POEZİYA ÇƏLƏNGİ: Həvva Nazim
Baxılıb: 931 Tarix: 26-01-2023 15:14
Alıyeva Həvva Nazim qızı (Həvva Nazim) 1980-ci ildə, mayın 20-də Gədəbəy rayonunun Çanaqçı (Ağamalı) kəndində anadan olub. 1986-cı ildə həmin kəndin məktəbində birinci sinfə başlayıb, 1997 -ci ildə orta məktəbi bitirmişdir. Ali təhsilini Rusiyanın Sankt-Peterburq şəhərində alaraq, Sank-Peterburq Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakultəsini bitirmişdir. Hazırda Rusiya Federasiyasının Komi Respublikasının Sıktıvkar şəhərində yaşayır. İş həyatında daim rəqəmlərlə ünsiyyətdə olan Həvva Nazim ədəbiyyatla da ünsiyyətini kəsmir, əksinə, o bağı daha da möhkəmlətməyə çalışır. Orta məktəb illərindən xalq yaradıcılığına, ədəbiyyata olan marağı onu 2021-ci ildən fikirlərini, duyğularını nəzmlə ifadə etməyə şövq edir.
Ailəlidir, iki övladı var.
Söylə
Söylə, göyərçinim, söylə qəribə
Mənə yaxınımdan, yadımdan söylə.
Külünün hisləri ovcumda qalan,
İsti ocağımdan, odumdan söylə.
Söylə, darıxırmı ata ürəyi?
Anam bişiribmi sacda çörəyi?
Yanında vardımı təzə dürməyi?
Yavan çörəyimdən, cadımdan söylə.
Azadsan uçuşda, vüsətə dal sən,
Sərhədsiz səmada qanadlar çal sən,
Həvvanın elindən yolunu sal sən,
Vətənə salamlar adımdan söylə.
25.12.2021
Olmaya
Keçir ürəyimdən, bilsəniz, nələr,
Kimsənin könlündə qəmi olmaya.
Hər zaman sevincdən kövrələ insan,
Gözündə dərdlərin nəmi olmaya.
*
Hamının ruzisi, qisməti ola,
Əlinin halalca zəhməti ola,
Kamala yetişə, hörməti ola,
Mərifət sarıdan kəmi olmaya.
*
Həvva, boğulursan, gəlmir nəfəsin,
Dili də, qolu da bağlı hər kəsin.
Haqsızlıq görəndə çıxara səsin,
Vicdanın lal olan dəmi olmaya.
Bir "Ruhani" çal
Aşıq qardaş, köklə kövrək sazını,
Buz qəlblərin ərit, axıt buzunu,
Qoy yayılsın dərə-təpə uzunu,
Dağı-daşı bir lərzəyə sal görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
*
Nənə, baba havasıdır o bəstə,
Qol qaldırıb sındırarlar ahəstə,
Dinlədikcə şəfa tapar hər "xəstə",
Ruhumuza təbib, loğman ol görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
*
Babalardan miras qalıb telli saz,
Vur mizrabı, bizi bizdən al bir az,
Dur meydanda hünər göstər, dastan yaz,
"Ruhani"ylə könüllərdə qal, görək,
Çal, ay aşıq, bir "Ruhani" çal, görək.
Qələbələr çala ha
Yaradanım gözəlliyi bol versin,
Gül yaraşar hər yamaca, yala ha.
Hər insana hamar, dümdüz yol versin,
Düzülməsin daş cığıra, yola ha.
*
Acı sözlər kövrək qəlbə bir oxdur,
Söz getdimi, dönməsinə yol yoxdur.
Dünyamızda dərdli insan nə çoxdur,
Yığ dərdləri, ver atəşə, qala ha.
*
Kasıba nə varlıların dəbindən?
Qazanc çıxır sanki dəniz dibindən,
Heç bir cavan utanmasın cibindən,
Dost - tanışdan qoy qalmasın dala ha.
*
Bu dünyada anılarsan rəhmətlə,
Hər kəs ilə bil, davransan hörmətlə,
Halal çörək qazanılar zəhmətlə,
Qüvvət versin Rəbbim ələ, qola ha.
*
Hər alına zəhmət təri bulana,
Halal ömrə, Həvva, ömür calana,
Yer üzündə haqq-ədalət dolana,
Xeyir şərə qələbələr çala ha.
Qalıb
Sən, ey Vətən adlı qocaman anam,
Adın hər kəlməmdə, dilimdə qalıb.
Qoynuna səs salan şaqraq gülüşüm,
O ötən çağımda, ilimdə qalıb.
*
Buxarı küncündə yanardı çıra,
Balaca bir damı bələyib nura,
Ətirli günlərim gedibdi hara?
