“Ermənistanla düşmənçilik səhifəsini çevirmək istəyirik”
Baxılıb: 519 Tarix: 18-05-2022 15:48
“Biz cənab Prezidentlə ikitərəfli əməkdaşlığımızın müxtəlif mühüm məsələləri, eləcə də regional inkişaf, sözsüz ki, Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı ilə bağlı çox yaxşı və geniş müzakirələr apardıq. Biz baxışlarımızda çox oxşarlıq olduğunu görürük”.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşdə deyib.
Dövlət başçısı bildirib ki, ikitərəfli əlaqələrin inkişafı ilə bağlı çox nikbin fikirdədir: “Biz cənab Prezidentlə iqtisadi sektorda ümidverici olduğunu düşündüyümüz sahələri müzakirə etdik. Düşünürəm ki, bu gün nümayəndə heyətlərinin üzvləri artıq təmaslara başlayıb və bunu davam etdirəcəklər. Çünki müxtəlif sahələrə məsul olan şəxslər arasında birbaşa şəxsi təmaslar qurmaq vacibdir. Əlbəttə ki, biznes forum çox ümidvericidir. Bilirəm ki, sənədlər imzalanacaq, həmçinin mühüm olan odur ki, biznes dairələrimiz arasında birbaşa təmaslar qurulacaq. Cənab Prezidentlə müzakirə etdiyimiz kimi, potensial əməkdaşlıq sahələri, - informasiya texnologiyalarından başlayaraq, kənd təsərrüfatı, turizm, enerji, bərpaolunan enerji mənbələri, nəqliyyata qədər, - həqiqətən də çox genişdir. Düşünürəm ki, biz çox yaxşı nəticələrə nail ola bilərik. Çünki bizim münasibətlərimizin çox yaxşı siyasi təməli var və Prezidentin rəsmi səfəri ikitərəfli əlaqələrdə mühüm amildir".
Prezident əlavə edib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi yolları ilə bağlı qarşılıqlı anlaşma var: “Biz Avropa İttifaqı ilə sıx əlaqələrə dair Azərbaycanın planlarını dəstəklədiyinə görə Litvaya, onun hökumətinə, Prezidentinə minnətdarıq. Əlbəttə ki, bu yaxşı fürsətdən istifadə edərək ikitərəfli əlaqələri gücləndirməliyik. Həmçinin biz regional vəziyyəti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini geniş müzakirə etdik. Bilirəm ki, Azərbaycandan sonra Prezident Ermənistana səfər edəcək. Beləliklə, əminəm ki, bu səfər başa çatandan sonra onda tam təsəvvür formalaşacaq. Amma bizim mövqeyimiz çox açıqdır. Biz Ermənistanla sülh sazişi imzalamaq istəyirik. Biz münasibətləri normallaşdırmaq və düşmənçilik səhifəsini çevirmək istəyirik. Beləliklə, cənab Prezident, nümayəndə heyətlərinin üzvləri arasında müzakirə olunmalı çox məsələlər var”.
Ən çox oxunanlar
Son xəbərlər