Gəncənin inkişafı göz qabağındadır
Baxılıb: 193 Tarix: 02-02-2022 12:07
Gəncə şəhərinin minilliklərlə dayanan tarixi var, bu şəhər hər bir azərbaycanlının qəlbində məxsusi yerə malikdir. Prezident İlham Əliyev də bunları vurğulayaraq, Gəncəyə xüsusi diqqət və önəm verir. Yanvarın 30-da ölkə başçısı İlham Əliyev 18 illik prezidentliyi dövründə 18-ci dəfə Gəncə şəhərinə səfər edib və bu səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibə verib.
Prezident İlham Əliyev qeyd edib ki, Gəncə Azərbaycanın ikinci şəhəridir və bu şəhərə diqqət həmişə yüksək səviyyədə olub. Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Şəhərdə enerji istehsalı gücü 220 meqavat olan 10 yarımstansiya həm yenidən tikilib, həm də əsaslı təmir edilib. Qazlaşdırma layihəsi tam icra edilib. İçməli su layihəsi icra edilir. Gəncəyə gedən yollar tam müasirləşdirilib. Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Həmçinin, Gəncə Beynəlxalq Hava Limanı uzun illər bundan əvvəl yenidən qurulub.
Ölkə başçısı Gəncə şəhərinə səfəri çərçivəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin lokomotiv deposu istismara verilməsində iştirak edib, Gəncə Memorial Kompleksinin təməlini qoyub və Gəncə İdman Sarayında tikinti işlərinin gedişi ilə tanış olub. Cənab Prezident həmin gün həmçinin şəhərin mədəni həyatında mühüm hadisə olan Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında iştirak edib. Bildirilib ki, Dram Teatrı çox möhtəşəm binadır və onun açılışı Gəncənin mədəni həyatını çox zənginləşdirir. Gəncənin hərtərəfli inkişafı ilə bağlı işlər görülür, o cümlədən parklar, xiyabanlar, istirahət və əyləncə zonaları yenidən qurulur. Görülən bütün bu işlər isə Prezident İlham Əliyevin yürütdüyü düzgün müəyyən edilmiş siyasətin nəticəsidir.
44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb və onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub. Bu vəhşilik nəticəsində 6-ı uşaq olmaqla 26 mülki vətəndaş həlak olub, xeyli yaşayış evi dağıdılıb, vətəndaşlarımızın əmlakına böyük zərər dəyib. Bu hərəkətlər hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Hadisənin unudulmaması, beynəlxalq ictimaiyyətə və gələcək nəsillərə çatdırılması üçün faciə qurbanlarının xatirəsinə Memorial Kompleksinin ucaldılması çox mühüm hadisədir.
Bu gün erməni lobbisi və diasporası bütün dünyada öz təbliğatını apararaq təxribat xarakterli təbliğatlardan əl çəkməyiblər və onu daha da gücləndiriblər. Azərbaycan Prezidentinin məhz belə vaxtda Gəncəyə səfər etməsi və Memorial kompleksinin təməlini qoyması ermənilərə bir ciddi sillədir. Bütün dünya ictimaiyyətinə də bir müraciətdir ki, Azərbaycan heç vaxt müharibə qaydalarını və beynəlxalq hüquqları pozmayıb. Bütün bunlara rəğmən ermənilər hələ də təcavüzkar siyasətlərini davam etdirir. Azərbaycan isə mövqeyini ortaya qoyur və bu iddialara cavab verir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər