Azərbaycanlı siyasətçidən Merkelə müraciət: Ermənilər...
Baxılıb: 685 Tarix: 19-07-2020 14:08
Almaniyada yaşayan azərbaycanlı həkim və siyasətçi Rəhim Şmidt Ermənistanın Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı Almaniya prezidenti Frank-Valter Ştaynmayerə, kansler Angela Merkelə, Xarici işlər naziri Hayko Maasa, Bundestaqın (parlament) sədri Volfqanq Şoybleyə və deputatlara məktubla müraciət edib.
Qanunvehedef.az Report-a istinadla xəbər verir ki, o, məktubunda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini və hələ də işğal altında saxladığını yazıb.
R.Şmidt vurğulayıb ki, Azərbaycan 30 ilə yaxındır münaqişəni sülh yolu ilə həll etməyə çalışır, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edir.
“Lakin münaqişə həll olunmur və Ermənistan tez-tez atəşkəsi pozaraq təxribatlar törədir, Azərbaycanın mülki vətəndaşlarını atəşə tutur, qadınları, uşaqları qətlə yetirir, evləri dağıdır. Bu vəziyyət belə davam edə bilməz. Onu da nəzərinizə çatdırmağı zəruri sayıram ki, Azərbaycan həyata keçirdiyi siyasət ilə Cənubi Qafqazda sülhün, əməkdaşlığın yaradılmasına, millətlər arasında dialoqun qurulmasına çalışır. Bu siyasət bütün millətlərin və dövlətlərin xeyrinədir. Eyni zamanda Azərbaycanla Almaniya arasında geniş əməkdaşlıq var, xüsusən iqtisadi sahədə güclü əlaqələr mövcuddur”, - o vurğulayıb.
R.Şmidt Almaniya rəhbərliyini Ermənstan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün rəsmi Yerevana təzyiq etməyə çağırıb: “Ermənistanın işğal etdiyi əraziləri boşaltması işinə kömək etmək lazımdır. Əgər belə olarsa, azərbaycanlılar və ermənilər sülh şəraitində yaşaya bilərlər”.
O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmaq vacibdir.
Azərbaycanlı həkim deyib ki, hazırda məktubuna cavab gözləyir.
Qeyd edək ki, tibb elmləri doktoru, professor Rəhim Şmidt 1959-cu ildə İranın Miyanə şəhərində anadan olub. O, 42 ildir Almaniyada yaşayır.
Rəhim Şmidt 2011-ci ildə Maynçin II seçki dairəsindən Yaşıllar Partiyasından deputat seçilib. O, Reynland-Pfalç parlamentinə seçilmiş yeganə miqrant siyasətçidir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər