Bu klinikada kütləvi yoluxma və təhdid... - Açıqlama
Baxılıb: 686 Tarix: 20-07-2020 14:02
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dezinfeksiya işlərinin aparılmaması və tibb işçilərinin iş günləri olmayan vaxtda da işə çıxması üçün təhdid edilməsi haqda deyilənlər əsassızdır.
Bunu Qanunvehedef.az-a sosial şəbəkələrdə sözügedən klinikanın dezinfeksiya olunmaması, bu səbəbdən orada çalışan həkimlərin virusa yoluxması və işçilərin işə çıxması üçün təhdid edilməsi barədə yayılan iddialara cavab olaraq Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.
O bildirib ki, son günlər bəzi saytlar və sosial şəbəkələrdə koronavirusla mübarizəyə ilk qoşulan bu klinika haqqında əsassız məlumatlar yayılır:
“Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Sanitar-Epidemioloji Mərkəz və klinikanın öz işçiləri tərəfindən mütəmadi olaraq dezinfeksiya olunur”.
İşçilərin iş rejimi ilə bağlı danışan mətbuat katibi qeyd edib ki, tibb işçiləri yalnız könüllü olaraq əlavə vaxtda işə çıxırlar:
“Klinikanın işçiləri 15 gün fasilə ilə işə çıxırlar. Yalnız könüllü istək olduğu halda, daha uzun müddətdə fasiləsiz işə çıxan əməkdaşlarımız olur. Həkimlər və tibb personalı arasında yoluxma hallarının əsas səbəbləri klinika rəhbərliyi tərəfindən araşdırılıb. Təəssüflə qeyd edək ki, bir çox hallarda səbəb - həkimlərimiz və tibb personalının klinikadan kənarda özünütəcrid qaydalarına lazımınca əməl etməmələri olub. Digərləri ilə təmasda olmayan, otağından çıxmayan işçilərdə yoluxma olmayıb. Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası olaraq işçilərimizin oteldəki davranışına müdaxilə edə bilmərik. Bir daha qeyd edirik ki, kimlərinsə işə çıxmaqla bağlı təhdid olunması haqqında iddialar əsassız və yersizdir. Bu barədə klinika rəhbərliyinə hansısa şikayət daxil olmayıb. İndiki həssas məqamda, koronavirusla mübarizə apardığımız bir dövrdə bu cür iddiaların mediaya ayaq açması təəssüf doğurur”.
Qeyd edək ki, sosial şəbəkələrdə klinikanın əməkdaşı olan və adı çəkilməyən şəxsin açıq müraciəti yayılıb. Bildirilir ki, klinikada dezinfeksiya işləri aparılmır və buna görə işçilərin bir çoxu virusa yoluxur. Bundan başqa, işçilərin iş günlərindən əlavə işə çıxması üçün təhdid edildiyi qeyd edilir.
Ən çox oxunanlar
Son xəbərlər