RUSİYANIN DAHA 2 YÜKSƏK RÜTBƏLİ HƏRBÇİSİ MƏHV EDİLDİ - Ruslar böyük itki verdi, bir sıra yaşayış məntəqələri azad olundu
Baxılıb: 492 Tarix: 29-03-2022 16:06
Rusiyanın Ukraynaya hərbi təcavüzünün 34-cü gününə olan vəziyyətə cəbhənin müxtəlif istiqamətlərində Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücumlar həyata keçirir, bir sıra yaşayış məntəqələrini işğaldan azad edir. Lakin ən ağır döyüşlər şərq cəbhəsində – Donbassda getməkdədir və belə görünür ki, Rusiya əsas qüvvələri bu istiqamətə səfərbər edərək Ukraynanın cənub-şərq ərazilərini işğal etməyə hazırlaşır.
Ötən gün martın 28-də gedən döyüşlərdə Rusiya ordusunun canlı qüvvə və texnika sarıdan ciddi itkilər verdiyi açıqlanıb. Krivoy Roq vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul bildirib ki, Ukrayna qüvvələri düşməni vilayətin hüdudlarından 40-60 kilometr geri atıb. Və təmas xəttini Xerson vilayətinin inzibati ərazisinə keçirib. Onun sözlərinə görə, döyüşlər zamanı ukraynalı döyüşçülər düşmənin bir neçə hərbi texnikasını qənimət götürüblər.
Virtualaz.org xəbər verir ki, Donetsk və Luqansk vilayətlərində döyüşən Ukrayna Birləşmiş qüvvələri isə gün ərzində Rusiya ordusunun bir neçə hücum cəhdinin qarşısını alıblar. Döyüşlər zamanı rusların 12 tankı, 10 piyada döyüş maşını və üç vahid avtomobil texnikası məhv edilib. Canlı qüvvə sarıdan da çoxsaylı itkilər olub.
Çerniqov vilayətində Rusiya işğalçı qüvvələri azı 22 nəfər itiriblər. Ukrayna ordusunun “Şimal” əməliyyat komandanlığı bildirir ki, döyüşlər zamanı 2 “Tiqr” zirehli avtomobili, “Ural” yük maşını və T-72 tankı məhv edilib. Düşmənin 8 vahid texnikası zədələnib və içərisi ərzaq payı ilə dolu “Ural” qənimət götürülüb.
“Şərq” əməliyyat komandanlığı isə bildirir ki, martın 28-də Ukrayna ordusunun zərbəsi nəticəsində Rusiyanın 58-ci ümumqoşun ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı polkunun komandiri, polkovnik Loxov və polkun qərargah rəisi məhv edilib. Məhv edilən zabitlərin şevronlarının fotoları da komandanlığın Facebook səhifəsində yerləşdirilib.
Bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.
“Bu gün gedən döyüşlər zamanı ukraynalı döyüşçülər rusiyalı hərbi canilərin növbəti partiyasının şeytanla görüşünü təşkil etdilər”,-komandanlıq bildirir.
Qeyd edək ki, Rusiya Ukrayanaya hərbi müdaxilə etdikdən sonra itirdiyi hərbçilərinin sayı 17 mini ötüb. Ötən gün yalnız Donbassda Ukrayna Silahlı Qüvvələri Rusiya hərbçilərinin yeddi hücumunu dəf edib. Gün ərzində ukraynalı hərbçilər 12 tank, 10 piyada döyüş maşını və üç texnikanı məhv ediblər.
Belə görünür ki, Kiyev istiqamətində irəliləməyin çətin olduğunu görən Rusiya ordusu indi əsas səylərini Ukraynanın cənub-şərqinə yönəldir. Bu istiqamətdə verdiyi ağır itkilərdən sonra ruslar yeni qüvvələr cəmləşdirməyə çalışır, döyüşlərdə ağır itkilər verən birləşmələrin qalıqları yenidən komplektləşdirilmək üçün Rusiya ərazisinə qaytarılır.
Eyni zamanda “Kadırovçular”ın ardınca “Vaqner” muzdlularının da Donbassa cəmləşdirildiyi məlum olub. Böyük Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya Ukraynanın şərqinə 1000-dən çox “vaqnerçi” yeridib.
“Ağır itkilərə və hücum əməliyyatlarının ciddi şəkildə axsamasına görə Rusiya belə görünür ki, Afrika və Suriyadakı “vaqnerçiləri” Ukraynaya yeritməyi qərara alıb”,-məlumatda deyilir.
Pentaqon isə bildirir ki, Rusiya qoşunları Xarkov vilayətinin İzyum şəhəri istiqamətində irəliləməyə cəhd edir, məqsəd Ukrayna qoşunlarının şərq qruplaşmasını mühasirəyə salmaqdır. Pentaqonun analizinə əsasən görünür Rusiya ənənəvi taktikasını işə salaraq Donbassdakı Ukrayna qoşunlarını mühasirəyə salmağa, bununla da Kiyevlə danışıqlarda üstünlük qazanmağa çalışır. Lakin Rusiya qoşunları şərq istiqamətində hələlik əhəmiyyətli irəliləyişə nail ola bilməyib.
***
Bazar ertəsi, martın 28-də Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi məhv edib.
Bu barədə isə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadən xəbər verir.
“Hərbi-Hava Qüvvələrinin aviasiyası müxtəlif istiqamətlərdə Rusiya ordusunun zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirməkdə davam edir” - məlumatda deyilir.
Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı da məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.
Bildirilib ki, indiyədək 17 200 hərbçi zərərsizləşdirilib.
Bundan başqa, hücum edən tərəfin 597 ədəd tankı, 1 710 ədəd zirehli döyüş maşını, 303 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 127 ədəd hərbi təyyarəsi, 129 ədəd helikopteri, 1 178 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 71 ədəd dronu, 21 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər