Prezidentdən dövlət qurumlarına və sahibkarlara XƏBƏRDARLIQ
Baxılıb: 508 Tarix: 03-03-2022 14:25
"Bakı şəhərinin bütövlükdə memarlıq ansamblı unikaldır. Həm coğrafi yerləşmə, həm Xəzər dənizinin kənarında yerləşməsi, eyni zamanda, qədim abidələr, tarixi abidələr, müasir memarlıq nümunələri Bakıda xüsusi bir aura yaradır. Əminəm, hər gələn qonaq görür ki, Bakıda qədimliklə müasirlik arasında vəhdət var. Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir".
Bu sözləri Prezident İlham Əliyev bu gün Şahin Seyidzadəni "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
Onun sözlərinə görə, vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı:
"Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var. Dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır. Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır - Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər