“BAKI GÜC TƏTBİQ EDƏCƏYİNİ HEÇ GİZLƏTMİR DƏ...” – Prezidentin son Zəngəzur tələbi Ermənistanda təlaş yaradıb
Baxılıb: 318 Tarix: 12-12-2021 16:59
Azərbaycan Prezidentinin Qubaya səfəri zamanı Zəngəzur dəhlizilə bağlı səsləndirdiyi fikirlər Ermənistan siyasi mühitində ajiotaja səbəb olub. Ölkə başçısının “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq... Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq” kimi fikirləri Ermənistan hökumətində və parlamentində təşviş yaradıb və ermənilərə bir növ 44 günlük müharibədəki qorxunu yenidən yaşadıb.
Qanunvehedef.az “AzPolitika.info” isnadən xəbər verir ki, ilk olaraq, bu açıqlamadan qısa müddət sonra Ermənistan XİN növbəti absurd bəyanatla çıxış edib. Xarici işlər idarəsi iddia edib ki, 10 noyabr üçtərəfli razılaşmasında və digər sonrakı bəyanatlarda Zəngəzur ərazisindən Naxçıvana dəhliz verilməsindən yox,
Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin edən dəmiryolu və avtomobil yolunun açılmasından bəhs edilir. XİN-in bəyanatında İlham Əliyevin son açıqlamasından Ermənistanın ciddi şəkildə təşviş keçirdiyi açıq sezilir və orada Azərbaycan tərəfi belə bəyanatlardan çəkinməyə dəvət olunur.
Bu o deməkdir ki, növbəti dəfə Ermənistan hakimiyyəti kapitulyasiya aktını imzalayan zaman verdiyi vədlərdən boyun qaçırmağa və Naxçıvana açılacaq dəhlizin hansı formadasa özünün nəzarətində qalmasına çalışır.
Hansı ki, 10 noyabr sazişində açıq şəkildə bu dəhlizin yalnız Rusiya sərhədçilərinin nəzarətində olacağı göstərilib.
Azərbaycan Prezidentinin 44 günlük müharibədə olduğu kimi, Zəngəzur dəhliziylə də bağlı İrəvandan tarix tələb etməsi Ermənistan parlamentində də müzakirələrə səbəb olub. Xüsusilə müxalif deputatlar “həyəcan təbili çalaraq”, Azərbaycanın yenə Ermənistanı hədələdiyini və istənilən an güc tətbiq edə biləcəyini söyləyiblər.
Koçaryanın “Hayastan” blokunu təmsil edən deputat Andranik Tevanyan parlamentin bugünkü iclasında iddia edib ki, Ermənistan hökuməti Azərbaycanla danışıqların pərdəarxasını cəmiyyətdən gizlədir. Nəticədə əhali informasiya vakkumundadır və nə baş verdiyindən xəbərsizdir:
“Bizə demirlər ki, Soçidə nə razılaşdırılıb, niyə faktiki olaraq, Moskvada baş nazir müavinlərinin görüşü yarımçıq başa çatıb...” Müxalif siyasətçi deyib ki, Ermənistan hakimiyyəti bununla da cəmiyyət üçün “növbəti şok və sürprizlər” hazırlayır.
Deputat, İlham Əliyevin dünənki çıxışını da belə sürprizlərdən biri adlandırıb:
“İlham Əliyev faktiki olaraq, Zəngəzur dəhlizinin açılmasıyla bağlı Ermənistandan tarix tələb edib. Bakı Zəngəzur dəhlizini güc tətbiq etməklə aça biləcəyini heç gizlətmir də...” Tevanyan deyib ki, bununla da Ermənistan hökuməti ölkəni növbəti müharibənin astanasına gətirmiş olub. O, qeyd edib ki, müharibədən sonra Ermənistanın hərbi-siyasi potensialı zəifləyib və son baş verən hadisələr bu ölkə üçün vəziyyəti daha da ağırlaşdıra bilər.
İstər parlamentdə, istərsə də ondan kənarda bir çox siyasətçilər və politoloqlar İlham Əliyevin son tələbindən ciddi şəkildə narahat olduqlarını gizlətmirlər.
Çünki 44 günlük müharibə zamanı ölkə başçısı oxşar tələblə çıxış edərək, bir neçə dəfə erməni qoşunlarının işğal olunmuş ərazilərimizdən öz xoşlarına çıxmasını təklif etmişdi. Və bununla bağlı erməni tərəfinin tarix, qrafik verməsini istəmişdi. Bu təklifin vaxtında və düzgün qiymətləndirilməməsinin ermənilər üçün hansı fəlakətlərlə nəticələndiyini heç kim unutmayıb. İndiki halda da ermənilərdə eyni aqibətin yaşanması əndişəsi açıq şəkildə görünməkdədir...
Lakin burada Azərbaycanın maraqları sarıdan narahatlıq yaradan müəyyən məqamlar da var. Məsələ ondadır ki, Ermənistan XİN İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı tarix tələb etməsinə cavab olaraq yaydığı bəyanatda Rusiyanın mövqeyini xüsusi olaraq qabardıb. Belə ki, orada Rusiya Baş nazirinin müavini Aleksey Overçukun kommunikasiyalarla bağlı söylədiklərindən sitat gətirilir.
Qeyd olunur ki, Overçuk hər iki ölkənin öz ərazilərindən keçən yollar üzərində suverenliklərini saxladıqlarını bildirib. Hansı ki, əslində, 10 noyabr sazişində Zəngəzur dəhlizinə görə Ermənistanın yox, Rusiyanın cavabdeh olduğu qeyd edilib. Həmçinin, adi məntiqlə, söhbət açılacaq bütün kommunikasiyalar üzərində suverenliyin saxlanılmasından gedirsə, o zaman Laçın dəhlizi üzərində də Azərbaycanın suverenliyinin təmin olunması gərəkdir.
Ancaq istər Ermənistan XİN-in bəyanatı, istərsə də parlamentdə səsləndirilən fikirlər İrəvanın yenə Rusiyaya və İrana arxalanaraq, öz üzərinə götürdüyü öhdəliklərdən yayınmağa çalışdığını göstərir. Elə həmin deputat Tevanyan parlamentdəki bugünkü çıxışında açıq şəkildə bəyan edib ki, bu günə qədər Zəngəzur dəhlizinin açılmaması məhz Moskva və Tehranın mövqeyi səbəbindən mümkün olub:
“Moskva və Tehran bunun əleyhinədir. İran regionun xəritəsinin dəyişməsində maraqlı deyil. Rusiya isə Ermənistanın strateji tərəfdaşı kimi, onun ərazi bütövlüyünə xələl gətirilməsini istəmir”.
Əslində, bu deyilənlərdə ciddi həqiqət yükü var. İran zatən açıq-aşkar Zəngəzur dəhlizinə qarşı çıxır. Rusiya isə sözdə bu yolun açılmasında maraqlı olduğunu göstərməsinə, bununla bağlı danışıqlar prosesinə monopoliyanı öz əlinə almasına baxmayaraq, reallıqda ilkin razılaşmadan 1 ildən artıq vaxt keçsə də dəhlizin açılması təmin olunmayıb.
Bütün bunlarsa o deməkdir ki, Azərbaycan təkcə Ermənistan hökuməti yox, digər daha böyük oyunçularla da gərgin diplomatik mübarizə vəziyyətindədir...
Cəlal Məmmədov
Ən çox oxunanlar
Son xəbərlər