Məhkəmə rüşvətə görə həbs edilən hakimlə bağlı qərar verdi
Baxılıb: 719 Tarix: 03-09-2020 12:18
Ali Məhkəmədə Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
“Report”un xəbərinə görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilməyib, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Qeyd edək ki, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilən Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi A.İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.
Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A.İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş.Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İsmayılov 2 il 6 ay, Ş.Allahverdiyev və M.Yaqubov hər biri 1 il 6 ay azadlıqdan məhrum edilib. M.Yaqubov isə məhkəmə zalında həbs olunub. Şəki Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər