Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Brüssel oyunu və Azərbaycanın uğurlu taktiki gedişi

Baxılıb: 346     Tarix: 06-12-2021 13:20   

 Artıq bu sirr deyil ki, Ermənistanda Qərb tərəfindən hakimiyyətə gətirilən Paşinyan antirus siyasəti yürütməklə Ermənistanı Rusiyanın nəzarətindən çıxarmalı idi.
Ancaq Nikol Saakaşvilinin etdiyini də edə bilmədi və onu hakimiyyətə gətirənlərin ona göstərdikləri etimadı doğrultmadı. Baş verən bütün bu prosesləri düzgün qiymətləndirən Azərbaycan yaranmış münbit şəraitdən istifadə edib işğala son qoydu. Paşinyanın uğursuzluğuna görə onunla bağlı layihəsindən vaz keçən Qərb, ümumilikdə Ermənistan planından vaz keçmək niyyətində deyil. Məhz bu səbəbdən idi ki, zamanında Rusiyaya qarşı qoyduqları Paşinyanı ikinci Qarabağ müharibəsində və ondan sonrakı proseslərdə şimal qonşumuzun ayağına göndərdilər. Paşinyan isə öz növbəsində anladı ki, Rusiyasız mümkün deyil və özünün sələflərinin siyasətini davam etdirməsə də, ağasından tam üz döndərməyin Ermənistan üçün daha böyük faciələrlə bitəcəyini başa düşdü.
Bu proseslərdə dünyanın hər yerində olduğu kimi, ən böyük oyunçu olan və dünya erməni maşınının da ciddi təsirə malik olduğu Qərb əsas planını davam etdirmək üçün yenidən fəaliyyətə keçib. Ötən il Azərbaycanın qələbəsi və Ermənistanın isə acı məğlubiyyəti ilə bitən müharibədən sonrakı proseslərə əsasən etinasızlıq nümayiş etdirməklə Qərb Rusiyaya jestini, Ermənistana isə dərsini verdi. Proseslərin bir mərhələsində isə yenidən onun planının əsas icraçısı ola ATƏT-in Minsk Qrupunun həmsədrlərini təkrar baş verən hadisələrə cəlb etməyə cəhd etdi. Ancaq hadisələrin gedişatı ilə məntiqi ziddiyyət təşkil edən bu cəhd Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq təəccüblə qarşılandı. Həmin qrupda həmsədr dövlət olsa da, Rusiya tərəfi özünün addımları ilə bu məsələdə Azərbaycanın mövqeyini paylaşdığını nümayiş etdirdi. Ancaq Qərbin də böyük planından həmişə olduğu kimi, asanlıqla vaz keçmək niyyəti yox idi. Əvvəlcə Azərbaycana qarşı məntiqsiz və əsassız sənədlərin qəbuluna çalışsa da bunun gülünc və absurd olduğunu anladı. Daha sonra isə, Azərbaycan Prezidentinin həmsədrlər qarşısında hansı təkliflə çıxış etmək istədiklərinə dair sualı üzərində baş sındırmağa çalışdılar. Ermənistandan ərazilərimizə yerləşdirdikləri xəritələri Azərbaycana təqdim etməsini tələb etmək əvəzinə, bu amildən istifadə etmək qərarına gəldilər. Digər tərəfdən də, erməni diversiya qruplarının göndərilməsinə və onların əsir düşməsinə nail olmaqla özləri üçün humanitar missiya yaratmağa çalışdılar. Artıq ATƏT üçün mövzu yaradıldı və Azərbaycanı onun vasitəçiliyinə razı salmaq üçün “böyük qayıdış”a mane olan mina xəritələri ilə “şantaj” etməyə qərar verdilər.
Ancaq günlərin birində onun ərazilərinin parçalanmasına səbəb olan böyük planı 44 gün ərzində pozan Azərbaycan da bu prosesdə yalnız müşahidəçi deyildi. Heç bir təxribata uymadan və məkrli oyuna gəlmədən özünün haqlı və ədalətli siyasətini davam etdirirdi. 10 noyabr tarixinə planlaşdırılan üçtərəfli görüşdən imtina edib Brüsseldə görüş təşkil edərək orada “hərbi əsir” və mina xəritələrinin mübadiləsini təşkil etmək adı ilə ATƏT-in Minsk Qrupunu yenidən proseslərə cəlb etməklə bağlı Ermənistanın oyununu pozdu. Heç bir real və səmimi dialoqdan imtina etməyən Prezident İlham Əliyev münaqişədən sonra qalmaqda olan problemlərin həllində əsl platforma olan üçtərəfli Soçi görüşünün keçirilməsinə nail oldu. Təbii ki, bu proseslərdə Rusiyanın missiyasını və rolunu da danmaq olmaz. Prezident Vladimir Putin də bu məsələdə Ermənistan üzərindən hələ də təhlükəli oyunun oynanıldığını bilir və məhz ona görə idi ki, Valday beynəlxlaq diskussiya klubunda Qərbin Azərbaycan Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesində iştirakının lüzumsuz olduğunu dilə gətirdi. Bu bəhanəsi əldən çıxan Qərb münaqişənin ömrünü uzatmaq və ATƏT vasitəsilə yenidən proseslərə daxil olmaq üçün humanitar missiya variantına əl atdı. Çünki, hansı yolla olursa olsun proseslərə daxil olmaq və Azərbaycanın cəhənnəmə göndərdiyi “status məsələsi”ni oradan dartıb çıxartmağa çalışırlar. Otuz ilə yaxın prosesə heç bir töhfə verməyən ATƏT-in Minsk Qrupunun yenidən aktivləşməkdə əsas məqsədi məhz budur.
Azərbaycan tərəfinin proseslərə məntiqi yanaşması, praqmatik xarici siyasəti və uğurlu diplomatiyası yenidən sözünü deməkdədir. Stokholmdakı xarici işlər nazirlərinin görüşündə karyerasına Ermənistan Elmlər Akademiyasındakı qondarma soyqırımı muzeyində başlayan erməni nazirin təxribat edib görüşü pozması da Brüssel görüşünün vacibliyini artırmağa xidmət edirdi. Ancaq Azərbaycan tərəfi də fəaliyyətdədir və siyasi və diplomatik müstəvidə işini görür. ATƏT-siz də texniki xarakterli bir prosesin həyata keçirilməsinin mümkün olduğunu isbat etmək və “status məsələsi”nin yenidən gündəmə gətirilməsi ilə bağlı planı pozmaq üçün ağ kağız qədər dəyəri olmayan erməniləri xəritələr müqabilində təhvil verdi. Artıq ATƏT-in Minsk Qrupu adlı hələ ki, əhəmiyyətsizliyi və heç bir real fəaliyyəti ortaya qoymaması ilə yadda qalan qurumun yenidən proseslərə cəlb edilməsinə bəhanə qalmadı. Bəlkə də, elə Qərb üçün Brüssel görüşünün özünə də əsas qalmadı. Təbii ki, Azərbaycan tərəfi həmişə olduğu kimi, indi də istənilən formatda konstruktiv dialoqun tərəfdarıdır. Hətta Minsk Qrupunun da prosesə hansısa real bir problemin səmimi həllinə nail olmaq üçün cəlb edilməsinə qarşı deyilik. Müharibədən sonra gizləndikləri yerdən çıxıb, heç nə olmamış kimi Bakıya gələn həmsədrlərə Prezident Azərbaycanın rəsmi mövqeyini ifadə etdi. Bizə vasitəçiliklə bağlı real və postmünaqişə dövründə baş verənlərə müsbət təsir göstərəcək konkret təkliflər təqdim etmək lazımdır. Yoxsa təxribat xarakterli mövzuların gündəmə gətirilməsi və münaqişənin dirildilməsi məqsədilə gərginliyin artırılmasına imkan vermək niyyətimiz yoxdur. Məhz bu niyyətimizi açıq şəkildə bəyan etdiyimizə görədir ki, Azərbaycana qarşı əsasən xaricdən və bəzən də daxildən təzyiq və təsirlər də davam etdirilir. Bu prosesin bundan sonra da, hətta daha təhlükəli formalarda ediləcəyi də sirr deyil. Ermənipərəst dövlətlərin və təşkilatların dövlətimizə və onun rəsmilərinə qarşı müxtəlif iyrənc kampaniyalarının davam etdiriləcəyi və onların təşkilatçılığı ilə daxildə müxtəlif xarakterli iğtişaşların törədiləcəyi də istisna deyil. Hesab edirəm ki, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Ermənistan tərəfinə heç bir güzəştə getməməsi və keçmiş münaqişədən sonra qalmaqda olan problemlərlə bağlı prinsipiallıq və qətiyyətlilik nümayiş etdirməsi düşmənlərimizi və onların havadarlarını daha da qəzəbləndirir. Azğınlaşmaqda olan düşmənlərdən isə hər bir təhlükəli addımı gözləmək mümkündür.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov

  
Qanunvehedef.azшаблоны для dle 11.2