7 may tarixindəki Bakı Marafonu üçün qeydiyyat başa çatdı
Baxılıb: 478 Tarix: 02-05-2023 14:05
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də keçiriləcək “Bakı Marafonu 2023”ə 17.250 nəfər qeydiyyatdan keçib.
Qanunvehedef.az xəbər verir ki, marafona qeydiyyat dünən axşam artıq başa çatıb.
Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də digər ölkələrdən iştirakçılar da marafona qeydiyyatdan keçib. Bunların sırasında ABŞ, Belarus, Böyük Britaniya, Çin, Fransa, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrdən iştirakçılar var. Bakı Marafonunda bir sıra tanınmış şəxslər də fəxri iştirakçı kimi yarışacaq.
2016-cı ildən etibarən keçirilən Bakı Marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
21 kilometrlik yarımarafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olacaq. Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət evi, Muzey Mərkəzi, Kukla teatrı, Qız qalası, “Azneft” dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.
Builki marafon yeniliklərlə də yadda qalacaq. Belə ki, finiş xəttini keçən ilk 2000 iştirakçıya medallar təqdim olunacaq.
Mükafatlandırma isə iki kateqoriyada olacaq. Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.
Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, “Ən kreativ kostyum” nominasiyalarında da mükafatların təqdimatı nəzərdə tutulur. Marafonun bütün iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə isə sertifikatlar təqdim olunacaq.
Hər kəsə açıq olacaq əyləncə zonasında təşkil ediləcək konsert proqramı ilə yanaşı, marafona qatılacaq iştirakçılar üçün yarış öncəsi məşq zonalarının, eyni zamanda, pilates dərslərinin təşkili də nəzərdə tutulur. “Bakı Marafonu 2023”ün əyləncə proqramının tərəfdaşı Xəzər Media Mərkəzidir. Əyləncə zonasında atletlərlə yanaşı, izləyicilər üçün də xüsusi idman zonası yaradılacaq. Bundan əlavə, uşaqlar, atletlər və qonaqlar üçün müxtəlif əyləncəli, interaktiv oyunlar, eləcə də hədiyyəli yarışlar keçiriləcək.
“Bakı Marafonu 2023”ün eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, KOBİA, SOCAR, Azerlotereya, m10, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Ən çox oxunanlar
Son xəbərlər