“Fransadakı seçkilərdə “erməni səsləri” sadəcə boş arqumentdir” - Elnur Allahverdiyev
Baxılıb: 243 Tarix: 12-04-2022 10:16
“Fransada Prezident seçkilərinin ikinci turuna hazırkı dövlət rəhbəri Makron və Le Penin keçməsi gözlənilən idi və bizim mənafelərimiz baxımından maraqlarımıza uyğundur. Təbii ki, namizədlərin hər biri ermənipərəst mövqedən çıxış edirdilər. Bu, Fransa siyasəti üçün alışdığımız mənzərədir. Ancaq Makron artıq Cənubi Qafqazdakı reallığı görüb və qəbul edib. Bu reallığı isə 44 gülük Vətən Müharibəsinin nəticələrinə əsasən, Azərbaycan yaradıb və qəbul etdirib”.
Qanunvehedef.az xəbər verir ki, bunu Fransada keçirilmiş Prezident seçkilərinin nəticələrini şərh edərkən Milli Məclisin deputatı, Fransa ilə parlamentlərarası dostluq qrupunun üzvü Elnur Allahverdiyev deyib.
Millət vəkilinin fikrincə, Makronun ikinci turda da qalib olacağı ehtimalı böyükdür: “Le Pen ənənəvi olaraq sərt platforma ilə çıxış edir və hazırkı dünya, xüsusilə Avropadakı düzənə qarşıdır. Bu gün Ukraynada baş verənlər fonunda Fransanın da ən fəal dövlətlərdən biri olduğu reallığında Le Penin Prezident seçilməsi faktiki olaraq Qərb koalisiyasının dağılması anlamına gələ bilər. Seçicinin bu qədər radikal qərar verəcəyi az güman olunur”.
E.Allahverdiyevin sözlərinə görə, bizim üçün ən maraqlı nəticə Azərbaycan ərazisinə qanunsuz səfər edib Xankəndidəki separatçılarla görüşən digər namizəd Valeri Pekresin məğlubiyyətiddir: “Bu nəticə aşkar şəkildə nümayiş etdirir ki, Fransada seçkilərdə “erməni səsləri” heç bir əsasa malik olmayan amil, sadəcə boş arqumentdir. Birincisi, heç bir nəticəyə təsir etməyən arqumentdir. İkincisi isə, ümumi fonda xüsusi çəkiyə malik olmayan amildir. Pekres Xankəndinə getməklə Fransadakı seçkilərdə əlavə heç nəyə nail olmayacaqdı və biz bunu gördük. Qarabağdakı erməni separatçılarının Fransadakı sıravi seçici üçün heç bir əhəmiyyəti yoxdur”.
E.Allahverdiyev hesab edir ki, Prezident İlham Əliyevin xarici siyasət xətti alternativsizdir və biz bu gün bu kursun bəhrələrini görürük: “Aprelin 8-də Fransanın iri şirkətlərinin nümayəndələrinin Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevlə görüşü oldu. Onlar Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə, quruculuq və tikinti işlərində iştirak etmək istəyirlər. Bu nə deməkdir? Fransanın yeni reallıqla razılaşması. Sabah o şirkətlər işğaldan azad edilmiş ərazilərdə çalışsalar, ermənilər nə deyəcəklər? Axı azad edilmiş torpaqlarda görülən işləri öz aləmlərində “qanundankənar” elan ediblər. İndi isə bu layihələrdə fransalı iş adamları tərəf olmağa can atırlar. Vətən Müharibəsindən sonra Azərbaycanla Fransa arasındakı iqtisadi dövriyyənin nə qədər düşdüyünü hamımız bilirik. Odur ki, siyasət real prosesdir və bir ovuc separatçı erməniyə görə dövlətin iqtisadi mənafeləri qurban verilmir”.
Ən çox oxunanlar
Son xəbərlər