdan layiqli namizədi komendant seçib binanın təsərrüfatı ilə özümüz məşğul olacağıq”.
Əbdülqəni Hüseynov
Pünhan Şükür
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər