Əllərinə sağlıq, əllərə sağlıq verən həkim!
Baxılıb: 5 611 Tarix: 29-07-2022 10:35
Travmatologiya və ortopediya kliniki təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur.
Azərbaycanda bu sahədə ixtisaslaşmış Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır.
İnstitut baş travmatoloji müəssisə kimi regionlarda ənənəvi olaraq travmatoloji xidmətin təşkilində, həkimlərin təkmilləşdirilməsində, bölgələrdə əhalinin profilaktik müayinə və müalicəsində mühüm işlər aparır.
İnstitutda dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə qüsurlarının müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunur. Çoxsaylı sümüklərin sınıqları, çoxqəlpəli oynaqdaxili sınıqlar və onların fəsadları, çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. İntramedullar ştiftləmə, xarici və internal fiksasiyadan istifadə olunur. Sümük şişləri və şişəbənzər xəstəliklərin displaziyalarının, sistem xəstəliklərinin, döşün anadangəlmə deformasiyalarının rekonstruktiv, bərpaedici müalicəsi, böyük oynaqlarının endoprotezləşdirməsi və onların reviziya əməliyyatları aparılır. Onurğa patologiyaları, deformasiyaları və travmaları zamanı transpedikilyar fiksasiya və müasir cərrahiyyə əməliyyatları həyata keçirilir. Ətrafların deformasiyaları, qısalıqları İlizarov üsulları ilə cərrahi korreksiya edilir. Anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyalarının və xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi dünya standartlarına uyğun səviyyədə aparılıb və böyük nailiyyətlər əldə edilib.
Bir çox xarici ölkələrin tanınmış klinikaları ilə əməkdaşlıq əlaqələri quran müəssisə dünyada qəbul olunmuş standartlar və protokollar əsasında bütün müasir tibbi cihaz və avadanlıqlarla təchiz olunmuşdur. Bütün xəstəliklərin müayinə, müalicə və əməliyyatları yüksək ixtisaslı peşəkar həkimlər tərəfindən həyata keçirilir. Palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur.
Müəssisənin Plastik Cərrahiyyə və Əl Travmaları şöbəsində, əldə olunan bütün əməliyyatlar, sinir-damar dəstəsinin travmaları, vətər kəsilmələri və digər mikroskopik əməliyyatlar icra olunur. Şöbə müdiri tubb elmləri üzrə fəlsəfə doktoru Qurban Babayev öz profili üzrə ən qabaqcıl uzman cərrahlardan hesab olunur.
Qurban həkimi tanıyan insanlar - həmkarları, dost-tanışları onun haqqında çox yüksək fikirlər söyləyir, minnətdarlıq ifadə edirlər. Şəfa verdiyi pasientlər həkimin yüksək peşəkarlığı ilə yanaşı, gözəl insani keyfiyyətlərini – pozitivliyini, gülərüzlüyünü, kübar davranışını vurğulayır, həyatda və peşə fəaliyyətində daha böyük uğurlar arzulayırlar. Biz də bu arzulara qoşuluruq və inanırıq ki, uzman doktor Qurban Babayev uğurlarının sayını artırmaqla insanlara şəfa, biz qələm adamlarına da yazmaq üçün gözəl mövzular verəcəkdir.
Mehman Ziyadov
Ən çox oxunanlar
Son xəbərlər