Kömbənin xoş ətri külümdə qalıb.
*
De, necə güc tapım özüm-özümdə?
Həsrət haray çəkir yenə sözümdə.
Nazlı bənövşənin nazı gözümdə,
Nərgizin qoxusu əlimdə qalıb.
*
Dağınıq saçların eşit gileyin,
Daransın istəyir...olub ləlöyün.
Dağların hakimi dəli küləyin,
Çəkdiyi sığalı telimdə qalıb.
*
Musiqi səsiylə canlanar həyat,
Sevincə bürünər hər el, hər elat.
Həvəslə qurulan şadlıq, toy-büsat,
Yaman uzaqlarda...elimdə qalıb.
Yaşa, əlvan kəlağayım
Tarixlərdən birlikdə yol gəlmişik,
Həm kövrəlib, həm sevinib gülmüşük,
Bir ucunla gözümüzü silmişik,
Qız-gəlinlər qoy bağlasın başa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Xonçalara nur saçan gün, ay idin,
Xoş xəbərçün muştuluğa pay idin,
Sandıqlarda cəvahirə tay idin,
Ol könlümə yenə sultan, paşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Butaların gülümsəyə, naz edə,
Könüllərdə zimistanı yaz edə,
Qanad açıb hər yana pərvaz edə,
Səs-sorağın sərhədləri aşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Babəkləşək, düşmən bağrın dağlayaq,
Al qırmızı kəlağayı saxlayaq,
Əsgərimçün darvazaya bağlayaq,
Tuş gəlməsin sevincimiz daşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
*
Arzumdur ki, qaranlıqlar dan olsun,
Kəlağayım millətimə şan olsun,
Təbriz, Bakı bütövləşib can olsun,
O tay, bu tay olaq birgə, qoşa hey!
Yaşa, əlvan kəlağayım, yaşa hey!
A dağlar
Dolanbac cığırlar belini qucar,
Öpər yanağını duman, a dağlar.
Düşdükcə yadıma kəndim, el-obam,
Yaman darıxıram...yaman, a dağlar.
*
Yalçın qayaların yenilməz durar,
Yamyaşıl saçını küləklər darar,
Ürəyim o eşqlə, həsrətlə vurar,
De, varmı görüşə güman, a dağlar?!
*
Könlümün qumrusu qürbətdə ötməz,
Möhtəşəm duruşun gözümdən getməz,
Vəsfinə qurduğum cümlələr yetməz,
Yazılsa böyük bir roman, a dağlar.
*
Vətəndə qardaşın acısa canı,
Ağrıyar bacının burda sol yanı,
Gözündə qor ilə qarşılar danı,
Tapammaz rahatlıq, aman, a dağlar.
*
Həvva, o dağlara yetməyir əlin,
Qoxlaya bilmirsən çiçəyin, gülün,
Gəlsə yamacından əzizdi, bilin,
Quşun dimdiyində saman, a dağlar.
19.10.2022
Ürəyim
Susqundur qələmim indi, a dostlar,
Yanır bağrımbaşı, qordu ürəyim.
O qədər ağlayıb hər şəhidinə
Tor gəlib gözünə, kordu ürəyim.
*
Xiyaban bəzəyən qərənfilə bax,
"Laylay, şəhid balam" deyən dilə bax,
İçimdə yas tutan simə, telə bax,
Mizrabı ağlayan tardı ürəyim.
*
Torpağın qoynuna verdik neçə can,
Nə zaman bitəcək... söyləyin, haçan?
Nur üzlü şəhidim, ruhuna qurban,
Söyləyən anadı, yardı ürəyim.
17.09.2022
Nənə dürməyi
Qabarlı, qırışlı nənə əlindən,
Bir ayrı doğmadır nənə dürməyi.
Çiçəklər qoxuyan südün, qatığın,
Üzündən yığmadır nənə dürməyi.
*
Şəfəqlər süzülür səhər danında,
Kəndçi ayaqdadır xoruz banında,
Səhərlər şirinçay gəlsə yanında,
Ən dadlı loxmadır nənə dürməyi.
*
Qiyməti qalmayıb indi heç nəyin,
Qalayı sərnicin, misdən sənəyin.
Örüşdən qayıdan Ağca inəyin,
Yağından yaxmadır nənə dürməyi.
06.08.2022
Təqdim etdi:
Fərhad NƏHMƏTOĞLU,
"Qanun və Hədəf" qəzetinin hüquq şöbəsinin müdiri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm", "Azərbaycan Bayrağı", "Həsən bəy Zərdabi"
media mükafatları laureatı
Ən çox oxunanlar
Son xəbərlər