“Beerlin Pub”da müştərini öldürən mühafizəçinin cəzası bəlli oldu
Baxılıb: 601 Tarix: 27-07-2022 15:27
Bakıda məşhur "Beerlin Pub"da müştərini öldürməkdə təqsirləndirilən mühafizəçi Orxan Şahbazovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin çıxardığı hökmə əsasən, O.Şahbazov 10 il müddətə azadlıqdan məhrum edilib.
O.Şahbazovun vəkili Ceyhun Yusifov bildirib ki, müvəkkilinin ittiham olunduğu maddə digər maddəyə tövsif olunub: "Ədalətli məhkəmə araşdırması nəticəsində Orxan Şahbazovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən (xuliqanlıq niyyəti ilə adam öldürmə) 126.3-cü maddəsinə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) tövsif olundu. Eyni zamanda Cinayət Məcəlləsinin 221.1-ci maddəsi (xuliqanlıq) ilə ittiham olunduğu əməl üzrə də ədalətli qərar çıxarıldı".
Dövlət ittihamçısı Orxan Şahbazovun 17 il müddətə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, O.Şahbazov ötən il avqustun 29-da "Berlin pub"a gələn müştəri Vüqar Mustafayevi yumruqla vurmuş, bu zaman sonuncunun başı dəmirə dəyərək ölmüşdü. Mübahisə Vüqar Mustafayevin ayaqqabını corabsız geyinməsi üstündə başlamışdı. Daha sonra mühafizəçi obyektə gələn kişilərin içəri yalnız xanımla buraxıldığını deyərək V.Mustafayev və iki dostunu içəri buraxmamışdı.
V.Mustafayev uzun müddət Ukraynanın Azərbaycandakı Səfirliyinin əməkdaşı işləyib. Orxan Şahbazov isə uzun illər fitness-məşqçi kimi fəaliyyət göstərib və sosial şəbəkələrdə tanınan şəxs olub. O, bir sıra məşhur simaların özəl mühafizəçisi işləyib.
Ən çox oxunanlar
Son xəbərlər